Siyasət

Yalçın Hacızadə: Prezidentin Əsas Prinsipləri

Sharing is caring!

Prezident seçkilərindən sonra elan olunmuş, dövlətin və cəmiyyətin bütün sahələrinində uğurla həyata keçirilən əsaslı islahatlar, seçkilər vasitəsilə Milli Məclisin tərkibinin də yenidən formalaşması zərurətini yaratmışdır.
Fevralın 9-da keçirilmiş seçkilər əsasında formalaşmış VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı parlamentlə yanaşı digər hakimiyyət qolları o cümlədən də bütün cəmiyyət üçün yol xəritəsi funksiyasını özündə ehtiva etdi. Çıxışda görülmüş və görülməsi nəzərdə tutulan işlərin geniş konsepsiyası ortaya qoyuldu.
Prezident ölkədə aparılan islahatların həm konseptual, həm də struktur xarakteri daşıdığını, ölkədə həyata keçirilən kadr islahatları, Prezident Administrasiyası və Nazirlər Kabinetinin yenidən formalaşdırılması istiqamətində atılan addımları və onun məqsədini açıqladı.
Məmurlara qarşı sərt tələbini və məmur olmaq istəyən şəxslərin keyfiyyət göstəricilərini müəyyən edərək “qanun pozuntusuna yol verən məmurların sərt şəkildə cəzalanacaqlarını, dövlət qulluğuna girmək istəyənlərin təmiz, vicdanlı olmasının vacibliyini, əks halda “özlərini bədbəxt edəcəkləri” barədə xəbərdarlığını açıq şəkildə elan etdi. Əlbəttə, biz, Prezidentin bu xəbərdarlığını daha əvvəllərdə görmüş və nəticədə bəzi yolunu azmış məmurların DTX-nın əməliyyatları ilə özlərini necə bədbəxt etdiklərinin şahidi olmuşuq.
Prezident, cəmiyyətin həyata keçirilən yeni islahatlar sistemində iştirakının önəmini, ictimai nəzarətin gücləndirilməsinin vacibliyini və bununla bağlı bu zamana qədər həyata keçirilmiş işlər barədə məlumat verdi. Əvvəllər vətəndaşların hər hansı mövzu barədə şikayətlərinin bir qayda olaraq şikayət edilən məmurlara göndərilirdiyinin nöqsan olduğunu, şikayət edənin də həmin məmur tərəfindən əzildiyi haqqında məlumata malik olduğunu, elə ona görə də bu sistemdə də dəyişiklik edildiyini açıqlayır. Dövlət başçısı qeyd etdi ki, əvvələr vətəndaşların şikayətləri ondan gizlədilib. Bu dəyişikliklə Prezident cəmiyyətin islahatlar prosesində iştirakına yaranan maneələri aradan qaldırdığını bildirərək, vətəndaşlardan bu sahədə aktiv olmalarını, gördükləri və qarşılaşdıqları qanunsuzluqlar barəsində ona məlumat ötürmələrini, qanunun aliliyinə söykənən, sivil dövlət və cəmiyyətin bu şəkildə yaradıla biləcəyini önə çəkmişdir. Prezident “verin bu məlumatı, göndərin məktubları, indi Prezident Administasiyasında tam başqa bir vəziyyət var” müraciəti ilə vətəndaş – dövlət tandemini xüsusi olaraq vurğuladı.
Cəmiyyətdə yarana biləcək qütbləşmənin və narazılıqların qarşısının alınması, siyasi mühitin sivil səviyyəyə qaldırılması üçün hakimiyyətlə siyasi partiyalar arasında həyata keçirilən siyasi dialoqun da layihə rəhbəri Prezidentin özüdür. Bununla yanaşı Milli Məclisin və onun rəhbərliyinin çoxpartiyalılıq əsasında formaşalmasının Prezidentin siyasi görüşünün məntiqinə uyğundur.
Ermənistan Azərbaycan Dağlıq Qarabağ məsələsinə toxunaraq Münhendə keçirilən görüşdə erməni Baş nazirinin düşdüyü ağır vəziyyətin Ermənistan cəmiyyətində doğurduğu rezonansdan, ermənilərin tarixi faktları necə saxtalaşdırdıqlarından, bu saxtakarlığın qarşısını almaq üçün əlimizdə kifayət qədər hüquqi sənədlərin olduğunu da vurğuladı. Qarabağın tarixi Azərbaycan torpağı olmasını və bunu sübut edən ən vacib hüquqi sənədlərdən olan Kürəkçay sülh müqaviləsinin əhəmiyyətinə işarə edərək bildirdi ki, bu istiqamətdə bütün dövlət orqanlarının beynəlxalq təşkilatlarla iş aparmalı, dünyaya Azərbaycan həqiqətləri çatdırılmalıdır.
Prezidentin çıxışı ölkənin iqtisadi-siyasi mənzərəsindən tutmuş aparılan islahatlara, həyata keçirilən daxili və xarici siyasətə, dövlətimizə qarşı təhdidlərə, beynəlxalq təşkilatların ikili standartlarına qədər məsələləri özündə əks etdirirdi.
Ölkə başçısı Milli Məclisin yeni tərkibi parlamentin ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların sürətləndirilməsi işinə, vətəndaş cəmiyyətinin daha möhkəm formada qurulması, xalq və dövlət münasibətlərinin inkişafının etdirilməsi üçün öz töhfəsini verəcəyinə əmin olduğunu və deputatların beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələri, qanunlar qəbul olunarkən, iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasətini nəzərə alınmasının vacibliyini ciddi vəzifə kimi qarşıya qoydu.
Əlbəttə, çox sevindirici və bir vətəndaş kimi də qürurlandırıcıdı ki, Dövlət başçısının bütün sahələr üzrə doktirinal planı və bu planı uğurla həyata keçirəcək güclü siyasi iradəsi və arzusu vardır.
Başqa sözlə:
– Prezident bütün təhlükələri, mümkün təzyiqləri gözə alaraq, dünyada supergüclərin öz maraqları naminə qlobal nizamı pozan addımlarına etirazını açıq formada ortaya qoyur, Türkiyənin haqqını bir daha açıq mətnlə müdafiə edir;
– Prezident Kürəkçay müqaviləsini xatırlatmaqla, onun yaratdığı rezonansı və deməli, bu istiqamətdə ziyalıların aktivləşməsini istəyir;
– Prezident Avropa qurumları ilə işləyən deputatların daha cəsarətlə dövlətimizin, xalqımızın maraqlarını qorumasını və nəyinsə xatirinə güzəştə gedilməməsini tələb edir;
– Prezident millət vəkillərini beynəlxalq qurumların toplantılarına “turist kimi” təmsil olunmağa deyil, ölkəmizin milli maraqlarını qorumaq üçün getməyi tövsiyə edir və bəzi məqamların ona bəlli olduğunu bildirir, bunlara etirazını üstüörtülü şəkildə çatdırır və hamını daha məsuliyyətli olmağa çağırır;
– Prezident hamını ayıq olmağa çağırır, yeni “beşinci kolon” yaradılması istiqamətində iş aparıldığını açıq şəkildə elan edir;
– Prezident iqtisadi inkişafın daimi olması üçün Nazirlər Kabinetinin fəaliyyətini nəzarətdə saxladığını bildirir və deputatlardan da nəzarəti artırmağı tələb edir;
– Prezident hakimiyyətin digər “ayağı” – qanunverici orqanla PA-nın əlaqələrinin inkişaf etməsini istədiyini ortaya qoyur, bunun üçün yeni şöbənin yaradıldığını bildirir və təkliflər gözləyir;
– Prezident qanunvericilik sahəsində kəmiyyət deyil, keyfiyyətin əsas götürülməli olduğunu diqqətə çatdırır;
– Prezident qəbul edilən qanunların icrasından narazılığını dolayısı ilə ifadə edir və deputatlardan, o cümlədən PA-nın müvafiq qurumlarından buna nəzarət tələb edir;
– Prezident sosial dövlət olduğumuzu, hakimiyyətin sosial siyasət apardığını xatırladır, bu istiqamətdə qanunverici bazanın təkmilləşməsini istəyir;
– Prezident gənclərə nə qədər böyük ümidlər etdiyini ifadə edir, gənc nəsilə – rüşvətdən, korrupsiyadan uzaq olan yeni azərbaycanlılara güvəncini ortaya qoyur və onların daha düzgün yetişməsi üçün millət vəkillərinin üzərinə məsuliyyət düşdüyünü elan edir və s.
Bitib-tükənməyən, bir yazıda əhatələnməsi mümkün olmayan ismarışlar, mesajlar, çağırışlardır Prezidentin bu nitqi; iş tələbidir, ölkəmizin gələcəyi üçün hamını səfərbər etmək təşəbbüsüdür…
Prezidentin nitqini oxuyarkən qürur duymamaq mümkün deyil: bu qədər çoxfunksiyalı, çoxşaxəli bir liderlə fəxr etməmək mümkün deyil. Ölkəni, dövləti və xalqını sevən belə bir lider nadir hallarda yetişir.
Ancaq narahat olmamaq, Prezidentin ifadə etdiklərinin altındakı dərinliyi görməmək də mümkün deyil.
Nəyə görə Kürəkçay müqaviləsini Prezident gündəmə gətirməli, ancaq bizim ziyalılar hətta Prezident bunu elan edəndən sonra belə bu istiqamətdə araşdırmalarını yaymamalı, açıqlamalar verməməlidir?
Nəyə görə Ermənistanın Respublikaçılar Partiyasının gerbindəki faşist simvolunun Hitler Almaniyasının simvolu ilə eyni olduğunu Prezident deməli və bunun ardınca ziyalılarımızın geniş araşdırmaları tirajlanmamalıdır?
Nəyə görə dünyadakı qaçqın axınları, Avropada aksiya iştirakçılarının at ayaqları altında qalmasını Prezident bir daha (İlk dəfə Çavuşoğlu ilə görüşdə demişdi) gündəmə gətirməli və bu mövqe deputatlarımızın simasında inkişaf etdirilməməlidir?
Prezident açıq şəkildə elan edir: elə məsələlər var ki, onu Prezident deməməlidir!
Kimin deməsinin lazım olduğuna da Prezident işarə edir.
Bəs, hanı, niyə yoxdur? Niyə bir neçə gün keçməsinə baxmayaraq, bu mövqelər ortaya qoyulmur?
Əlbəttə, MM yeni formalaşıb, strukturlaşma gedir və ümid edək ki, danışan dillərimiz artacaq, beynəlxalq tribunalardan maraqlarımızın ifadəsi üçün səslərimiz çoxalacaq.
Ümid edək ki, alimlərimiz, ziyalılarımız bu istiqamətdə milli siyasətin, milli maraqların aparıcısı olacaqlar və nəhayət, Prezidentin hər zaman hədəf olmasına razı olmayacaqlar – bəzi məqamlarda hədəf olma missiyasını öz üzərlərinə götürəcəklər.
Prezident hətta buna da işarə etdi və açıq şəkildə dedi:
“Bəzi səfərlər, ümumiyyətlə, qəbuledilməzdir. Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir. Ona görə biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır”.
Prezident çıxışında Ermənistanın tarixi faktları saxtalaşdırmasını da qeyd edərək 1805-ci il Kürəkçay müqaviləsinə istinad etdi. Tövsiyə olaraq da bildirdi ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Kürəkçay müqaviləsi öyrənilsin, hətta bu müqavilə haqqında kitabçanın hazırlanmasının da faydalılığından danışaraq qeyd etdi ki, bu müqaviləni yaxından öyrənilməsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin vaxtını yaxınlaşdırardı.
“Bu tarixi müqaviləni oxuyan hər kəs görür ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu müqaviləni bir tərəfdən Qarabağ xanı İbrahimxəlil xan, digər tərəfdən isə Qafqazdakı rus qoşunlarının baş komandanı Sisianov imzalamışdı. Prezident İlham Əliyevin sözləri ilə desək, Kürəkçay müqaviləsində erməni xalqı toplumu haqqında bir cümlə belə yoxdur. Prezidentin toponimlərlə bağlı sözləri tam həqiqəti əks etdirir. Bununla bağlı xəritələrə və internet resurslarına baxmaq kifayətdir ki, Ermənistan tərəfi bu həqiqətlərlə tanış olsun. Məsələn, Yeğeqnadzor, onun əzəli adı Keşişkənddir, Razdan çayı, əzəli adı Zəngi çaydır, Sevan gölü isə tarixi Azərbaycan gölü olan Göyçə gölüdür.
Prezident öz çıxışında Ermənistanın Respublika Partiyası ilə də bağlı məsələlərə toxunub. Uzun müddət Ermənistanda hakimiyyətdə olan Respublika Partiyasının gerbi faşistlərin gerbi ilə eynilik təşkil edir. Ermənistan XİN-in şərhində isə bu məqama yer verilmir və onun üzərindən sükutla keçilir. Ermənistanda keçmiş hakimiyyət nümayəndələrini, bu ölkənin sabiq prezidentlərini istintaqa cəlb ediblər, həbs ediblər. R.Köçəryan bir ildir ki, bir sıra ittihamlarla həbs olunub, S.Sarkisyana qarşı isə korrupsiya ittihamları irəli sürülüb. Əslində, bu iki şəxs 1992-ci ildə törədilmiş Xocalı soyqırımına və insanlıq əleyhinə cinayətə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bir sabiq prezidentin həbs olunması, digərinə qarşı ittihamların irəli sürülməsi və bundan sonra demokratiyadan danışmaq gülüncdür və ikrah doğurur. Bu günlərdə isə Ermənistan hökumətinin rəhbəri tərəfindən Konstitusiya Məhkəməsinin hakiminə bir bahalı qələmə görə ittihamlar irəli sürülüb və ölkədə ümumxalq referendumu keçirilir. Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən bu siyasət əslində demokratiyanın mahiyyətilə tam zidiyyət təşkil edir.

Yalçın Hacızadə
Ana Vətən Partiyası sədrinin Hüquq məsələləri üzrə müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir