Region

Sumqayıtda Şəhidlər Xiyabanı yenidən qurulur – FOTOLAR

Sharing is caring!

Sumqayıt şəhərində Şəhidlər Xiyabanı yenidən qurulur. Bununla bağlı, Sumqayıt Şəhər İcra Hakimiyyəti və yerli Memarlıq İdarəsi layihə hazırlayaraq, onu həyata keçirməyə başlayıblar.

Məlumat üçün bildirək ki, Sumqayıt şəhəri indiyə qədər 510 Şəhid verib. Şəhidlər Xiyabanı isə 1992-ci ildə salınıb. Torpaqlarımızın azadlığı uğrunda ilk Şəhid olan sumqayıtlı isə 1992-ci il fevralın 4-də Rəhman Sadiq oğlu Qəhrəmanov olub.

Hazırda tamamlama işlərinin həyata keçirildiyi, Xiyabanın yenidən qurulduğu bildirilir. Belə ki, yerli memarların hazırladığı layihəyə əsasən Sumqayıt Şəhidlər Xiyabanı ölkədə nümunə olaraq göstəriləcək. Bu işlərin həyata keçirilməsi üçün iş icraçılarından tutmuş, adi fəhləyə qədər hamı canla-başla çalışır. Onlar deyirlər ki, digər tikinti və təmir işlərindən fərqli olaraq, Şəhdlər Xiyabanında işləmək ikiqat məsuliyyət tələb edir. Çünki görülən işlər Şəhidlərimizin adına layiq olmalı, onların qarşısında olan borcumuzun heç olmasa cüzi bir hissəsinin ödənilməsinə vəsilə olmalıdır.

Hazırda qızğın iş gedən Sumqayıt Şəhidlər Xiyabanında görüşən işlərlə yerli məmurlar da maraqlanırlar. Məsələn, şəhərin icra başçısı Zakir Fərəcov mütəmadi olaraq əraziyə baş çəkir, işlərin gedişatı ilə maraqlanır. İşçilər onun diqqətçilliyindən razılıq edirlər.

İş icraçıları deyirlər ki, ən xırda məsələ diqqətdən yayınmır, yaranan istənilən problem qısa müddətdə aradan qaldırılır.

Sumqayıt Şəhidlər Xiyabanının ölkə üçün nümunə olacağını bir daha vurğulayan iş icraçıları bunu əsaslandırmağa da çalışırlar. Onlar deyir ki, Xiyabanda istifadə olunan mal və materialların keyfiyyətini bura aid etmirlər. Çünki həmin materiallar ən keyfiyyətlilərdir və burada hər hansı bir ikinci dərəcəli materialdan söhbət gedə bilməz. Onların iddiası görünüş və səliqə baxımından nümunə olacaqlarıdır. Eyni zamanda, işçilərin can yandırması məsələsində istənilən rayonla yarışa girməyə də hazır olduqlarını deyirlər.

Sumqayıt Şəhidlər Xiyabanında görüləcək yeni işlər sırasında Əbədi Məşəl Kompleksinin yeni forma və ornamentdə inşa edilməsidir. Xiyabanın girişində ucaldılmış bu abidənin yenidən qurulması və üzərində milli ornamentlərlə bəzəklərin işlənməsi olduqca diqqətçəkəndir. Bundan başqa, Xiyabanda məzar daşları, onların qarşısından keçən piyada yoluna döşənmiş daş örtüyünün yenilənməsi və daha səliqəli şəkilə salınmasıdır. Bu zaman da yeni tikinti materialından istifadə olunur. Səliqəli və sahmanlı şəkildə daşların döşənməsi prosesi həyata keçirilir.

Eyni zamanda, Xiyabanın ətrafında abadlıq və yenidənqurma işləri aparılır. Onun yaxınlığındakı park ən yüksək səviyyədə yenidən qurulur. Halbuki son zamanlara qədər baxımsızlıq səbəbindən ərazinin əsaslı təmirə ehtiyacı yaranmışdı. Hazırda bu istiqamətdə də geniş işlər görülür.

Səkilərin yenilənməsi, daş örtüklərinin dəyişdirilməsi və digər işlərin də həyata keçirilməsi nəticə etibarı ilə Sumqayıt Şəhidlər Xiyabanının ən nümunəvi şəkildə yenidən qurulmasına imkan verəcək.

İş icraçıları və işçilər bildirirlər ki, onlar bu işləri xüsusi zövqlə görməklə Şəhid valideynlər və yaxınlarının ürəyinə azca da olsa, su səpmək istəyir, onlara təsəlli olmağa çalışırlar. Çünki hər birimizin Şəhidlər qarşısında borcumuz var. Onların Vətən uğrunda keçdikləri candan daha qiymətlisi ola bilməz. Elə bu səbəbdən də ən maksimum şəkildə çalışıb, həm işləri vaxtında təhvil vermək, həm də keyfiyyətli iş ortalığa çıxarmağa çalışırlar.

Şamil Quliyev

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir