Müsahibə

Zahid Məmmədov: “Elm və Təhsil Nazirliyi yanında “Professorlar yığıncağı” yaradılmalıdır” – MÜSAHİBƏ

Sharing is caring!

İqtisad elmləri doktoru, professor Zahid Məmmədovun “Report”a müsahibəsini təqdim edirik:

– Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı hansı istiqamətlərə fokuslanmalıyıq?

– Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu cəmiyyətin inkişafının əsas göstəricisi deyil. Başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə ali təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə edib. Ona görə də, Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün elmi tədqiqatlar aparılmalıdır, inkişaf təmin olunmalıdır.

– Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətini necə qiymətləndirirsiniz?

– AMEA-nın bəzi elmi müəssisə və təşkilatlarının Elm və Təhsil Nazirliyinin tərkibinə verilməsi təqdirəlayiqdir. Bu günə qədər AMEA təhsil sistemindən müəyyən qədər uzaq idi. Artıq o təhsil sistemi ilə birbaşa olaraq əlaqəlidir. Belə ki, Akademiya doktorantların və tədqiqatçıların yetişdirilməsində daha yaxından və birbaşa iştirak edəcək. Ona görə də bu yenilik müasir dövrün tələblərinə uyğun, doğru atılmış addımdır.

– Sizcə, indiki dövr üçün ali məktəblərin əsas məqsədi nə olmalıdır?

– Universitetlər təhsil-elm-istehsalat üçbucağı prizma­sın­dan qiymət­ləndirilir. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm və təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil. Universitetlər təkcə təhsil mərkəzləri kimi deyil, həm də elmi-tədqiqat mərkəzləri kimi qəbul olunur və ixtisaslaşır. Burada təhsilalanları öyrətməklə yanaşı, müxtəlif istiqamətli və geniş miqyaslı elmi tədqiqatlar da aparılmalıdır. Modern ali məktəblərin məqsədi öyrətmək deyil, öyrənmək olmalı­dır. Öyrənməsini bilməyən ali məktəblər, öyrədən müəssisə də ola bilməz, yəni özü öyrənməyənin, başqasını öyrədə bilməsi mümkünsüzdür. Ali məktəblər özünün öyrənmək metodunu tətbiq etsə güclü universitetlər formalaşacaq. Rusiyada bu sistem tətbiq edilir. Mən 2005-ci ildə bir məqalə yazmışdım. Həmin məqaləyə görə məni Rusiyaya dəvət etdilər. Azərbaycanda isə buna reaksiya belə olmadı. Yəni, əsaslı formada elm və təhsilin vəhdəti təşkil edilməli, araşdırmalar aparılmalıdır.

– Universitetlərdə dəyişikliklər hansı formada aparılmalıdır?

– Universitetlərin sosial-iqtisadi funksiyaları dəyişir, yəni ənənəvi olan təhsil və elmi missiyalarla yanaşı, sürətlə inkişaf edən iqtisadi fəallıq sferasının yaranmasıdır. Həmin çərçivəyə texnologiyaların işlənməsi və transferi, akademik elmin məhsullarının kommersiyalaşması və bazara çıxa­rılması, yeni bizneslərin yaranması, nəhayət gəlir əldə etmək məq­sə­dilə əqli mülkiyyətin idarə olunması daxildir. Universitetlərdə bilik istehsal olunur və burada istehsal edilən biliklər ictimaiyyətin hüquqi, sosial-iqtisadi qərarlarına ciddi təsir göstərir. Məhz buna görə də, Qərb universitetlərində sosial elmlərin nümayəndərini “düşüncə fabrikaları” (think thanks) və ya “düşüncə polisi” olaraq adlandırılırlar.

– Elmi fəaliyyətin qiymətləndirilməsi və müzakirəsi hansı formada aparılmalıdır?

– Müasir dövrdə elmi fəaliyyətin qiymətləndirilməsi və idarə edilməsi proseslərini həyata keçirən inzibatçılar, əsasən, nəşr sayı və elmi jurnallarda istinad edilmələrindən istifadə edirlər. Bizim elmi işçilərin və kollektivlərin fəaliyyətinin qiymətləndirilməsi çox ciddi ekspertizaların nəticəsi əsasında aparılmalı və elmi nəticələrin publik olaraq müzakirəsindən sonra həyata keçirilməlidir. Universitetlərin əsas gücü onun elmi tədqiqatlarıdır. Elmi tədqiqatı olmayan universitetləri güclü universitet adlandırmaq olmaz. Ona görə də, mən hesab edirəm ki, Elm və Təhsil Nazirliyi yanında “Professorlar yığıncağı” yaradılmalıdır. Məqsəd isə Nazirliyin fəaliyyətinə elmi cəhətdən təkan vermək olmalıdır. Ümumiyyətlə, təhsil xidmət deyil, təhsil ölkənin milli təhlükəsizliyidir. Bu baxımdan elm və təhsil qarşılıqlı fomada əlaqədə olmalı, mütləq şəkildə elmi tədqiqatlar aparmalı, Azərbaycanın bu günü və sabahı üçün savadlı kadrlar yetişdirilməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi olub. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər, Ümumi Təhsil üzrə Dövlət Agentliyi kimi iki yeni agentlik yaradılıb. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi elmi müəssisə və təşkilatları qurumun tabeliyinə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir