Siyasət

SOÇİ BƏYANATININ MÜDDƏALARI AZƏRBAYCANIN MARAQLARINA UYĞUNDUR

Sharing is caring!

Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Müzəffər Ali Baş Komandan İlham Əliyev güclü və məntiqli diplomatik potensialına əsaslanaraq ölkəmizin maraqlarını ləyaqətlə təmsil edir. Bu il noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bunun bir daha şahid olduq. Hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanat, həmçinin səslənən açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur.
26 noyabr Bəyanatında Qarabağ adının keçməməsi artıq bu münaqişənin tarixə qovuşduğunu bir daha göstərir: Həmçinin burada Ermənistan tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq tanınmasına, delimitasiya və demarkasiya prosesinə başlanılmasına, həmçinin sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib və bu barədə bir sıra təkliflər irəli sürüb. Buna uyğun olaraq, Bəyanatda Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması məsələsi ölkəmizin mənafeyini əks etdirir. Əminliklə deyə bilərik ki, nəticələr çox müsbətdir və Azərbaycan qarşısına qoyduğu məqsədlərinə çatıb.
Azərbaycan uzun illər münaqişənin siyasi yolla həll olunmasına çalışdı, amma Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm də mütəmadi hərbi təxribatları bunun qarşısını alırdı: Növbəti hərbi təxribata cavab olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, özü təkbaşına yerinə yetirdi. Artıq münaqişənin tarixə qovuşması ilə paralel yeni perspektivlər yaranıb. Təbii ki, uzun illər davam etmiş münaqişə bölgə ilə yanaşı, regionun da inkişafına mənfi təsir göstərib. Qalib ölkə kimi, Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar bütün region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri Zəngəzur dəhlizidir ki, bunun açılmasında region dövlətləri də istəklidir və həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə hansı yolla olur-olsun dəhlizin açılacağını bəyan edib. Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti buna bizi bir qədər də yaxınlaşdırır.
Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır.
Noyabrın 16-da Ermənistanın hərbi təxribatına layiqli cavabdan sonra bu ölkəni güzəştə məcbur edəcək yeni reallıqlar yaranıb. 26 noyabr üçtərəfli görüşündə Azərbaycanın qazandığı diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması o qədər də uzaqda olan məsələ deyil. Həmçinin Rusiya prezidenti Vladimir Putinin nəqliyyat dəhlizləri fikrini səsləndirməsi, eləcə də 26 noyabr Bəyanatında dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Moskva ilə Bakının maraqlarının üst-üstə düşdüyünü göstərir.Azər İbişov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir