Siyasət

Bu əməliyyatla Bakı müharibəni bitirəcək – Brayza

Sharing is caring!

Müharibə siyasətin davamıdır. Yəni siyasi həqiqətləri formalaşdırmaq üçün hərbi güc tətbiq olunur. Və Azərbaycan bunu parlaq şəkildə etdi.
Bu sözləri Axar.az-a açıqlamasında keçmiş ABŞ səfiri Metyu Brayza erməni tərəfinin üçüncü razılaşdırılmış humanitar atəşkəsi pozması haqda danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistanın atəşkəsi pozması təəccüblü deyil:
“Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa etmək üçün bu günə qədər tədbirli və yüksək effektiv hərbi strategiya nümayiş etdirib. Düşünürəm ki, indi qarşıda həlledici məqam gəlir. Azərbaycan Laçın dəhlizinə nəzarət etməyə çalışır və döyüşləri davam etdirdiyi ərazi çox çətin, dağlıq ərazidir. Və Ermənistan qüvvələri buna hazırlıqlıdır. Ancaq düşünürəm ki, Azərbaycan irəliləməyə davam edəcək və Azərbaycan Laçın dəhlizinə nəzarəti ələ alandan sonra müharibənin hərbi mərhələsi sona çatacaq. Çünki Azərbaycan bundan sonra müharibəni dayandırıb Dağlıq Qarabağı mühasirəyə ala bilər. Bu isə o deməkdir ki, Ermənistandan Dağlıq Qarabağa təchizat gətirmək üçün heç bir yol qalmayacaq. Beləliklə, Azərbaycan özünü danışıqlar baxımından son dərəcə güclü bir vəziyyətdə tapacaq. Əlbəttə ki, bu danışıqlar siyasi xarakter daşıyır. Hər bir müharibə siyasi nəzəriyyəçi Karvon Klosovitsin bizə 19-cu əsrdə öyrətdiyi kimi siyasi danışıqlar yolu ilə həll olunur. Müharibə siyasətin davamıdır. Yəni siyasi həqiqətləri formalaşdırmaq üçün hərbi güc tətbiq olunur. Və Azərbaycan bunu parlaq şəkildə etdi”.
Brayza müharibədən sonrakı ilkin mərhələdə hansı addımların atılmalı olduğundan da danışıb:
“Tezliklə Azərbaycan müharibənin hərbi mərhələsini dayandıra və son dərəcə güclü mövqedən siyasi mərhələyə – Dağlıq Qarabağın və ətraf 7 rayonun Azərbaycanın suverenliyi və nəzarəti altında – keçə biləcək. Azərbaycan, həmçinin Dağlıq Qarabağdakı erməni sakinlərinin özlərini təhlükəsizlikdə və əmin-amanlıqda hiss etmələrinin təminatçısı olmaqla yanaşı Azərbaycan vətəndaşlarının da öz keçmiş evlərinə qayıtmasını təmin etməlidir. Azərbaycanın beynəlxalq birliyin dəstəyini qazanması lazımdır. Beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq ona görə önəmli olacaq ki, Azərbaycan Dağlıq Qarabağ və ətraf 7 rayon ərazisində yenidənqurma işlərini aparmaq üçün maliyyə imkanları əldə edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir