Siyasət

BİZ LAÇINDA ƏBƏDİ YAŞAYACAĞIQ

Sharing is caring!

Bir il əvvəl Ali Baş Komandanın rəhbərliyi və xalqın dəstəyi ilə Milli Ordumuz dəmir yumruğa çevrilərək “Qarabağ Azərbaycandır!” şüarı altında böyük qələbəmizi reallaşdırmış, 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazmışdır. 300-ə yaxın yaşayış məntəqəsini əhatə edən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut və Suqovuşan qəsəbələri, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər qanlı döyüşlərlə azad edilmiş, bu qələbələrdən sonra düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etməyə məcbur edilmişdir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.

Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.
Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir; – Dövlət təltifləri. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bəli, qırx dörd günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Laçınımızı azad etdik. Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi.
Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.Simran Əlizadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir