Siyasət

Mehriban Əliyeva qanvermə aksiyasında könüllü olaraq iştirak edənlərə təşəkkür etdi – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkür edib.

Birinci vitse-prezident bununla bağlı öz “İnstagram” profilindən paylaşım edib.

O, könüllü qan verənlərə səslənərək bunları yazıb:

“Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir. Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır.

İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm.

Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir