manset Siyasət

Bakıdan İrəvana: Qərar verin, ya sülh, ya da… – Sərt bəyanat

Avqustun 27-də Ermənistan Respublikasının xarici işlər naziri bu ölkə XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirib.

XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Bununla əlaqədar bir daha vurğulamaq istərdik ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaqdır. Bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir. “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır. Dinc nizamlanma çərçivəsində konkret addımlar isə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülüb və bu ilin 9 mart tarixli son bəyanatları da daxil olmaqla həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib.

Beynəlxalq miqyasda tanınmış multikultural cəmiyyətə sahib olan, çoxlu sayda müxtəlif etnik qrupların vətəni olan Azərbaycan dövləti, bütün əzəli azərbaycanlı əhalini hal-hazırda bu ölkənin yerləşdiyi ata-baba torpaqlarından qovan və üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində ən ifrat təzahürü Xocalı faciəsi olan dəhşətli etnik təmizləmə həyata keçirən monoetnik Ermənistanla heç bir müqayisəyə gələ bilməz.

Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir