Siyasət

Vüqar Rəhimzadə: “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri həm də ölkəmizin iqtisadi gücünün təqdimatıdır

Sharing is caring!

«Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  Zəfər tariximizi  yazdıqdan sonra   ölkəmizin həyatında yeni dövr- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq mərhələsi başladı. Cənab İlham Əliyev bu fikri xüsusi diqqətə çatdırdı ki, azad edilmiş ərazilərimiz  ən yüksək səviyyədə, müasir texnologiyalar əsasında  bərpa ediləcək, soydaşlarımız üçün  gözəl şərait yaradılacaq.  Möhtərəm Prezidentimizin 19 aprel 2021-ci il tarixli    “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında»  Sərəncamı da bu məqsədə xidmət edir. Bu kimi dövlət sənədləri bir daha təsdiqləyir ki,  şəhər və kəndlərimizdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, bu işlərin həyata keçirilməsi prosesində  informasiya texnologiyalarının tətbiqi,  həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Təqdirəlayiq haldır ki, artıq «Ağıllı şəhər»  və «Ağıllı kənd»  konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə imzalanan Prezident Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.»

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  azad edilmiş ərazilərdə  şəhərlər və kəndlər  “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında,  dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi şəraitində qurulacaq: «Bununla paralel olaraq  digər şəhər və kəndlərimizdə də  buna oxşar layihələrin icrası nəzərdə tutulur. Dövlətimizin başçısı İlham Əliyev «Əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik» fikirləri ilə yeni layihənin məqsəd və məramını, eyni zamanda, üstünlüklərini təqdim edir.»

Baş redaktor bildirib ki, hər bir yenilik  kadr potensialının artırılması  məsələsini gündəmə gətirir: «Bu gün böyük qürur  hissi ilə qeyd edirik ki, ölkəmizdə  peşəkar kadr potensialı yaranıb. Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı  2003-cü ildən «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərək, ölkədə təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması fonunda  iqtisadi inkişafın səviyyəsinə uyğun olaraq kadr hazırlığının prioritetliyini önə çəkdi  və artıq bu siyasətin  uğurlu nəticələri göz önündədir.  Azərbaycan texnoloji proseslərin inkişafına görə də dünyada birincilər sırasındadır. İstər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə  bunun bir daha şahidi olduq.  Həmçinin  2019-cu ildən dünyanı cənginə almış  koronavirus infeksiyası ilə mübarizə sahəsində beynəlxalq əhəmiyyətli  tədbirlərin  videoformatda təşkili də Azərbaycanın  bu sahədə mövcud imkanlarının təqdimatında  əhəmiyyətli rol oynadı. Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları, əksəriyyətinin savadlı mütəxəssislər kimi  ölkəmizə qayıtmaları kadr potensialımızı gücləndirir.  Dövlətimizin başçısının əsas tələbi budur ki, kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır. Bu sintezin yaradılması əsasında  hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür.  Bu baxımdan işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək  “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri ölkəmizin müasir dövrün reallıqlarına uyğun olaraq gündəmə gətirdiyi  yeni  çağırışlarına və tələblərinə cavab verir. Azərbaycanın postmüharibə dövrü üçün təqdim etdiyi yeni iqtisadi inkişaf modelinin əsas tərkib hissələrindən biri kimi «Ağıllı şəhər» və «Ağıllı kənd» layihələri beynəlxalq səviyyədə də təqdir edilir.»

V.Rəhimzadə vurğulayıb  ki, bu layihələr,  ilk növbədə,  Azərbaycanın iqtisadi  imkanlarının təqdimatıdır: «Hər bir layihə yenilik olmaqla yanaşı,  möhkəm təmələ əsaslanır. Azərbaycanın iqtisadi qüdrəti  və bunun fonunda maliyyə   imkanlarının  artması  hər bir layihənin uğurlu sonluqla başa çatdırılmasını  şərtləndirir.  “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası   müasir  texnologiyaların və innovasiyaların tətbiqi  əsasında sosial-iqtisadi xidmətin keyfiyyətini daha da yaxşılaşdıracaq. Şübhəsiz, bu layihələrin  ilk olaraq işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməsi ölkəmizin həmin əraziləri qısa zamanda  bərpa edib soydaşlarımızın Böyük Qayıdışını təmin etmək istəyindən irəli gəlir. Artıq dövlətimizin başçısı İlham Əliyevin Zəngilan rayonuna səfəri çərçivəsində Ağalı  kəndində «Ağıllı kənd» layihəsinin təməli qoyulub. Möhtərəm Prezidentimiz bu mühüm hadisə ilə Böyük Qayıdışın başlandığını bildirib.»

«İki sahil» qəzetinin baş redaktoru  bu məqamı da xüsusi qeyd edib ki, «Ağıllı şəhər» və «Ağıllı kənd» layihələri  2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurla reallaşdırılması nəticəsində  paytaxt və bölgələr arasında  fərqin aradan götürülməsinə böyük dəstək olacaq.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir