Siyasət

İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN BƏRPASINA VERİLƏN TÖHFƏLƏR

Türk xalqları ortaq tarixi köklərə və mədəni dəyərlərə malikdir. VIII Zirvə görüşü bunu bir daha parlaq şəkildə nümayiş etdirdi. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyənin həm hərbi-texniki, həm də siyasi dəstəyi olduqca qiymətlidir. Hazırda Türkiyə bu regionda sülhün qarantlarından biridir. Türkiyə hərbçiləri Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət mərkəzinin fəaliyyətində iştirak edirlər.

Türkiyəninbir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox önəmli infrastruktur layihələrində çalışırlar. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, – bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər.

İşğaldan azad olunmuş ərazilərdə yeni yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurularaq istifadəyə verilir. Türkiyə dövləti də bu işlərdə fəal iştirak edəcək, bölgədə məktəb, xəstəxana və digər sosial obyektlər inşa edəcəkdir. Cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı daha qətiyyətlə səsləndirdiyi fikirlər deməyə əsas verir ki, həqiqətən Türkiyə lideri Zəngəzur dəhlizinə bu bölgədə böyük bir əməkdaşlıq perspektivi açan layihə kimi baxır və bu layihənin gerçəkləşməsində sona qədər qətiyyətli olduğunu nümayiş etdirir. Qarabağın gələcək inkişafı Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxış əldə edəcək və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər.

Yeni türkdilli ölkələr platforması bütün bölgənin inkişafına xidmət edəcəkdir. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir. Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin gücünü – siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır. VIII Zirvə görüşü Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu arada bütün istiqamətlər üzrə verilən mesajlar Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvi şəkildə səsləşir.Aqil Nəzərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir