Siyasət

Bütün türk xalqlarının tarixinə yazılan Zəfər dastanı

Sharing is caring!

Bütün türk xalqlarının tarixinə yazılan Zəfər dastanı

İşğaldan azad olunmuş ərazilərdə iyrənc erməni vandalizminin izləri qalıb. Orada bütün şəhərlər, kəndlər, tikililər, tarixi abidələrimiz dağıdılıb. Xarici və yerli jurnalistlər Ağdamı əbəs yerə Qafqazın Xirosiması adlandırmayıblar. Füzuli şəhərində bir salamat bina qalmamışdı ki, onun damında Azərbaycan bayrağı qaldırılsın. Qəbristanlıqlarımız şumlanıb, 60-dan çox məscidimiz viran edilib, yarısökülü məscidlərimizdə isə inək və donuz saxlayıblar.
Çox təəssüf ki, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olur və ya yaralanır. Bunun səbəbi odur ki, Ermənistan mina xəritələrini Azərbaycana vermir və bu, daha bir hərbi cinayətdir. Ona görə, minalardan təmizləmə işi daha çox vaxt aparır və bu işlər başa çatmadan köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytarmaq yeni faciələrə səbəb olar.
Bütün bunlara baxmayaraq Azərbaycan xalqının 44 günlük Vətən müharibəsini tam qələbə ilə başa çatdırması, öz ərazi bütövlüyünü bərpa etməklə 30 il həsrətlə gözlədiyimiz tarixi ədaləti bərpa etməsi qürurvericidir. Rəşadətli Ordumuz 300-dən çox şəhər və kəndi döyüşə-döyüşə azad etdi. Doğma, əziz Şuşamız noyabrın 8-də işğalçılardan təmizləndi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Əlbəttə, münaqişənin həllində qardaş Türkiyə önəmli rol oynadı, müharibənin ilk günündən-sentyabrın 27-dən bizə açıq şəkildə böyük dəstək verdi. Bu siyasi və mənəvi dəstək parlaq əks-hücum əməliyyatları keçirməyimizə, ən başlıcası isə hər hansı kənar qüvvənin məsələyə müdaxilə etməməsinə zəmin yaratdı.
Bu müharibənin gedişində bütün dünya onu da gördü ki, Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Faktiki olaraq Ermənistan ordusu bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Müzəffər Ordumuz isə Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədən, öz ərazimizdə düşmənə layiqli cavab verdi və bununla da bütün türk xalqlarının tarixinə Zəfər dastanı yazdı.

Vasif Məmmədov – Vətən müharibəsi iştirakçısı

Zəngəzur nəqliyyat dəhlizi bütün dünya qarşısında yeni perspektivlər açacaq

Bu il martın 31-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev deyib ki, Azərbaycanın ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğalda saxlayan Ermənistan bir milyondan çox azərbaycanlını öz doğma torpağından qovaraq qaçqın-köçkün vəziyyətinə salmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışdır. Ermənilərin 1992-ci ildə törətdikləri Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan, o cümlədən 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.
1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 28 ildə heç bir real nəticəyə nail ola bilmədi. Halbuki bu qrupa dünyanın aparıcı nüvə dövlətləri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri həmsədrlik edirdilər. Onlar işğalçıya təzyiq göstərsəydilər, sanksiyalar tətbiq etsəydilər, məsələ çoxdan sülh yolu ilə həll olunardı. Ermənistan bu yumşaq münasibətdən istifadə edib münaqişəni dondurmaq yolunu tutmaz, danışıqları imitasiya etməz, “Azərbaycana bir qarış da torpaq qaytarılmayacaq”, deməyə, bütün beynəlxalq qanun və normaları pozmaqla, qədim Azərbaycan şəhəri, mədəni paytaxtımız Şuşada qanunsuz xunta rejimi başçısının andiçmə mərasimini keçirməyə, bu şəhərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina tikməyə, bununla da Azərbaycan xalqını təhqir etməyə cürət etməzdi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, bu qətnamələr də icra olunmadı. Və Azərbaycan öz gücü ilə münaqişəni həlli edə bildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları Bəyanat əsasında isə digər rayonlarımız Azərbaycana qaytarıldı, məsələ hərbi-siyasi yolla həll olundu. Artıq Dağlıq Qarabağ adlı münaqişə və Dağlıq Qarabağ adında ərazi vahidi yoxdur. Azərbaycan tarixi Zəfər qazanıb və dağıdılmış ərazilərdə bərpa işlərini başlayıb.
Bütün bunlar isə yeni imkanlar, o cümlədən çox vacib olan nəqliyyat imkanları yaradıb və bu gün Zəngəzur dəhlizi üzərində çox fəal işlər aparılır. Ən başlıcası, qədim Azərbaycan torpağı Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, digər ölkələrə, həmçinin Ermənistana da əlavə imkanlar yaradacaq.

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru

Azərbaycanın və bütün türk xalqlarının tarixinə düşmüş Qələbə!

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilmiş qeyri-formal Zirvə görüşü türk dövlətləri arasında olan birliyin, bərabərliyin daha da inkişaf etməsinə təkan verəcəkdir. Belə ki, Türk dövlətlərinin birliyinin, bərabərliyinin daha da möhkəmlənməsinə xidmət edən bu Zirvə görüşündə müzakirə olunan əsas məsələlərdən biri də ölkəmizin 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan ərazilərinin azad edilməsi və qazandığımız tarixi Qələbə ilə bağlı idi.
Zirvə görüşündə çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın ərazimizin 20 faizini zəbt edərək, vətəndaşlarımızı amansızcasına öldürməsinə, 1 milyona yaxın həmvətənimizin məcburi köçkün olaraq öz dədə-baba yurdlarını tərk etməsinə, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmasına, insanlıq tarixinin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımına diqqət çəkərək qeyd etmişdir ki, erməni faşizmi tək Azərbaycan üçün deyil, dünyada sülhün bərqərar olması üçün də böyük təhlükə yaradır.
Mövcud Ermənistan hakimiyyəti bir daha beynəlxalq normaları kobudcasına pozaraq yeni ərazilərimizi ələ keçirmək üçün müharibəyə başladı. Lakin ermənilərin növbəti təxribatının qarşısı alındı və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən əzəli və əbədi torpaqlarımız düşmən işğalından həmişəlik azad olundu.

Cavid Məmmədov – fəal gənc

İşğaldan azad olunmuş ərazilər böyük geostrateji əhəmiyyətə malikdir
Azərbaycanın 44 günlük şanlı qələbəsi işğal olunmuş torpaqlarımızın geri qaytarılması ilə nəticələndi. Vaxtilə tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Zəngəzur  vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrimiz bərpa olunacaq. Zəngəzur dəhlizinin inşası nəinki Azərbaycanın, hətta regionun da geostrateji mövqeyində müsbət irəliləyişlər yaradacaq. Bu nəqliyyat dəhlizinin bərpası blokadaya alınmış Naxçıvanla Azərbaycanın quru əlaqələrinin bərpasına şərait yaradır. Naxçıvanın türk qapısı adlandırılması boş yerə söylənilməmişdir. Zəngəzur vasitəsilə Naxçıvandan keçməklə türk dünyası ölkələri arasında əlaqələr inkişaf edəcək. Bu dəhlizdə tək avtomobil yolu deyil, Naxçıvanla olan keçmiş dəmir yolu da bərpa olunacaq. Boru nəqliyyatı vasitəsilə neft və qazın Naxçıvandan keçməklə Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə Avropaya çatdırılması asanlaşacaq. Zəngəzur dəhlizi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Dəhliz vasitəsilə Naxçıvandan keçməklə orta Asiya və Avropa arasında əlaqələrin inkişaf etdirilməsi mühüm nəticələr verəcəkdir. Bu dəhliz tək Azərbaycan üçün deyil, Ermənistanın özü üçün də iqtisadi əhəmiyyətə malik ola bilər. Ermənistan düzgün siyasət yeritdiyi halda Türkiyə ilə əlaqələrinin qurulmasında bu dəhliz mühüm əhəmiyyət daşıya bilər.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Doqquz bəndlik bəyanat, orada əksini tapan müddəalar möhtəşəm qələbəmizin təqdimatıdır. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! 30 il düşmən tapdağında olan torpaqlarımız artıq öz tarixi sahiblərinə qayıdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Qarabağ bölgəsi sanki yenidən doğulur, canlanır, dirçəllir. Prezidentimiz cənab İlham Əliyev qətiyyətli idi, inanırdı ki, zəfər bizim olacaq. Biz qaniçən düşmənlərimizin işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşilikləri dünyanın nəzərinə çatdıracağıq.
Ali Baş Komandanımız 44 günlük müharibə dövründəki və şanlı qələbəmizdən sonrakı bütün müsahibə və müraciətlərində beynəlxalq ictimaiyyətin rəyinə böyük hörmət və ehtiramla yanaşdığını söyləyir və Azərbaycanın haqq işinin hamı tərəfindən dəstəklənəcəyinə inandığını bildirirdi. Bu inamın nəticəsi artıq göz qabağındadır. Təkcə türkdilli ölkələr, yaxın qonşularımız, müsəlman dövlətləri deyil, az qala dünyanın bütün ölkələri Azərbaycanın qələbəsini alqışlayır, son 30 ildə ərazilərimizin 20 faizini viranəyə çevirmiş terrorçu, təxribatçı, oğru, qarətçi, vəhşi xislətli düşmənlərimizi lənətləyirlər. Nəinki bu gün, bütün yüzilliklər boyu çoxəsrlik tariximizin bu şanlı səhifəsi daim qürur hissi ilə xatırlanacaq və qeyd ediləcəkdir.

Rafiq Məmmədov – Zərdab şəhər sakini, ağsaqqal

Erməni vandalizmi

Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var ki, o da vandalizmdir. Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin fərqindədir. Amma çox təəssüflər olsun ki, yenə də ermənilərin bu vandalizm əməllərinə göz yummaqda davam edir. Bu günümüzün real mənzərəsi budur ki, Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan 30 il o kor olan gözləri, kar olan qulaqları açdı, işğalçı Ermənistanı çökdürməklə ona havadarlıq edən dövlətlərə tarix, hüquq və hərb dərsi keçdik. Ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən özləri ilə apara bilmədikləri hər şeyi yandırır, məhv edirdilər. Müharibənin davam etdiyi günlərdə də təqdim olunan videogörüntülərdən onların bizim tarixi torpaqlarımızda bütün tikililəri tamamilə dağıtdıqlarını görərkən, hər kəs onların vandalizm hərəkətlərini pisləməklə yanaşı, bir daha bu reallığın şahidi oldu ki, 90-cı illərin əvvəllərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyindən, idarəçilik təcrübələrinin yoxluğundan, ordumuzun zəifliyindən bəhrələnərək torpaqlarımızı işğal edən ermənilər elə ilk anlardan bu ərazilərin tarixi sahibinin Azərbaycan olduğunu bildikləri üçün orada tikinti deyil, dağıntı işləri həyata keçiriblər.
Dövlətimizin başçısı cənab İlham Əliyev bu faktı xüsusi qeyd etmişdir ki, Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilmədik. Bu gün Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi.
Düşünürük ki, nəhayət, dünyanın 30 ildən sonra açılan gözləri, eşidən qulaqları ədalət meyarının bundan sonra bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq olunmasına yardımçı olacaq. Quldur, cinayətkar və terrorist bir ölkə – Ermənistan beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq.

Abbas Nağıyev – Çallı kənd sakini, ağsaqqal

ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir səmərə vermədi

1992-ci ilin martında Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda vəziyyəti müzakirə etmək və həlli yolunda addımlar atmaq üçün əsası qoyulan, 28 il fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda heç bir mənada ədalətli qərar qəbul etmədi. Uzun müddət danışıqların aparılmasına baxmayaraq ərazi bütövlüyümüzə edilən qəsdlərdə, milyona yaxın öz yurdlarından qaçqın düşmüş insanların həyatı üçün və regionun təhlükəsizliyi yönümdə  hər dəfə ikili standartla yanaşmış və münaqişənin uzanmasına səbəb olmuşdu.
Baxmayaraq ki, Azərbaycan Minsk qrupunun hər üç üzvü ilə yaxşı siyasi, iqtisadi  əlaqələrə malikdir, lakin məsələnin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləməmiş və qətiyyətli mövqe bildirməmişdilər. Məsələnin həlli istiqamətində uzun müddət danışıqlarda vasitəçilik edən Minsk qrupu hər zaman ermənipərəsət mövqe bildirmiş və hər cəhdlə ədalətsiz olaraq dolayısı yolla ermənilərin xeyrinə təkliflərini irəli sürmüşdülər.
Minsk qrupunun ədalətsiz, qərəzli, ikili yanaşmasını aydın bilən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir danışığın və razılığın olmayacağını həmsədrlərin diqqətinə çatdırmış və bir qarış olsun belə torpağın güzəştə gedilməyəcəyəni bildirmişdi.
Müzəffər Azərbaycan ordusunun 44 günlük müharibədə qazandığı şanlı qələbə tarixi ədaləti bərpa etdi və Minsk qrupunun qeyri- konstruktiv qərarlarına son qoydu.

Bəhruz Mustafayev – Vətən müharibəsi iştirakçısı

Azərbaycanlılara qarşı ermənilərin cinayəti

Ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən özləri ilə apara bilmədikləri hər şeyi yandırıb, məhv ediblər. Onların bizim tarixi torpaqlarımızda bütün tikililəri tamamilə dağıtdıqlarını görərkən, hər kəs onların vandalizm hərəkətlərini pisləməklə yanaşı, bir daha bu reallığın şahidi oldu ki, 90-cı illərin əvvəllərində torpaqlarımızı işğal edən ermənilər elə ilk anlardan bu ərazilərin tarixi sahibinin Azərbaycan olduğunu bildikləri üçün orada tikinti deyil, dağıntı işləri həyata keçiriblər.
44 günlük Vətən müharibəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunması zamanı bütün dünya Azərbaycanın tarixi, mədəni abidələrinə, məscidlərinə qarşı ermənilər tərəfindən vandalizm aktları törədilməsinin, flora və faunanın qəsdən və planlı şəkildə məhv edilməsinin şahidi oldular. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi, Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Düşməni çökdürməklə ona havadarlıq edən dövlətlərə tarix, hüquq və hərb dərsi keçdi. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə bölgədə yeni bir reallıq yaratmışdır. Bu reallığın baş qəhrəmanı müzəffər Ali Baş Komandanımız, şah əsəri qüdrətli Azərbaycan dövlətidir. Artıq ermənilər təkcə 30 ildə Qarabağda etdikləri vandalizm hərəkətlərinə görə yox, həm də son iki yüz ildə bütün tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı törətdikləri cinayətlərə görə cavab verməlidirlər və verəcəklər. Bu gün hər bir Azərbaycan vətəndaşı ömrünün ən xoşbəxt günlərini yaşayır, özünü xoşbəxt sayır. Çünki – güclü ordusu, müdrik, qətiyyətli, müzəffər Ali Baş Komandanı və parlaq gələcəyi olan müstəqil Azərbaycan dövlətinin vətəndaşıdır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Azərbaycan xalqına ən böyük dəstəyi Türkiyə verdi

2020-ci ildə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycan xalqı vahid bir yumruq kimi birləşdi. Şanlı ordumuz torpaqlarımızı düşməndən azad etdi. İllərlə masalarda həll oluna bilməyən məsələ Ali Baş Komandanın bir əmri ilə həll edildi. Azərbaycan haqq səsini dünyaya çatdırdı. Bu tarixi zəfərdə, qələbədə Türkiyə Azərbaycana böyük dəstək oldu. Azərbaycanın erməni işğalçılarına qarşı apardığı əks hücum əməliyyatlarına Türkiyənin dörd bir yanından dəstək gəldi. Dəfələrlə Türkiyə prezidenti Azərbaycan xalqına dəstək olduğunu bildirdi. “Qarabağ Azərbaycandır” dedi.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Rəsmi İrəvan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı

30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Təkcə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.
Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub. Münaqişə nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3889 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 871 nəfərin sonrakı taleyi məlum deyil.1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.1993-cü ildən qəbul edilmiş qətnamələr icrasız qalmışdı.
ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. İşğaldan azad olunmuş ərazilər böyük geostrateji əhəmiyyətə malikdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Münaqişənin həlli regionun inkişafı üçün yeni imkanlar yaradacaqdır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Ermənistan tərəfinin təxribatçı addımları, bəyanatları və hərəkətləri ilə müharibədən başqa çıxış yolu olmadığını sübut etdi

Azərbaycan 30 illik həsrətdən sonra nəhayət işğala son qoydu və Ermənistanı həm hərbi arenada, həm də siyasi arenada məğlub etdi. Təəssüf ki, münaqişənin hərbi yolla həll edilməsi qaçılmaz idi.  Çünki ermənilər torpaqlarımızı sülhlə vermək istəmir, danışıqları imitasiya məqsədilə aparır və sadəcə torpaqlarımızda möhkəmlənmək üçün vaxt qazanmağa çalışırdı.
ATƏT-in Minsk qrupu  ötən 28 il ərzində münaqişənin həllində heç bir rol oynamadı. Əslində, vasitəçilik problemi həll etməyə yönəlmiş fəaliyyətdir. Beynəlxalq hüquqda problemin həlli üçün hamı tərəfindən qəbul olunmuş konkret normalar var. Bu, ilk növbədə hər bir ölkənin tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpası məsələsidir. İkincisi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktının qeyd olunduğu digər başlıca sənədlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədir. Vasitəçilər isə “siz nəyə razılaşsanız, biz onu qəbul edəcəyik” fəlsəfi kimi neytral, yaxud laqeyd mövqe nümayiş etdirirdilər. Vasitəçilik missiyası və vəzifəsi özündə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsini ehtiva etməli idi. Təəssüf ki, biz həmsədrlərin fəaliyyətində bunu görmədik. Biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bununla yanaşı biz dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edərkən Dağlıq Qarabağa Ermənistan ərazisindən keçməklə səfər edirdilər. Hər dəfəsində də bu məsələni həmsədrlər texniki məsələlərlə əlaqələndirir, bu addımın heç bir siyasi məna daşımadığını irəli sürürdülər. Ancaq, nəzərə alınmalıdır ki, istənilən addımlarda müəyyən siyasi yük hər zaman qorunub saxlanılır. Belə qənaətə gəlmək olur ki, münaqişənin həll olunmaması ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü vəzifələrin öhdəsindən layiqincə gələ bilməməsinin aydın ifadəsi idi. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Vətən müharibəsində qələbəmiz regionda yeni reallıqlar yaradır

30 ilə yaxın bir müddətdə ərazilərimizin 20 faizinin erməni işğalında olması, əzəli və əbədi torpaqlarımız olan Qarabağın inkişafına mane olmaqla bölgədə sülhü və sabitliyi təhlükə altında saxlamışdır. Ermənistanın tutduğu mövqe, müxtəlif bəhanələrlə dəfələrlə danışıqlar prosesindən yayınmalar münaqişənin həllində çətinliklər yaratmaqla, ermənilərin işğalçı mövqedə olduqlarını bir daha bəyan etmiş, ardıcıl şəkildə törədilmiş təxribatlar torpaqlarımızın hərbi yolla işğaldan azad olunmasını şərtləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən 44 günlük əks-hücum əməliyyatlarının müvəffəqiyyətlə həyata keçirilməsi, zəfərimizin ən parlaq nöqtələrindən biri olan, neçə illərdir işğal altındakı torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan tarixi torpaqlarını işğaldan azad etməklə xüsusilə qonşu və region dövlətləri üçün yeni reallıqlar yaratdı. Yaranmış yeni reallıqlar region dövlətləri və dost ölkələr arasında münasibətlərin daha da inkişaf etməsində və yeni müstəviyə qalxmasında mühüm rol oynayacaq, Azərbaycanın gələcək dövrlərdə daha da inkişaf etməsinə zəmin yaradacaq.

İlkin Əliyev- Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi

Vətən müharibəsi düşmənə layiqli cavab vermək gücündə olan ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi

1988-ci ildən başlayaraq ermənilərin ölkəmizə qarşı ərazi iddiaları daha da güclənmiş və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsi işğal olunmuşdur. Bütün beynəlxalq qayda qanunlara, qəbul olunmuş qətnamələrə baxmayaraq ermənilər öz işğalçı mövqeyindən əl çəkməmişdir. İllərdir davam edən bu proseslə yanaşı müxtəlif vaxtlarda mənfur düşmənlərimiz tərəfindən ölkəmizin dinc yaşayış məntəqələrinə və hərbi mövqelərinə hücumlar edilmişdir. Növbəti belə cəhd 27 sentyabr 2020-ci il tarixdə baş verdi. Ermənistan ordusu beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycan mövqelərini atəşə tutdu. Belə olan vəziyyətdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən xalqımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə əks-hücum əməliyyatı həyata keçirilərək, işğal altında olan torpaqlarımızın azad edilməsinə başlanılmışdır. Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük bir hissəsini düşmən tapdağından azad etmiş, düşmən ağır məğlubiyyətə uğradılmış və məcbur olaraq digər ərazilərimizin təhvil verilməsi üçün kapitulyasiya aktına imza atmışdır. 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə sonlandı və bu qələbə istənilən vaxt öz ərazi bütövlüyünü qorumaq və düşmənə layiqli cavab vermək gücündə olan ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir