Siyasət

Növbəti erməni təxribatı ilə bağlı – Çağırış

Qarabağ Azadlıq Təşkilatı (QAT) işğalçı Ermənistanın növbəti təxribat cəhdləri ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, təşkilat yaydığı bəyanatda Ermənistanın həyasız təxribatları ilə bağlı müraciət edib:

“Ermənilər Rusiyanın paytaxtı Moskva şəhərində “Mistik ölkə – Aran” adlı “sənədli filmin” nümayişini keçirmək istəyiblər. Həmin saxta film barəsində əldə olan ilk məlumatlara görə, Azərbaycanının tarixi saxtalaşdırılır, tarixi Azərbaycan torpaqlarında guya “erməni dövləti”nin mövcud olması ilə bağlı yalan təsəvvür yaratmağa, Alban məbədləri erməni kilsələri kimi təqdim etməyə cəhd göstərilir. Bu, artıq erməni həyasızlığının son həddi kimi dəyərləndirilmədir. Ermənilərin bu cəhdlərinin qarşısının alınması üçün Rusiyanın paytaxtı Moskva şəhərində, digər regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarımız fədakarlıqla çalışırlar. Onlara bu vətənpərvər mövqelərinə görə təşəkkür edirik. Amma bu erməni həyasızlığının qarşısının tam alınması üçün Azərbaycan və Rusiya dövlət rəhbərləri səviyyəsində təsirli tədbirlərin görülməsi vacibdir. Azərbaycan və Rusiya arasında həmişə düşmənçilik meyilləri yaratmağa çalışan ermənilərin növbəti dəfə öz məkrli niyyətlərini həyata keçirməsinə imkan verilməməlidir”.

Bəyanatda ermənilərin digər təxribatlarının Şuşa qalasının divarları ilə bağlı olduğu qeyd edilib.

“Mətbuatda gedən məlumatlara görə, ermənilər qala divarlarını “restavrasiya” etmək istəyirlər. Aydındır ki, restavrasiya adı altında saxtalaşdırma yolu ilə bu tarixi Azərbaycan abidələrini də erməniləşdirmək istəyirlər.

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, bir daha beynəlxalq təşkilatlara, Rusiya və digər ölkələrin rəhbərlərinə müraciət edir, erməni təxribatlarının qarşısının alınması üçün təsirli addımlar atmalarını tələb edirik”, – müraciətdə bildirilib.