Siyasət

Vüqar Rəhimzadə: “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının inkişafında mühüm rol oynayacaq

Sharing is caring!

“Qırx dörd günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa və quruculuq işləri, bu ərazilərin gələcək inkişafının, malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsi üçün zəruri addımların atılması, infrastrukturun yenilənməsi, bir sözlə, soydaşlarımızın Böyük Qayıdışı üçün bütün tədbirlərin həyata keçirilməsi özlüyündə dünyaya bir mesajdır: Azərbaycan qurucu dövlət, xalqımız yaradıcı olmaqla yanaşı, həm də bu torpaqların sahibidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi, həmçinin iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanın imzalanması da qarşıdakı illərin aydın mənzərəsini yaradır, işğaldan azad edilmiş ərazilərimizin zəngin iqtisadi potensialından və geniş turizm imkanlarından səmərəli istifadə olunmasına xidmət edir. 14 yeni iqtisadi rayonun, ən əsası Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması hazırda günümüzün əsas müzakirə mövzusu olmaqla yanaşı, həm də onun siyasi və iqtisadi əhəmiyyəti geniş təhlil edilir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri mühüm hadisələr, yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu baxımdan ölkə Prezidentinin oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri də bir sıra mühüm məqamlarla, atılan uğurlu addımlarla diqqətdə oldu: “Dövlət başçısı İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoydu. Bu mühüm addım dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərmanından irəli gəlir. Sənəddə də qeyd edildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi əlaqələri genişləndirəcək. Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün yeni texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühüm məsələdir. İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Bu vacib məqam da qeyd edilir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda, Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması sənaye parkının fəaliyyətə başlaması ilə daha da səmərəli olacaq. Bu mühüm addım işğaldan azad edilmiş digər rayonların da bərpasında əhəmiyyətini təsdiqləyəcək.”

“Bu gün Azərbaycan sürətlə regionun sənaye mərkəzinə çevrilir. Müasir texnologiyalara əsaslanan sənaye parkları və istehsal müəssisələrinin yaradılması da bu məqsədə xidmət edir” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, son illərdə ölkəmizdə yeni neft strategiyasının məntiqi davamı olaraq qeyri-neft sənayesinin inkişafı prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılır: “Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin, iqtisadiyyatını tarazlı inkişafının təmin edilməsinə yönəldilir. Dövlət başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunmasından bu günədək aparılan işlər sənayeləşmənin inkişafını sürətləndirib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Məhz atılan uğurlu addımların nəticəsidir ki, ümumi daxili məhsulda sənaye istehsalının rolu artıb. Bu inkişafda son illər ərzində yaradılan sənaye parkları və məhəllələri də önəmli rol oynayır. Hazırda respublikamızda 6 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Ölkəmizdə bu sahənin inkişafına göstərilən münasibət yeni yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının da sürətli inkişafına təkan verəcək. Həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının resurslarını, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını artıracaq, bərpa-quruculuq layihələrinin reallaşmasını sürətləndirəcək. Ümumilikdə 200 hektar ərazini əhatə edəcək sənaye parkı kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Sənaye parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.”

Vüqar Rəhimzadə onu da qeyd edib ki, atılan bu addımlar dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas tərkib hissəsi kimi əhalinin məşğulluğunun təmin olunmasına da öz müsbət təsirini göstərəcək: “Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimiz tam şəkildə Böyük Qayıdışa hazırlanır. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb olunması kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün əminliklə qeyd edə bilərik ki, dövlət başçısının uğurlu və gələcəyə hesablanmış inkişaf strategiyası nəticəsində Azərbaycan keyfiyyətcə yeni dövrə – modernləşmə mərhələsinə qədəm qoyaraq regionun ən güclü sənaye mərkəzi kimi tanınmaqdadır.”

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir