Ölkə

Bu gün I və IV qrupların imtahanıdır

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

DİM-dən Unikal.org-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılır. İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

İmtahanda 24 028 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19 878 abituriyent I qrup üzrə, 4150 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 21 940 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 18 238, IV qrup üzrə 3702 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1640, IV qrup üzrə 448 nəfər) məzunudur. Abituriyentlərin 13 788 nəfəri oğlanlar (I qrup üzrə 12 786 nəfər, IV qrup üzrə 1002 nəfər), 10 240 nəfəri isə qızlardır (I qrup üzrə 7092 nəfər, IV qrup üzrə 3148 nəfər). 21 720 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2049 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 31 nəfər ali təhsil müəssisələrinin, 228 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 125 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 10 706, Naxçıvanda 598, Gəncədə 2473, Sumqayıtda 1586, Mingəçevirdə 1092, Şəkidə 1682, Bərdədə 905, Göyçayda 1157, Şirvanda 1244, Lənkəranda 1507, Xaçmazda isə 1078 abituriyentin imtahan verəcəyi gözlənilir.