manset Siyasət

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyevaya təbrik məktubu ünvanlayıb.

XəbərAl.az məktubun mətnini təqdim edir:

“Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz yüksək dövlət vəzifələrində çoxillik fəaliyyətinizlə həmvətənləriniz arasında layiq olduğunuz hörmət və böyük beynəlxalq nüfuz qazanmısınız.

Sizi Rusiyanın böyük dostu, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin prinsipial tərəfdarı kimi tanıyırıq. Əminəm ki, bu münasibətlər Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğun olaraq bundan sonra da məhsuldar şəkildə inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram. Ailənizə səmimi salamımı çatdırmağı xahiş edirəm”.

***

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə Sizə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Dost Azərbaycanın qarşısında duran irimiqyaslı sosial-iqtisadi vəzifələrin həllində Sizin mühüm rolunuzu xüsusi qeyd etmək istəyirəm. BMT-nin və UNESKO-nun xətti ilə böyük beynəlxalq mədəni və humanitar təşəbbüslərin həyata keçirilməsində Sizin fəal iştirakınız hörmət hissi doğurur.

Rusiya Federasiyasının yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyiniz Sizin Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizin təsdiqidir. Əminəm ki, çoxplanlı əməkdaşlığın gələcək inkişafı, bundan sonra da müxtəlif sahələrdə perspektivli birgə layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın maraqlarına tamamilə cavab verir.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram”.

***

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində Sizin səylərinizi yüksək qiymətləndirir. Sizin ictimai və mədəni-humanitar əlaqələrin inkişafına böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm, çünki məhz bunun sayəsində ikitərəfli qarşılıqlı fəaliyyət konstruktiv məcrada inkişaf edir.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük potensialı var. Bunu bizim bu yaxınlarda Bakıda keçirdiyimiz görüşlər və danışıqlar da təsdiq edib. Fəal parlamentlərarası dialoq aparılır, regionlararası əməkdaşlıq möhkəmlənir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yeni birgə təşəbbüslər və layihələrlə zənginləşəcək.

Sizə səmimi qəlbdən cansağlığı, rifah və ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsi işində uğurlar, ailənizə isə xoşbəxtlik və firavanlıq arzulayıram.

Sizə yüksək ehtiramımı qəbul edin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir