Siyasət

“Putin Paşinyanın gözlədiyi cavabı verməyəcək” – ŞƏRH

Sharing is caring!

“Vladimir Putin Cənubi Qafqazda Azərbaycanın maraqlarını və Azərbaycanın Türkiyə ilə müttəfiq olmasını nəzərə almalıdır. Çünki bu gün Rusiya dünyadan təcrid olunub, qərbin sanksiyaları ilə üz-üzədir. Azərbaycanı itirmək Türkiyəni itirmək deməkdir. İki mühüm strateji əhəmiyyətli ölkəni itirmək isə indiki halda Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də Putin Paşinyanın gözlədiyi cavabı verməyəcək. Bundan əlavə, son dönəmlər Paşinyanın qərbə meyil etdiyini görür və baş verənlər Putinin ürəyincə deyil. Rusiya prezidentinin son hadisələri nəzərə alaraq ehtiyatlı davranacağı qənaətindəyəm”.

Bu sözləri Xeberal.az-a Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda baş tutan sammitini şərh edən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, siyasi ekspert Sultan Zahidov deyib. O qeyd edib ki, KTMT-nin İrəvandakı sammitdə bir sıra mühüm məsələlər, o cümlədə Ermənistanın KTMT-dən müəyyən çağırışları müzakirə olunur:

“Paşinyan hakimiyyətə gəldikdən sonra qərbyönümlü siyasət yürüdüb və KTMT-yə bir o qədər də əhəmiyyət verməyib. Bu da KTMT və Ermənistan arasında müəyyən gərginliyin yaranmasına səbəb olub, lakin “Paşinyan daim qərbpərəst siyasət yürüdərək Rusiyadan əlini üzüb” demək də yanlış olar. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra biz Paşinyanın mövqeyində Rusiyaya doğru meyillər də gördük. Çünki Paşinyan Rusiyanın qılıncının altından keçdi. Rusiyasız hərəkət etməyin ona nəyə başa gələcəyini gördü”.

Ekspert hesab edir ki, Paşinyanın qərbə doğru addımları daha çox son bir neçə ayyda özünü göstərib:

“Sentyabrın 13-14-də baş verən Ermənistan-Azərbaycan toqquşması səbəbilə Paşinyan KTMT-dən yardım istədi, amma müsbət cvab almadı. Ermənistan KTMT-yə üzv dövlət olsa da, orada Azərbaycanın dostu olan dövlətlər də var. Qazaxıstan, Qırğızıstan buraya daxildir. Onların heç biri Paşinyanın arzuladığı kimi sərhədə KTMT-nin ümumi qoşunlarının yeridilməsini istəmədi. 

KTMT-nin üçüncü maddəsinə əsasən, üzv dövlətlərdən hansısa birinə olan hücum üzv dövlətlərin hamısına edilən hücum kimi qiymətləndirilir. Ermənistan bu maddənin işə düşəcəyini düşünürdü, ancaq reallıq fərqli olduğu üçün arzularına çatmadı. Ermənistan yenidən KTMT-nin qoşunlarının sərhədə göndərilməsini istəsə, yenə eyni cavabı alacaq. Çünki Azərbaycana dost olan və reallıqları analiz etməyi bacaran dövlətlər buna icazə verməyəcəklər. Amma Ermənistanı müəyyən qədər sakitləşdirmək üçün ola bilər ki, hansısa monitorinq və ya müşahidə missiyasının yaradılmasıyla bağlı qərar verilsin. Ruiyanın da Azərbaycan-Ermənistan arasındakı sülh prosesiylə bağlı mövqeyi Soçi görüşündən sonra bəlli oldu. Ancaq Rusiyanın mövqeyinə tam olaraq güvənə bilmirik, çünki bir çox hallarda addımları açıqlamaları ilə üst-üstə düşmür”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir