Siyasət

POLİSLƏR HƏYATINI XİLAS ETDİ

“İşdən evə gəlirdim. Evə yaxınlaşanda gördüm ki, pəncərədən tüstü çıxır. Çox qorxdum və dərhal polisə zəng etdim ki, köməyə gəlsinlər. Az bir müddət ərzində polis əməkdaşları özlərini yetirdilər. Mən onlara oğlumun içəridə olduğunu bildirdim və polislər dərhal evə daxil olaraq huşunu itirmiş oğlumu oradan çıxardılar, ona ilkin tibbi yardım göstərdilər. Digər polislər evimdə başlamış olan yanğını söndürdülər. Allah onlardan çox razı olsun! Onlar buraya gec gəlsəydilər övladım həyatda olmazdı, evim də yanardı. Mən Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyinə, kollektivinə minnətdaram! Mənim övladımı ölümdən qurtardılar”. -Bunu Şirvan şəhər sakini Cəmilə Süleymanova deyir.
Yanğın günü evdə huşsuz vəziyyətdə qalan İlqar Süleymanov hadisəni belə xatırlayır. “Evə gəldim, bir az yorğun idim. Yuxu tutub yatmışam. Bir az keçdi evdə olan pişiyin səsinə ayıldım ki, ev yanır və tüstüdən heç nə görünmürdü. İstədim ki, çölə çıxım amma özümdən getdim. Daha heç nə xatırlamıram. Ayılanda gördüm ki, artıq çöldəyəm və polis işçisi mənə tibbi yardım göstərir. Mən bu gün həyatdayamsa bunu polis işçilərinə borcluyam. Şirvan polisinin bütün kollektivinə öz minnətdarlığımı bildirirəm! Mənim yaşamağıma, evimizin yanmamağına səbəbkar onlardır. Biz polisimizlə fəxr etmişik ki, onların hesabına rahat yatırıq. Hadisə günü mən bir daha şahid oldum ki, biz polisimizə arxayin ola bilərik. Canımızı, malımızı, mülkümüzü Azərbaycan Polisinə əmanət edə bilərik. Hər bir polis əməkdaşına təşəkkürümü bildirirəm!
Hadisə baş verən zaman Şirvan Şəhər Polis Şöbəsində xidmət aparan əməliyyat-istintaq qrupunun üzvləri polis baş leytenantı Nicat Ələkbərov, polis kapitanı Abbas Rəcəbli, polis serjantları Tural Şəmmədov və Yunis Abışov yanan mənzildən İlqar Süleymanovu çıxararaq ona ilkin tibbi yardım göstəriblər və yanğının miqyasının genişlənməsinin qarşısını alıblar.
Hazırda İlqar Süleymanovun səhətində heç bir problem yoxdur. Xilaskar polis əməkdaşlarına onu yenidən həyata qaytardıqlarına görə öz dərin təşəkkürünü bildirib.