Siyasət

Prezident su israfı ilə bağlı qurumları tənqid etdi

“Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik”. 

“XəbərAl.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. 

Dövlət başçısı bildirib ki, artan subsidiyalar bunu bir daha göstərir: “Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir. Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri – kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir