Siyasət

Azərbaycan Mirzoyana cavab verdi: “Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb”

Sharing is caring!


“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir. Ararat Mirzoyanın açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib.

Ayxan Hacızadə xatırladıb ki, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına, bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub.

“Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb. Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə, sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır”, – deyə o əlavə edib.

Ayxan Hacızadə Mirzoyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı təklifinə də cavab verib.

O bildirib: “Bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur. Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. 

Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək.

Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır”.  

Ayxan Hacızadə deyib ki, Azərbaycan bir daha, Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırırır.

“Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır”, – deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “Al Qahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla danışıqlardan bəhs edib.

Mirzoyan Azərbaycanın Ermənistana qarşı ərazi iddiası ilə çıxış etdiyini bildirib.

Mirzoyanın sözlərinə görə, Ermənistan təklif edir ki, silahlı birliklərin sərhədyanı ərazilərdən geri çəkilməsi, etimad və təhlükəsizlik mexanizmi kimi silahsızlaşdırılmış zonanın yaradılması lazımdır.

O, Qarabağda erməni əhalinin təhlükəsizliyi üçün beynəlxalq mexanizm yaradılmasını da təklif etdiklərini deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir