Müsahibə

Rəqibini hirsindən səhərədək ağladan Hüseyn: “Dünyada bir insan belə, sənə inanmasa…” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Qələbənin sevincini özümə gələndən sonra dərk etməyə başladım. Və sanki ikinci dəfə qalib gəldim. Dostlarımızdan biri dedi ki, yarışdan sonra Davurxan səhərə kimi hoteldə hirsindən ağlayıb. “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanda da çox möhtəşəm və təkrarsız hisslər keçirdim. Bu hissin adı nədir, tam dəqiq bilmirəm, amma qürur, fəxr və məğrurluq ürəyimi bürümüşdü”. 

“Kaspi” qəzetinin budəfəki müsahibi 2021-ci ildə Tokioda keçirilən Paralimpiya Oyunlarında qızıl medal qazanmış paracüdoçu Hüseyn Rəhimlidir.

Dünyada XIX əsrin, Azərbaycanda XX əsrin sonlarında yayılan cüdo idman və fəlsəfənin vəhdətidir. Bu vəhdət özü də bir incəsənətdir – döyüş incəsənəti. Cüdonu yaradan, Kodokan məktəbinin bünövrəsini qoyan Ciqaro Kano deyirdi ki, yeddi dəfə yıxılıbsansa, səkkiz dəfə ayağa qalx. Bu fəlsəfə, xüsusən də, paracüdoda özünü daha çox göstərir. Əgər ruhun güclüdürsə, fiziki də qalib gələcəksən. 


Hissiyyatla döyüşürəm

Beş yaşından cüdo ilə məşğul olan Hüseyn deyir ki, bütün həyatı başdan-başa bu idman növü ilə əhatəlidir:

“Uşaqlıqdan gözlərimdə problem vardı. Amma bu qədər deyildi. Heç nəyə baxmayaraq, məşqlərimə davam edirdim. Çünki bunu istəyirdim, məqsədim vardı. Amma illər keçdikcə gözümdəki problem daha da dərinləşməyə başladı. Yenə də məşqləri dayandırmadım. Astiqmatizm də məndə çox güclü səviyyədədir və damar qırılma ehtimalım yüksəkdir. Təbii ki, görməm də zəifdir. Amma tatamiyə çıxanda görməyə ehtiyac hiss etmirəm, çünki hissiyyatla döyüşürəm”. 


Cüdo ruhumdadır

“Qazandığım uğurlar həyatımda yeni səhifələr açdı” deyir paracüdoçumuz:

“Mən özümə daha da çox inandım, daha çox güvəndim. Hazırda 2024-cü ildə Parisdə  keçiriləcək paralimpiya yarışlarına hazırlaşıram. Məqsədim ikinci dəfə qızıl medalı Azərbaycana gətirməkdir. Və ondan sonra, çox güman ki, karyeramı bitirəcəyəm. Çünki səhhətimə get-gedə daha pis təsir edir idmanla məşğul olmaq. Son vaxtlar uşaqlar, xüsusən də məhəllə uşaqları onlara məşq keçməyimi istəyirlər. Bəlkə də, idmanda fəaliyyətimi məşqçi kimi davam etdirdim. Çünki bu sahədən tamam uzaqlaşa biləcəyimə inanmıram. Cüdo mənim ruhumda, canımdadır. Elə olub ki, qabırğam sınıb, amma yenə də məşq etmişəm. Həkim MRT nəticələrimə baxandan sonra məşqi qəti qadağan edib. Mən isə dayanmamışam. Çünki bununla yaşayıram və məşqsiz özümü təsəvvür edə bilmirəm”. 


Qızıl medala gedən yol

Hüseyn 2017-ci ildən paralimpiya hərəkatına qoşulub:

“Ona qədər də müəllimlərim Cəfərov Ağanağı, İbrahimov İbrahim paralimpiyaçılara qoşulmağı məsləhət görürdülər.  2013-cü ildən avstriyalı məşqçi Peter Zayzenbaxerin məşqlərində iştirak etdim. Burada məşqlər daha gərgin keçirdi. Bu da gözümə çox pis təsir etdi. Belə ki, gözlərim sürətlə zəiflədi. Sonra da hərbi xidmətdə oldum. Sonradan İbrahim müəllimin yanına gedəndə dedi ki, ay bala, mən sənə elə əvvəldən deyirdim, gəl buraya. Qızıl medala gedən yolum buradan başladı. Gərgin məşqlər, müəllimimin motivasiyası mənə güc verirdi. Və nəhayət, Paralimpiya Oyunlarında qızıl medal qazandım”. 


İkinci dəfə qalibliyi yaşadım

2021-ci ildə Tokioda keçirilən Paralimpiya Oyunlarında Hüseyn Rəhimli 1/4 finalda Böyük Britaniyadan olan Daniel Paueli, yarımfinalda isə Cənubi koreyalı Jung-Min Lini məğlub edib. Rəhimli finalda özbəkistanlı Davurxon Karamatova qalib gələrək debüt etdiyi Paralimpiya Oyunlarının qızıl medalını qazanıb. İdmançımız bu haqda da danışdı:

“Finaldakı rəqibimə əvvəlki yarışlarda üç dəfə uduzmuşdum. Amma hər dəfə də deyirdim ki, ona Paralimpiya oyunlarında qalib gələcəyəm. Bunu onun özünə də demişdim. Amma çoxu deyirdi ki, onunla düşsən, yenə də uduzacaqsan. Maraqlısı budur ki, bizim ikimiz də, demək olar, eyni səviyyəli idmançıyıq. Mən də hissiyyatla güləşirəm, o da. O da elastikdir, mən də. Fəndlərimiz belə eynidir. Amma cüssəcə məndən çox böyük olduğundan, ona uduzurdum. Dediyim kimi, ona qalib gəldim. Buna elə əvvəldən də inanırdım!

Döyüşdən sonra uzanıb qalmışdım döşəyin üstündə. Gərgin döyüşdə gözümə güc düşmüşdü. Təzyiqim 250-yə qalxmışdı, heç nə hiss etmirdim. Qələbənin sevincini özümə gələndən sonra hiss etməyə, dərk etməyə başladım. Və sanki ikinci dəfə qalib gəldim. Amma onu da deyim ki, özbək idmançılarla dostluq edirik. Dilimiz də birdir, demək olar ki. Dostlarımızdan biri dedi ki, yarışdan sonra Davurxan səhərə kimi hoteldə hirsindən ağlayıb. Daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanda çox möhtəşəm və təkrarsız hisslər keçirdim. Bu hissin adı nədir, tam dəqiq bilmirəm, amma qürur, fəxr və məğrurluq ürəyimi bürümüşdü”. 


Həmin o nadinc uşaq

Bir çox adamlar qızıl medal alandan sonra dəyişirlər. Amma Hüseyn deyir ki, qələbə mənə xüsusi ruh yüksəkliyi, güvən versə də, xaraktercə dəyişmədim:

“Kənddə doğulub-böyüyən, həmin nadinc uşağam. Amma insanların mənə münasibəti dəyişdi. Daha çox tanındım, daha çox sevildim, çevrəm böyüdü”. 


Cüdodan başqa hər şey gəldi-gedərdir

“Cüdodan başqa, futbolla da məşğul oluram” deyir Hüseyn:

“Çox sevirəm, bundan da böyük zövq alıram. Amma ümumiyyətlə, nə ilə maraqlansam, onu tez götürə bilirəm. Və bilmədiyim hər bir şeylə maraqlanıram. İstənilən halda, başqa bir ixtisas, peşə sahibi olmaq istəməzdim. Cüdodan başqa, hər şey mənim üçün gəldi-gedərdir. Bütün işlərimin və fikrimin üstündə cüdo dayanır. Amma mən yenə də özümdən narazıyam. Hesab edirəm ki, daha çox məşq edə, daha çox yarışlara qatıla, daha çox qalib ola bilərdim.

Yemək məsələlərinə gəlincə, xüsusi pəhriz saxlamıram. Ət yeməklərini sevmirəm, toyuq ümumiyyətlə yemirəm. Balıq, meyvə-tərəvəz daha çox yeyirəm. Fastfud yeməklər idmançıya ziyandır, elə idmançı olmayanlara da. Aradabir ürəyim istəyəndə yeyirəm, amma ümumən aludəçisi deyiləm. Bununla bağlı xüsusi kaprizlərim yoxdur”. 


Bir insan belə, sənə inanmasa…

“Fiziki məhdudiyyətli insanlar çox həssas olurlar” deyir idmançı:

“Adi bir davranış, baxış, münasibət təsir edir. Bəzən ruhdan düşür, bəzən də hər şeyi buraxıb getmək istəyir insan. Amma mən istərdim ki, hər kəs özünə güvənsin, hansı sahədə olursa-olsun, qələbəsinə inansın. Çünki hər şey inamdan başlayır. Dünyada bir insan belə, sənə inanmasa, gərək özün özünə inanasan”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir