Secme Xeberler

Söz gəzdirmək, ara vurmaq…

Sharing is caring!

Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) buyurur ki, bir insana günah olaraq hər eşitdiyini danışmaq bəsdir.

Bu hədisdən anlaşılır ki, hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun yalanını yayırsan? Ona görə də insan gərək ağzından hansı sözü çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın. Qulaqla dilin arasında beyin, daha doğrusu, ağıl adında bir süzgəc var. Qulaqdan gələn ağıldan süzülmədən dilə gəlirsə, demək, ağıl dövriyyədən kənarda qalır, daha doğrusu, işləmir. Quranda bildirilir ki, ağlını işlətməyənin başına göydən bəlalar ard-arda yağar.

Adam var ki, həmişə hər yerdə hər hansı məsələ barədə məlumatlı görünmək istəyir. İstəyir ki, hər məsələyə müdaxilə etsin, hər işdən xəbərdar olsun. Ona görə də doğru olub-olmadığını bilmədən kiminsə ağzından götürdüyü sözü hər yerdə danışır. Məqsədi də budur ki, ağıllı görünsün, seçilsin.

Cəmiyyətdə bəzən bu cür söhbətlər daha tez yayılır. İnsanlar yalan zəncirinin halqalarına çevrilirlər. Beləcə, yalanlar onları bir-birilərinə bağlayır. Halbuki insan ona aid olmayan işlərlə məşğul olmasa yaxşıdır. İnformasiyanın beynimizə, yaddaşımıza yük olduğu bir vaxtda izafi yüklərdən azad olmaq, öz əməllərini hesaba çəkmək, qüsurlarını düzəltməyə çalışmaq daha doğru olmazmı? Sən də öz başına bəla axtarırmış kimi başqalarının sözü ilə məşğul olur, başqalarının söhbətini danışmaq istəyirsən. Bir məsələni də xatırlatmaq istəyirik ki, əgər biri sənin sözünü danışıb, nəticədə yalançı çıxırsa, siz də müqəssirsiniz. Yəni ağıl ön planda tutulmalıdır, deyilən söz ağıl süzgəcindən keçirilib ağızdan çıxarılmalıdır. Kor təbii qərar qəbul edənlər, birinin ağzından qapdığını düşünmədən, araşdırmadan yayanlar kölgə kimi olurlar.

Söz gəzdirmək

Bir nəfər padşahın yanına gəlir və deyir ki, filankəslər onun əleyhinə danışırlar. Padşah da acı-acı bu adamı başdan-ayağa süzür və deyir:

  • Əgər sən yaxşı adam olsaydın, onların cavabını yerində verər, heç mənim yanıma gəlməzdin. Ancaq görürəm ki, sən söz gəzdirənsən. Qeybət edənlərə bir söz deyə bilmirsən, sonra da gəlib mənə onların sözünü çatdırırsan. Sənin kimi adamlara bizdə rəğbət yoxdur…

Qurani-Kərim söz gəzdirməyi, ara vurmağı, insanlar arasında münasibətləri pozmağı şiddətlə yasaqlayır.

Əxlaqımız bizə öyrədir ki, əgər bir insanın haqqı tapdanırsa, onun tərəfini tutmaq lazımdır. Yəni konkret olaraq, yuxarıdakı misaldan çıxış etmiş olsaq, padşahın dediyi kimi, qeybət edənlərin cavabını vermək, sonra da söhbəti unutmaq ən doğru seçimdir. Şəxsiyyət bu cür yetişir, böyük insan bu cür formalaşır. Hər şeydən əvvəl insanın gərək içi geniş olsun, eşitdiyi hər sözdən coşub-daşmasın, söz udmağı, söz unutmağı bacarsın.

Ara vurmaq

İnsanları bir-birindən incik salmaq, insanlara bir-birindən yalan danışmaq əxlaqımıza görə çox pis əməldir. Bu cür əməllər bəzən zarafatla başlayıb, ölümlə nəticələnən cinayətlərə qədər uzanır. Əxlaqımızda bildirilir ki, insanların arasını vurmaq, onları bir-birinə düşmən etmək qatillik kimidir.

Bir insan kimi hər birimizin vəzifəsi yaxşılıq etmək, xeyirli olanı bölüşmək, paylaşmaqdır. Bunun əksini etmək, yəni insanları bir-birinin düşməninə çevirmək isə insanlıq yox, şeytanlıqdır. İnsanlar bir-birini sevdikcə ucalırlar. Sevgi, hörmət, ehtiram cəmiyyətin sərvətidir, xoşbəxtliyidir; kin, nifrət, ədavət isə ağır yüküdür, dərdidir.

Ara vuran insanlara el arasında “mərdimazar” deyirlər. Mərdimazarın heç bir yerdə hörməti olmur. İnsanlar onu görəndə üz çevirirlər. Beləsi ilə oturub-duranda adamın ürəyi sıxılır. Pis niyyət, qara düşüncə insanın özündən asılı olmayaraq sanki şüalanır və görünür. Əvvəla, bu cür adamların üz-gözü həmişə bürüşük olur, nə olur olsun sevinə bilmirlər, hər şey onlar üçün qorxudur, təhlükədir. Çünki özləri dünyaya belə baxırlar.

Sən hansı yükü daşıyırsan?

Söz yükü duz yükündən ağır olur. Əslində ömür adlanan bu yolda hər kəs bir yükün daşıyıcısıdır. Yükün xeyirlisi var, zərərlisi var. Ona görə də köhnə kişilər dua edəndə: “Allahım, məni xeyir işlərə alət elə!”- deyərmışlər. Əslində sözün xeyirlisini daşımaq, yaymaq, o sözlərlə insanlara xeyir vermək insanlıq borcumuzdur. Əgər sənin danışdığın söz bir insanın xarakterinin formalaşmasına, onun yanlış düşüncədən qurtarıb, doğru istiqamətə yönəlməsinə səbəb olursa, demək xeyir işlərə alət olursan. Amma daşıdığın və yaydığın söz yalandırsa, insanların düşüncəsini pozur, onları yalana yönəldirsə, onda da zərərli işlərə alət olursan, özü də könüllü olaraq. Çünki insanın başına gələn bəla onun öz əməllərinin nəticəsidir. Bizi qurtaransa xeyir əməllərimiz olacaq. İnsanın zərərə uğramasına ən çox səbəb olan bədən üzvümüz dilimizdir, yəni nəyi danışmağımız, niyə danışmağımız… Yəni hər eşitdiyini danışmaq fəlakətə düşməyimiz üçün kifayət edər. Ona görə ağzımız, dilimiz işləmədən əvvəl başımız işləməlidir ki, sonra bəlaya düşməsin. Vəssalam.
“Zaman Azərbaycan”

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir