Siyasət

XİN-dən Ermənistanın sərhəddəki təxribatları barədə AÇIQLAMA – FOTO

Sharing is caring!

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanla sərhəddə baş verən hərbi toqquşmalara münasibət bildirib.

Oxu.Az-ın məlumatına əsasən, L.Abdullayeva bu barədə özünün “Twitter” hesabında yazıb.

O, Ermənistanın sərhəddə hələ də təxribatlar törətdiyini xatırladıb.

“Bu, beynəlxalq hüququn və üçtərəfli bəyanatların şərtlərinin Ermənistan tərəfindən pozulmasıdır”, – deyə Leyla Abdullayeva əlavə edib.

Onun sözlərinə görə, təxribatlar davam edən normallaşma proseslərinə ziddir və Azərbaycanın yenidənqurma işlərinə mane olur.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.

Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər var.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir