Manşetüstü Ölkə

“Bankı dağıdıb talan edən insanı necə siyasi məhbus elan etmək olar?” – QALMAQAL

Həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin adı yenidən gündəmdədir. Bu dəfə onun adı siyasi məhbus olaraq hallandırılır. Əslində bu müzakirələr yeni deyil. Hələ 2016-cı ilin oktyabrında, Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilərkən sabiq bankirin siyasi məhbus elan oluna biləcəyi haqda xəbərlər dolaşırdı. Həmin vaxt bu məsələyə ictimaiyyətin münasibəti birmənalı deyildi.

İllərlə Beynəlxalq Bankı şəxsi mülkü kimi idarə etmiş, elementar olaraq monetar payçıların haqqını verməyən, məhkəmələrdə istədiyi qərarları verdirmək iqtidarında olan birinin siyasi məhbus kimi təqdimatının özü belə süngü ilə qarşılanmışdı. Elə həmin günlərdə Cahangir Hacıyev ilk cəzasını almışdı. 2016-cı il oktyabrın 12-də Cahangir Hacıyevin barəsində 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarmışdı.

C.Hacıyev rəhbərlik etdiyi bankın 400 milyon manatını mənimsəməkdə ittiham edilirdi. Onun bacısı Əminə Hacıyeva qərarı sifarişli adlandırırdı. Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunub. O, 2016-cı ilin dekabrında həbs olunub. 15 il ölkənin ən böyük bankına rəhbərlik etmiş C.Hacıyevin barəsində məhkəmə hökmü elan ediləndən sonra onun siyasi məhbus elan edilməsi haqda söhbətlər səngimişdi. Hələ o dövrdə hüquq müdafiəçiləri Cahangir Hacıyevin yaxın illərdə siyasi motivlərlə həbs edilmiş biri kimi azadlığa buraxılacağına inanmadıqlarını deyirdilər.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Cahangir Hacıyevin siyasi məhbus elan olunmasının yolverilməz olduğunu deyir: “Dəfələrlə demişəm ki, bu və ya digər şəxsin siyasi və ya vicdan məhbusu olduğunun sübutu olmalıdır. Yəni bütün məhkəmə proseslərinin monitorinqi aparılmalıdır. Bütün instansiyalardan keçəndən sonra onun ittihamında siyasi çalarlar varsa, beynəlxalq təşkilatların kriteriyalarına uyğun gəlirsə, şəxs siyasi və ya vicdan məhbusu elan oluna bilər. Çox təəssüflər olsun ki, Azərbaycan digər ölkələrlə müqayisə ediləndə başqa ölkələrdə bu qədər siyasi məhbus müşahidə olunmur. Elə adamlar var ki, hüquq-mühafizə orqanlarında çalışıb, oradan inciyib və çıxıb gedib. Hətta belə adamların da adını siyasi məhbus olaraq elan etməkdən çəkinmirlər. Cahangir Hacıyevin siyasi məhbus elan edilməsi absurd ola bilər. Siyasi məhbus o şəxsdir ki, həbsində siyasi motivlər olsun. Cahangir Hacıyevin həbsində belə motiv yoxdur. Onun həbsində siyasi çalarlar da yoxdur. Onu siyasi məhbus etməyə tələsənlər səhv edirlər. Cahangir Hacıyevin Avropada üzə çıxan əmlakları var. Həmin əmlaklar heç vaxt Azərbaycana qaytarılmayacaq. Ölkədən çıxarılan oğurluq pulların ölkəyə qaytarılması mexanizmi yoxdur. Bu cür addımlar kimlərinsə varlanmaq taktikasına xidmət edir. Belə addımlar ümumilikdə hüquq-müdafiə mexanizmlərinə ciddi zərbə vurur. Cahangiz Hacıyev heç vaxt siyasi məhbus ola bilməz. Bu, sadəcə, fantastik filmlərin süjetinə bənzəyir. Belə addımlar əhalini aldatmaqdır, başqalarının haqqına girməkdir. Onun siyasi məhbus elan olunması həqiqi siyasi məhbuslara təhqirdir”.

M.Qəhrəmanlı deyir ki, bu gün Cahangir Hacıyevin azad edilməsi də ölkədən çıxarılan milyardların böyük hissəsinin geri qayıdacağı demək deyil: “Cahangir Hacıyevin həbsdə olması, azadlığa buraxılması da heç nəyi dəyişmir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, Cahangir Hacıyevin siyasi məhbus hesab olunması mümkün deyil: “Avropa Şurasının kriteriyaları var. Cahangir Hacıyev həmin kriteriyalara uyğun gəlmir. Biz məhkəmələrin monitorinqini aparırıq. Məhkəmələr düzgün getməyəndə bu haqda hesabatlarda yazırıq. Amma siyasi məhbus məsələsini ortaya atmırıq. Beynəlxalq Bankın sədri necə siyasi məhbus ola bilər? Cahangir Hacıyev kimə pul verib ki, adını siyasi məhbus yazsın?”

Novella Cəfəroğlu deyir ki, Cahangir Hacıyev bank sədri olub: “İllərlə ölkənin ən böyük bankının sədri olub. Başqa məsələdir ki, onun işi üzrə proses düzgün getmir. Siyasi motiv yoxdur axı. Bankı dağıdıb talan edən insanı necə siyasi məhbus elan etmək olar? Onun məhkəməsi düzgün getmirsə, məhkəmənin monitorinqini keçirmək olar, bu haqda yazmaq olar. Amma siyasi məhbus məsələsində Cahangir Hacıyev kriteriyalara uyğun gəlmir. Millətin pullarını talayıb və buna görə həbs olunub. Onu hansı əsasla siyasi məhbus hesab edə bilərlər? Bu adam sırf yeyinti məsələsinə görə həbsdədir. Onu digərləri ilə qarışdırmaq olmaz. Məsələn, deyə bilərlər ki, Əli İnsanovun da işində yeyinti məsələsi vardı. Amma onun işində situasiya fərqli idi. Əli İnsanova ilkin olaraq hakimiyyəti zorla ələ keçirmə ittihamı vermişdilər, sonradan isə iqtisadi sahədə cinayətkarlıqla əlaqəli ittihamlar da əlavə edilmişdi. Cahangir Hacıyev isə şəbəkə şəklində, bir çox adamlarla əlbir olmaqla Beynəlxalq Bankı talayıb. Hesab edirəm ki, bu gün onunla birgə həbsdə olmalı çox şəxslər var”.

N.Cəfəroğlu deyib ki, C.Hacıyevin barəsində ittihamedici hökmün çıxarılmasını düzgün sayır. Amma bununla belə, məhkəmənin ümumilikdə düzgün aparılmadığını, əsassız olaraq C.Hacıyevin vəkillərinin vəsatətlərini təmin etmədiyini də qeyd edib.

Yada salaq ki, Cahangir Hacıyev 2016-cı ildə adının siyasi məhbus olaraq hallandırılmasına münasibət bildirmişdi. Demişdi ki, bu istiqamətdə heç bir addım atmır. Sitat: “Mən Cahangir Hacıyev olaraq, siyasi məhbus kimi tanınmaq istiqamətində heç bir addım atmamışam. Vəkillərim də bu məqsədlə heç bir quruma, heç bir şəxsə müraciət eləməyib”.

Həbsdəki bankir adının növbəti dəfə siyasi məhbus olaraq hallandırılmasına hələlik münasibət bildirməyib.

Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum olunub. Onun digər ittihamları üzrə də proses davam edir.