Siyasət

Fəzail Ağamalıdan Fikrət Yusifova cavab: “Nə yaşına, nə də başına yaraşan hərəkət deyil”

Sharing is caring!

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı iqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifovun partiya sıralarını tərk etməsi ilə bağlı bəyanatına münasibət bildirib. 

F.Ağamalı, Fikrət Yusifovun səsləndirdiyi ittihamlara da cavab verib.

O, söyləyib ki, sabiq maliyyə nazirinin bu sayaq açıqlamasını təəssüflə qarşılayıb: “Yüksək münasibətlərimiz olan Fikrət Yusifov bu sayaq açıqlama ilə çıxış edir. O, hələ ötən ilin avqust ayında mənimlə görüşündə qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətini ortaya qoydu. Bunun üçün də mənə dedi ki, ehtiyac olarsa, sizin partiyanın xətti ilə parlament seçkilərində iştirak etmək istəyərdim. Ona söylədim ki, bu barədə fikirləşərik. Oktyabr ayında onu dəvət etdim və bu barədə yenidən söhbət etdik. Dedim ki, qarşıdan gələn parlament seçkilərində çoxsaylı namizədlərlə iştirak etmək niyyətindəyik. Bildirdim ki, sənin də iştirakını istərdik, necə ki, bu barədə istəyini vaxtilə mənə demişdin. O, bununla razılaşdı. Partiyanın üzvlüyünə ərizə yazdı, iclaslarda iştirak etdi. Eyni zamanda partiyanın Ali Məclisinin 120 nəfərlik yığıncağına, həmçinin də namizədlərin toplantısına qatıldı. Bütün bunların fonunda partiyanın kifayət qədər resurslarının olduğunu gördü. Özü etiraf etdi ki, indiyə qədər bilməmişəm ki, sizin partiyanın bu dərəcədə resursları var. Mən də ona xatırlatdım ki, 1990-cı illərdən bu günə qədər biz bu partiyadayıq. Bizim partiya o zamanlardan siyasi proseslərdədir və kifayət qədər təşkilatlanmış strukturlarımız mövcuddur. Söylədim ki, sadəcə olaraq biz yeri gəldi-gəlmədi özümüzün reklamımızla məşğul olmuruq. Beləliklə də biz seçkilərə qədər görüşdük. Seçkilər müzakirə edilən zaman söylədi ki, namizədliyini Sumqayıtdan verə bilər. Sonra o, ölçüb-biçdi və dedi ki, 41 saylıdan namizəd ola bilərəm. Dedim ki, buyurun. Lakin sonradan Fikrət Yusifov oraya gedib danışdı, sənədlərini vermədi”.

F.Ağamalının sözlərinə görə, Fikrət Yusifov ona bildirib ki, əmin olmasam bu seçkilərdə iştirak etmək istəmirəm: “Mənə söylədi ki, razılıq ən yüksək səviyyədə alınmalıdır. Mən də təbii ki, onun bu fikrinə o qədər də ciddi yanaşmadım. Dedim ki, seçkilərə gedək, sonra baxarıq. Seçkilər keçiriləcək və kimin zəif, kimin güclü olduğu bilinəcək. Söylədim ki, seçkilərə qoşulun, sonrasına baxarıq, bütün imkanlarımızı sizin ətrafınızda birləşdirə bilərik, ancaq bir şərtlər ki, siz də gücünüzü səfərbər edəsiniz. Yəni bildirdim ki, ancaq partiyanın resurslarına arxayın olmayın. Fikrət Yusifov bir müddət getdi-gəldi, ölçdü-biçdi və dedi ki, seçkilərə qatılmaq istəmirəm. Səbəbini soruşanda bildirdi ki, oradan seçiləcəyinə əmin deyil. Mən də söylədim ki, istəmirsənsə, getmə. Bununla da söhbət bitdi. Seçki prosesində o, tamamilə kənarda qaldı və heç bir işə qoşulmadı. İndi də belə bir çox ucuz bəyanat yayıb. Bəlli oldu ki, Fikrət Yusifovun partiyaya qoşulmaqda niyyəti, yalnız deputat olmaq idi. Mən də ona reallığı dedim və öz gücünü, imkanlarını ölçüb,  qərar verdi ki, iştirak etməsin. İndi də ucuz, ona yaraşmayan şouya gedir. Buna nə gərək var? Partiyaya biri gəlir, biri gedir. Heç bir bunun kimi nə gələndə toy-bayram kimi qəbul edilmir, nə də gedəndə yas tutulmur. Gələn ərizəni yazıb gəlir, gedəndə də ərizəsini yazıb, gedir. Bunların heç biri mətbuata çıxmır. Çox təəssüf edirəm ki, Fikrət Yusifov belə bir açıqlama ilə çıxış edir. Açığını bunu ondan gözləmirdim”.

Fəzail Ağamalı partiyanın ümumi vəziyyətindən də danışıb: “Etiraf edim ki, Ana Vətən Partiyasının 1990-cı illərdə daha çox gücü var idi. Çünki o zaman fəaliyyətdə olan bütün siyasi partiyaların gücü kifayət qədər idi. Artıq elə bir zaman gəlib ki, insanlar baxır ki, peşəkar siyasətlə məşğul olanlar qalır, digər sahələrdə məşğul olanlar, partiyalılığın qanunla qadağan edildiyi dövlət quruculuğunda  işləmək istəyənlər partiyadan gedirlər. Partiyaya gələnlər də çoxdur. Hazırda Ana Vətən Partiyası canlı orqanizm kimi öz inkişafının yeni mərhələsini yaşayır. Bizə xeyli gənclər müraciət edib. Gənclərin hazırda partiyaya qəbulu prosesi gedir. Rayon təşkilatlarının yeni konfranslarını keçirəcəyik. Çalışacağıq ki, partiyamıza yeni qüvvələr, gənclər gəlib, partiyanı daha da önə aparsınlar. Fikrət Yusifovun partiya haqqında söylədiyi fikirlər kökündən yanlışdır. O, oktyabr ayında gəldi, dekabr ayında isə seçkilər başladı. Yanvar ayında Fikrət Yusifov namizədliyini vermədi. Faktiki olaraq bir ay müddətində onun partiyanın hansı resurslarından xəbəri ola bilərdi? Halbuki, o, özü mənə etiraf etdi ki, partiya haqqında belə bir təsəvvürüm yox idi. Bildirdi ki, partiya kifayət qədər güclü, ciddi təşkilatı struktura malik olan partiyadır. Çünki yuxarıda da qeyd etdiyim kimi o, toplantılarda iştirak etdi və hər şeyi gördü. Bunları gördükdən sonra belə bir fikirlər söyləmək Fikrət Yusifovun nə yaşına, nə də başına yaraşan hərəkət deyil. Çox təəssüf edirəm. Onun istefası haqqında heç bir xəbərim yox idi. İstefa nə deməkdir? Gəlib ərizəni yazıb, partiyadan gedirsən də. Burada ajiotaj, özün haqqında mif yaratmağa nə gərək var? Vaxtilə nazir kimi işləmisən, hörmətimiz var, münasibətlərimiz olub. Bir zamanlar gördüm ki, o, yenidən haqqın-ədalətin yanındadır, ulu öndərimizin ona vermiş olduğu yaxşılıqları bir insan kimi unutmayıb, yenə də ona xidmət etmək istəyir. Bunları görüb, onu alqışladım, dəstək verdim, müxtəlif səviyyələrdə onu müdafiə etdim. O, bilməsə də, bunları göydə Allah bilir. İndi belə bir mövqe nümayiş etdirirsə, deməli bunu onun xarakterində axtarmaq lazımdır. Başqa da bir söz demək istəmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir