Siyasət

Pyeter Taym: “Bu, “aktiv tədbirdir”, KQB-nin, hazırda isə FTX-nin köhnə üsuludur” – Estoniyadan ŞƏRH

Sharing is caring!

“Ukrayna Silahlı Qüvvələri Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsi təhlükəsini minimuma endirib. Bizi və bütün Avropanı Ukrayna ordusu xilas etdi”.

Bunu tanınmış estoniyalı politoloq Pyeter Taym beş aydan artıq davam edən Ukrayna müharibəsi və Baltikyanı ölkələrə Rusiyanın hərbi təhlükəsi ilə bağlı Xeberal.az-a şərh verərkən bildirib.

“Mən 20 ildir ki, müasir Rusiyanı və “putinizm”i öyrənirəm, bilirəm ki, ölkələrimizi işğal etmək planları var. Amma indi başqa şərhçilərin – Andrey Piontkovski, Aleksey Arestoviç və başqalarının sözləri ilə deyə bilərəm: Vəziyyət ancaq Ukrayna ordusunun inanılmaz cəsarəti sayəsində dəyişdi”, – deyə o əlavə edib.

Finlandiya və İsveç kimi neytral şimal ölkələrinin NATO-ya üzv olmaq qərarına gəldikdə isə politoloq bildirdi ki, uzun illərdir ki, finlandiyalılar, həmçinin isveçlilərlə şəxsi səviyyədə ünsiyyət qurur; onlar əvvəllər NATO-ya daxil olma ehtimalını anlayışsız və hətta aqressiya ilə qarşılayıblar.

“Onlar hesab edirdilər ki, ölkələrinin Şimali Atlantika Alyansına ehtiyacı yoxdur. İndi isə hər şey fərqlidir – finlandiyalılar və isveçlilərin qavrayışında tektonik dəyişikliklər baş verib. Fevralın 24-dən sonra necə qonşuları olduqlarını anladılar. Mən çox şadam ki, Finlandiya və İsveç özlərinə gəliblər”, – deyə Taym bildirib.

Rusiya Federasiyasının keçmiş prezidenti, hazırda RF Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarından sonra onlarla münasibətlərə yenidən baxacağı hədəsinə və hətta nüvə zərbəsi endirəcəyi təhdidlərinə gəlincə isə siyasətçi bunun “aktiv tədbir” olduğunu deyərək, KQB-nin, hazırda isə FTX-nin köhnə üsulu olduğunu vurğulayıb.

“Belə bir fikir təbliğ olunur ki, Kremldə hər an “qırmızı düymə”ni basmağa hazır olan dəlilər var və onların bütün şərtləri yerinə yetirilməlidir. Bu, qorxutmadır”, – deyə o izah edib.

Politoloq kürd terrorçuları və Kürdüstan Fəhlə Partiyasından olan radikallarla bağlı Finlandiyaya, həmçinin İsveçə müəyyən tələblər irəli sürən Türkiyənin mövqeyi barədə də münasibət bildirib. Qeyd edək ki, Ankara onların ekstradisiyasında israrlıdır, ancaq bundan sonra bu ölkələrin NATO-ya qəbulu təsdiqlənə bilər. Lakin Helsinki və Stokholm Ankara ilə memorandum imzalasalar da, bu şərtləri yerinə yetirməyə tələsmirlər…

Ekspert bunun çətin məsələ olduğunu deyib, bununla belə Stokholm və İsveçin NATO-ya üzv olmaq istəyinə görə Türkiyəyə tərəf addım atacaqlarını düşündüyünü bildirib.

“Amma Finlandiya və İsveç hökumətlərinə həsəd aparmıram, onlar özləri üçün çətin qərar qəbul etməlidirlər”, – deyə Taym əlavə edib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.