Müsahibə

Ermənistanı gözləyən fəlakət: İsrailli politoloq Paşinyanın hiyləsindən danışdı – MÜSAHİBƏ

Sharing is caring!

“Cənubi Qafqazda əsas marağımız biznesin inkişafı, Azərbaycan və Gürcüstanla kooperativləşmədir. Ermənistanla, demək olar ki, heç bir biznes əlaqəmiz yoxdur, diplomatik münasibətlərimiz isə çox zəifdir.

İsrailin Cənubi Qafqazdakı proseslərdə iştirakına Türkiyənin baxışına gəldikdə isə, bu, biznes sahəsində sağlam rəqabətdir. Siyasi məsələlərdə biz Cənubi Qafqazda Türkiyənin rəqibi deyilik. Ən azı, özümüzü elə görmürük”.

Bu sözləri Oxu.Az-a müsahibəsində israilli politoloq, beynəlxalq hüquq sahəsində ekspert Mixail Finkel deyib. Mütəxəssis Azərbaycan-İsrail və Türkiyə-İsrail münasibətləri ilə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Dünən İsrail səfirliyi Azərbaycanda fəaliyyətə başlamasının 29 illiyini qeyd etdi. İki ölkənin əməkdaşlığını necə qiymətləndirirsiniz?

– Bu böyük tarixi qiymətləndirərkən deyə bilərəm ki, Azərbaycan dünyada İsrailə ən yaxınlardan biridir. Bizə ən yaxın beş, ya altı ölkə ola bilər, Azərbaycan da onlardan biridir.

– Azərbaycanın İsraildə səfirliyinin açılması nə kimi siyasi yeniliklərə səbəb olacaq?

– Biz İsraildə Azərbaycan səfirliyinin açılmasını çoxdan gözləyirdik və gözləməyə davam edirik. Müxtəlif səbəblərdən bu baş vermirdi. Əminəm ki, bu, zəruri və vacib dövrdür, çünki dövlətlərimiz arasında isti münasibətlər olduğu halda, belə uzun müddətdə ölkəmizdə Azərbaycan səfirliyinin olmaması İsrail siyasi isteblişmenti üçün anlaşılmaz idi. Lakin biz səbirlə gözləyirdik, anlayırdıq ki, Azərbaycanın özünün tutarlı səbəbləri var. Tezliklə isə təkcə Bakıda İsrail səfirliyi olmayacaq, həm də İsraildə Azərbaycan səfirliyinin açılmasına sevinclə şahid olacağıq. Bu, simmetrik, düzgün və yaxşı addımdır.

– Ölkələr arasında siyasi münasibətlərlə yanaşı, ticarət və turizm əlaqələri də inkişaf etdirilir. İyul ayında İsraildə Ticarət və turizm nümayəndəliyimiz açıldı.

– İsrail və Azərbaycan arasında əməkdaşlıq hər müstəvidə inkişaf edir. Ermənistanda yaxın vaxtlara kimi bizim qarşılıqlı münasibətimizə gülürdülər. Deyirdilər ki, Azərbaycan öz neftini, İsrail isə silahını satır, bununla da əlaqələri bitir. Biz isə görürük ki, bu, belə deyil. Bizim kənd təsərrüfatında, yüksək texnologiyalar sahəsində, əczaçılıq biznesində əməkdaşlığımız var. Qarabağda, azad olunmuş torpaqlarda İsrail şirkətləri də iştirak edirlər. Birlikdə həyata keçirdiyimiz çoxlu layihələr var, onların say və keyfiyyəti günü-gündən artır. Buna sevinməyə bilmərik. Biz bir-birimizə çox şey verə bilərik, bunu edirik də. Bizim işgüzar, ağıllı, xeyirxah xalqlarımız kooperativləşməyə daha da səy göstərirlər. Ona görə də mən bunu alqışlayıram.

– Ermənistandan söz düşmüşkən, sülh müqaviləsiylə bağlı da fikirlərinizi bilmək istərdik. Bildiyiniz kimi, artıq iki ildir ki, Ermənistan sülhdən boyun qaçırır. Bunun arxasında hansı səbəblər dayanır? Hansısa qüvvələrin Ermənistana sülh müqaviləsi imzalamamaq üçün təzyiqlər etdiyini düşünürsünüzmü?

– Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana sülh təklif edib, müxtəlif meydanlarda – Moskvada, Brüsseldə sülh və sərhədlərin tanınması barədə danışıb. Nikol Paşinyan da sanki bunu istəyirdi, lakin öz kürsüsünü itirmək qorxusu ilə müxalifətin iradəsinə tabe oldu. Elə görüntü yaradılır ki, guya heç bir sülhdən söhbət gedə bilməz, Ermənistan xalqı sülhə hazır deyil və s.

Dəfələrlə Azərbaycan KİV-ində vurğuladığım kimi, bir daha deyirəm: Onlar illüziyalarla və revanş xəyalları ilə yaşayırlar. Belə fikirlər eynilə I Dünya müharibəsindəki məğlubiyyətdən sonra Almaniyada da vardı. Bu, inkişafın dalana dirənmiş qoludur. Təəssüf ki, belə çıxılmaz fikirlər, ideyalar elə Ermənistanın özündə böyük bədbəxtliklər, problemlər doğurar. Onlar inkişaf, biznes, korporasiya, sülh yolunu deyil, müharibəni seçirlər. Bu isə fəlakətdir.

– Türkiyə ilə İsrail münasibətləri də normallaşmağa başlayıb. Noyabrın 1-də tərəflər səfir mübadiləsi edəcəklər. Bu məsələni necə qiymətləndirirsiniz?

– Əlbəttə, Türkiyə ilə İsrail münasibətlərinin normallaşması, o cümlədən səfirlərin qayıtması bizi sevindirir. İsraildə bu mövzuda mühafizəkar optimizmimizi qoruyuruq, əlaqələrimizin daha da yaxşılaşacağına inanırıq. Çünki bizim Türkiyə ilə qarşılıqlı münasibətlərimiz, tariximiz hər zaman yaxşı olub. 500 il əvvəl böyük türk sultanı II Bəyazidin etdiyi qəhrəmanlığı unutmamışıq. O, İspaniyada xristianlığı qəbul etmədikləri üçün sürgün edilən çoxlu sayda yəhudini xilas etmiş və gəmi ilə Türkiyəyə gətirmişdi. Holokost dövründə yəhudilərin xilası üçün türk diplomatlarının gördüyü işləri unutmamışıq. Türkiyənin müxtəlif dövlət başçıları ilə gözəl dostluq münasibətlərimiz olub. Əlbəttə, insanlar arasında olduğu kimi, ölkələr arasında da anlaşılmazlıqlar olur. Bu münasibətlərin soyuqluq dövrü geridə qaldığı, buzların əriməyə başladığı üçün şadıq. Türkiyə və İsrail arasında müxtəlif sahələrdə böyük və yaxşı əməkdaşlıqlar gözləyirik.

– Suriya məsələsində İsraillə Türkiyənin ortaq məxrəcə gəlməsi mümkündürmü?

– Türkiyə ilə də, İsraillə də qonşu olan Suriya məsələsinə gəldikdə deməliyəm ki, Suriya çox problemli ölkədir, öz qonşularına dağıdıcı təsir göstərir. Burada çoxlu sayda şər qüvvələr aktiv fəaliyyət göstərir. Şər qüvvələri deyərkən mən müxtəlif terrorçuları, kvazişiə təşkilatlarını, o cümlədən İranın dəstəklədiyi “Hizbullah”ı, həmçinin kvazisünni təşkilatlarını – “Əl-Qaidə”ni, İŞİD-in qalıqlarını nəzərdə tuturam.

Bundan başqa, Suriyada bir çox sivil ölkə, həmçinin İsrail tərəfindən terror təşkilatı kimi qəbul edilən İran İslam İnqilabı Keşikçiləri Korpusu da fəaliyyət göstərir. Əlbəttə ki, İsrail orada döyüşür və İranın, həmçinin terrorçuların həmlələrinin qarşısını alır, onların bizim şimal sərhədlərimizə yaxınlaşmasına imkan vermir.

Türkiyənin orada başqa hekayəsi var. Bu, kürd hərbi birləşmələri ilə qarşıdurma və Suriya ilə sərhədlərinin dincliyini qorumaq cəhdidir. O cümlədən silah, narkotik trafikinin, qadın alverinin yayılmasının və qeyri-qanuni miqrantların qarşısını almaq niyyətinin təzahürüdür. Bu, bizi Türkiyə ilə birləşdirir.

Əlbəttə, kimləri terrorçu hesab etmək məsələsində bizim fərqli baxışlarımız və qiymətləndirmələrimiz var. Əminəm ki, Türkiyə və İsrail xüsusi xidmət orqanlarının bu mənada müxtəlif siyahıları və tam fərqli kriteriyaları var. Bizim həmçinin fərqli maraqlarımız, müttəfiqlərimiz, müxaliflərimiz və düşmənlərimiz var. Ancaq düşünürəm ki, ümumi vektorda bizi birləşdirən daha çox şey mövcuddur. Mən xüsusi xidmət orqanlarımızın ölkələrimiz arasında başlayan və daha da inkişaf edəcək kooperasiyasını alqışlamaya bilmərəm.

– Cənubi Qafqazdakı proseslərdə İsrailin iştirakının Türkiyə tərəfindən necə qarşılanacağını düşünürsünüz? Ümumiyyətlə, bu iştirak bölgədə nələri dəyişəcək?

– İsrail Cənubi Qafqazda kiçik oyunçudur. O, bizim region deyil, biz onu özümüzünkü hesab etmirik, orada maraqlarımız, səhədlərimiz yoxdur. Bizi orada maraqlandıran yeganə məsələ İrandır. İİR bizim 1979-cu ildən aktiv müharibə vəziyyətində olduğumuz ölkədir. O, İsrailin mülki obyektlərinə, yəhudilərin obyektlərinə (1994-cü ildə Argentinada, Buenos-Ayresdə Yəhudi İcma Mərkəzinin partladılması, israilli turistlərin olduğu avtobusun partladılması və s.) qarşı xeyli sayda terror aktı həyata keçirib. Göründüyü kimi, İran hərbçilərə deyil, mülki şəxslərə qarşı da vuruşur. Biz İran və onun emissarları ilə Suriyada, Livanda döyüşürük, bombalayırıq. Beləliklə, Cənubu Qafqazda İranın olması bizim hərbi marağımıza səbəb olur.

Cənubi Qafqazda əsas marağımız isə biznesin inkişafı, Azərbaycan və Gürcüstanla kooperativləşmədir. Onu da vurğulayım ki, Ermənistanla, demək olar ki, heç bir biznes əlaqələrimiz yoxdur, diplomatik münasibətlərimiz isə çox zəifdir.

Türkiyənin bu məsələyə baxışına gəlincə isə, bu, biznes sahəsində sağlam rəqabətdir. Siyasi məsələlərdə biz Cənubi Qafqazda Türkiyənin rəqibi deyilik. Ən azı, özümüzü elə görmürük.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir