Siyasət

“Azərbaycan müraciət edib həmsədrlər institutunu ləğv etdirsin”

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Kəlbəcərin Susuzluq kəndində baş verən mina partlaması nəticəsində şəhid olan jurnalistlər və icra nümayəndəsindən danışıblar.

“XəbərAl.az” xəbər verir ki, spiker Sahibə Qafarova şəhid olanların ailələrinə başsağlığı verib. Deputat Jalə Əliyeva qeyd edib ki, iyunun 4-də dünyanın gözü qarşısında qanlı erməni vandalizmi yaşanıb: “Buna görə dünya günahkardır. Ermənistana “qaşın üstə gözün var” deyən yoxdur. Onlar Susuzluqda öz içlərini göstərdilər. Yenə də canları dəmir yumruq istəyir”.

Deputat Musa Qasımlı bildirib ki, bu, Ermənistanın terror dövləti olduğunun növbəti göstəricisidir: “Dünyada nəinki sözünə, hətta imzasına belə hörmət etməyən ölkə varsa, o Ermənistandır”.

Deputat Fəzail Ağamalı qeyd edib ki, Minsk qrupu bu faciəyə qiymət verməyib: “Ona görə də mən təklif edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi Minsk qrupuna müraciət etsin və həmsədrlər institutu ləğv edilsin”.

Deputat Elşən Musayev bildirib ki, bəzi beynəlxalq təşkilatlar bu gün hələ də susurlar: “Onlar heç nə danışmırlar. Söhbət o qurumlardan gedir ki, bəzən ən xırda məsələlər üzərindən dövlətlərin üzərinə şığıyırlar. Beynəlxalq hüquq bu gün özünü realizə etmir”.

Xatırladaq ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir