Siyasət

Gözün aydın, əziz yurdumuz KƏLBƏCƏR…

Sharing is caring!

Dəyərli soydaşlar!
Ulu Vətənin incisi olan Kəlbəcər vandal, vəhşi qəbilədən azad edildi.  Zəngin təbiəti və yeraltı sərvətləri, tarixi abidələri, saf insanları ilə fərqlənən Dədə Şəmşirin yurdu bu gün sevinc içərisindədi. Olduqca ciddi strateji əhəmiyyət kəsb edən Kəlbəcər yırtıcı ermənilərdən ilk böyük zərbəni 1992-ci il aprelin 8-də aldı. Böyük Silahlı qüvvə ilə rayonun Ağdaban kəndinə hücum edən düşmən, kəndin 130 evinə od vurdu, 67 nəfər qəddarlıqla qətlə yetirildi, Dədə Şəmşirin zəngin arxivi və əlyazmaları vəhşicəsinə məhv etdi. 1993-cü ilin aprelində isə Kəlbəcər erməni barbarlarının və Azərbaycanın milli satqınlarının qurbanına çevrildi. Minlərlə soydaşımız faciəli şəkildə, piyada, ancaq canını yağı düşməndən qurtarmaq, sağ qalmaq ümidilə qarlı dağlardan, keçilməz təbii sədlərdən aşaraq, min bir əzabla didərgin düşdü, bütün Azərbaycan boyu səpələndi və ağır duruma düşdü. Sərvətlərini, abad evlərini, ev əşyalarını, geyimlərini belə, özlərilə götürə bilməyən soydaşlarımız sınmadı, əziyyətdən əyilmədi, qürurunu itirmədi, ən çətin günlərində belə, dövlətçiliyimizlə bərabər oldu, onun himayəsi altında çətinliklərinə sinə gərdi. Dövlətimiz gücləndikcə kəlbəcərlilərin həyat səviyyəsində əhəmiyyətli dəyişikliklər yarandı, onlar üçün şəhərciklər salındı, bütün məcburi köçkünlər kimi, onlar da prezidentimizin diqqət mərkəzində oldular. Lakin dəyərli soydaşlarımız doğma yurda, müqəddəs torpaqlarına qayıtmaq istəyini bir an belə unutmadılar, nisgillərini şeirlərdə, aşıq havalarında, toxuduqları xalçaların ilmələrində ifadə etdilər və ümidlərini itirmədilər, gün-günü əvəz etdikcə, cənab prezidentin qətiyyətini izlədikcə ümidləri inama çevrildi.
Nəhayət, bütün xalqımızın və Kəlbəcərli yurddaşlarımızın sevincinin təntənəsi olan 25 Noyabr 2020-ci il Dünya erməniliyi üzərində Azərbaycanın növbəti qələbəsi kimi tarixləşdi.
Ən müxtəlif ölkələrdən gətirilərək, qanunsuz olaraq Kəlbəcərə yerləşdirilən bu vəhşi tayfa, onun meşələrinə, yurddaşlarımızın əllərinin zəhmətilə tikilən evlərinə od vuraraq, görünməmiş yırtıcılıqlarını bir daha nümayiş etdirdilər. Kin-küdrətin, vəhşiliyin, xəbislik və hikkənin göstəricisi olan bu vandalizm xalqımızın sevincinə, onun Gəncədə, Bakıda və bütün ölkə miqyasında böyük coşqu ilə keçirilən təntənəli yürüşünə, bayram ovqatına zərrə qədər təsir göstərmədi.
Möhtərəm, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və qətiyyəti, ordumuzun qəhrəmanlığı işğal edilmiş daha bir yurdumuzu – Kəlbəcəri Vətənə qovuşdurdu. Gözün aydın, bütövləşən Azərbaycan, gözün aydın, Möhtərəm Cənab Prezident, Ali Baş Komandan, gözün aydın, dağlar qoynunda övladlarını həsrətlə gözləyən Kəlbəcər!
 
Fəzail Ağamalı,
Millət Vəkili,
Ana Vətən Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir