Siyasət

İqbal Məmmədovla bağlı tələb: “Namizədliyi ləğv olunsun” – Foto

Sharing is caring!

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədlərin bir qrupu, konkret 6 nəfər seçki pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

AzToday.az xəbər verir ki, müraciəti Ramil Hüseynov, Hikmət Ağayev, Vasif Qafarov, Mehriban Paşayev, Bəxtiyar Fətullayev və Təyyar Yəhyayev imzalayıb.

Müraciətdə seçki təbliğatının başlandığı gündən İqbal Məmmədovun Seçki Məcəlləsinin 69-cu maddəsinin bəndlərini kobud sürətdə pozduğu və rəqibi olan namizədlərin təbliğat-təşviqat kampaniyasına icra hakimiyyətinin müdaxilə etdiyi bildirilir:

Müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli Məzahir müəllim!

Bildiyiniz kimi, möhtərəm cənab Prezident İlham Əliyev ölkədə sosial-iqtisadi və siyasi sahədə çoxsaylı qərar və tapşırıqlar verib. Dövlət başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirləri xalq tərəfindən böyük rəğbətlə qarşılanıb. Cənab Prezidentin islahatlarının davamı olaraq, Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsilə bağlı tapşırıqları da ölkə vətəndaşlarının maraqlarına xidmət edir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, Parlamentin biraxılmasında məqsəd vətəndaşların öz inandıqları şəxsi seçməsinə şərait yaratmaqdır. Biz – qeydə alınmış namizədlər də cənab Prezident İlham Əliyevin apardığı demokratik islahatlara arxalanaraq VI çağırış Milli Məclisə 78 saylı Lerik Seçki Dairəsindən seçkilərə qatılmışıq.

Lakin qanunvericiliyə əsasən, 17 yanvar 2020-ci ildən başlayan təbliğat-təşviqat kompaniyasının başlandığı gündən deputatlığa namizəd İqbal Nəriman oğlu Məmmədov seçki məcəlləsinin 69-cu maddəsinin bəndlərini kobud şəkildə pozmaqda davam edir. Belə ki, İqbal Məmmədovun vəkili Cəlil Baxşiyev qanuna zidd olaraq Lerik rayonu İcra Hakimiyyətinin binasında oturur (əvvəlki iş yerində). Rayon İcra Hakimiyyətinin binasından ərazi icra nümayəndələrinə, seçki məntəqələrinin sədrlərinə, digər vəzifəli şəxslərə tapşırıqlar verir, bir sözlə, bütün inzibati resursları işə salaraq deputatlığa namizəd İqbal Məmmədovun lehinə səs toplamaq üçün təzyiqlər edir. Dövlət strukturlarında işləyən insanları məcburi şəkildə İqbal Məmmədovun görüşlərinə aparırlar. Eyni zamanda, ərazi icra nümayəndələri və yerli bələdiyyələr, seçki məntəqələrinin üzvləri və sədrləri, o cümlədən müəssisə rəhbərləri İqbal Məmmədovla görüşləri təşkil etməyə səfərbər edilir. Qanunvericiliyə zidd olaraq həmin vəzifəli şəxslər İqbal Məmmədovun yerlərdəki görüşlərinə təşkilatçılıq edirlər.

Digər namizədlərin təbliğat-təşviqat görüşlərinə gələnlər isə, özlərinin və ailə üzvlərinin işlədikləri iş yerlərindən azad ediləcəyi, hətta təqaüdçü və müavinətlər alanlar pensiya və müavinətlərin kəsiləcəyi ilə təhdid edilir.

Deputatlığa namizəd İqbal Məmmədov qanunvericiliyə zidd olaraq özünü dövətin nümayəndəsi və artıq seçilmiş deputat kimi vətəndaşlara təqdim edir. Cəlil Baxşiyev və yerli idarəetmə orqanlarının birbaşa müdaxiləsi ilə ərazi icra nümayəndələri yerlərdə vətəndaşlara təziqləri davam etdirirlər.

Deyilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının seçki qanunvericiliyini kobud şəkildə pozan deputatlığa namizəd İqbal Məmmədovun namizədliyinin ləğv edilməsi və aidiyyati orqanlar qarşısında qanunvericiliyin bərpa olunması ilə bağlı tədbirlər görməyinizi xahiş edirik”.

İqbal Məmmədovla bağlı şikayət

İqbal Məmmədovla bağlı şikayət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir