Siyasət

Paşinyanın Tiflis səfəri ilə bağlı şok detal – “Niyə heç bir sənəd…”

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 3- 4-də Gürcüstana rəsmi səfər edib və Baş nazir Georgi Qaxariya, Prezident Salome Zurbişvili, Xarici İşlər naziri David Zalkalian, Gürcüstan patriarxı II İlya və spiker Arçil Talakvadze ilə görüşüb.

Maraqlıdır ki, rəsmi səfəri zamanı Tiflisdə ikitrəfli sənədlər imzalanmayıb, razılaşma və ümumi baxışları özündə əks etdirən bəyannamə səsləndirilməyib.

Paşinyan bildirib ki, gürcü rəsmiləri ilə nəqliyyat, energetika, telekommunikasiya, təhsil və regional təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflərin ehtiyatlı diplomatik açıqlamaları özünü açıq şəkildə göstərib.

Ermənistan Baş nazirinin Gürcüstan səfərini Teleqraf.com-a şərh edən AVP sədri, millət vəkili Fəzail Ağamalı hesab edir ki, səfərin qeyri-ciddi olduğunu tərəflər arasında razılaşma və birgə bəyanatın səsləndirilməməsi ortaya qoyur.

Onun sözlərinə görə, ola bilsin ki, Paşinyan dövlətlərarası sazişlərin imzalanmasına dair təklifləri gürcü tərəfinə çatdırıb və səfərin baş tutması üçün ciddi təkidlər göstərib:

“Gürcüstanın Ermənistanla problemləri var. Cavaxetiyada erməni separatizmi basdırılan minadan başqa bir şey deyil. Bu mina hər zaman Ermənistan tərəfindən partladıla və Gürcüstan üçün əlavə problemlər yaradıla bilər. Hazırda Gürcüstan ərazi bütövlüyü (Abxaziya və Cənubi Osetiya) problemi yaşayır. Bu baxımdan onların Ermənistana loyal münasibəti anlaşılandır”.

Deputat hesab edir ki, gürcü tərəfi Azərbaycanla strateji müttəfiq olduğunu göz önünə alaraq, Paşinyan səfərinin qeyri-rəsmi xarakter daşımasına üstünlük verib:

“Paşinyanın Tiflisdə keçirdiyi görüşlər fikir mübadiləsindən başqa bir şey olmayıb. Bu da heç bir sənəddə öz əksini tapmayıb, hər hansı rəsmi müqavilə və bəyanat imzalanmayıb. Faktiki olaraq 2 günlük səfər zamanı Ermənistan və Gürcüstan arasında dövlətlərarası sənədlərə və razılaşmalara rast gəlinməyib. Görünən budur ki, biz görüşə o qədər də əhəmiyyət verməli deyilik. Paşinyanın Gürcüstana səfəri Tiflis-Bakı münasibətlərinin indiki səviyyəsinə ziyan vurmaq gücündə deyil. Gürcüstan siyasi elitası başa düşür ki, Rusiya forpostu olan Ermənistan onun ərazisini işğal edən dövlətlə birlikdədir. Üstəlik gürcü siyasətçilər gözəl anlayır ki, Gürcüstanın suverenliyində, dövlətçiliyinin qorunub saxlanılmasında, iqtisadi və sosial problemlərinin həllində iki mühüm dövlətin – Azərbaycan və Türkiyənin önəmli yeri var. Bu iki dövlət Gürcüstan üçün oksigen pəncərəsidir. Bu pəncərəni bağlamaq onlar üçün ciddi problemlərə yol açar. Ona görə Gürcüstan bu məsələləri gözəl anlayır və addımlar atır”.

Sonda Paşinyana səfər zamanı Georgi Qaxariya tərəfindən çoban itinin küçüyünün bağışlandığını xatırladan Fəzail Ağamalının fikrimcə, bu, simvolik xarakter daşıyır:

“Çoban iti adətən, çobanların yanında olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir