Müsahibə

Nahidə Orucova: “Aktyora “TikTok” lazım deyil, insan gərək özünə hörmət etsin” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“TikTok”da normal adam görə bilmirsən. Kim nə giclik etmək istəsə, gedir “TikTok”da edir. Olmaz belə. Pis tərəfi də odur ki, aralarında aktyorlar da var. Onlara yaraşdırmıram: Sən onsuz da efirdə, səhnədəsən, aktyora “TikTok” lazım deyil. Pul hamıya lazımdır, əsas gərək insan özünə hörmət etsin”.

Bunu Oxu.Az-la söhbətində Əməkdar artist, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Nahidə Orucova deyib. Aktrisa qeyd edib ki, heç özünün də sosial şəbəkəyə vaxtı qalmır:

– “Instagram”dan istifadə edirəm. Ancaq sosial şəbəkələrdən istifadə etmək üçün çox vaxtım olmur. Bütün gün qaçaqaçda oluram. Tamaşaların məşqindən qaçıram çəkilişə, çəkilişdən sosial tədbirlərə… Artıq evə çatanda çox yorğun oluram. 

– İzləyiciləri çox olan bloqerlərin, eləcə də modellərin film və seriallarda rol alıb özlərini aktyor adlandırmalarına necə baxırsınız? 

– Mən onları aktyor adlandırmıram. Bu sənəti gərək təməlindən öyrənəsən. İncəsənətin çox xırdalıqları var, bunları bilmədən necə aktyor olmaq mümkündür? Səhnə danışığı, etikası, aktyor sənəti – bunlar hamısı universitetdə öyrənilir. Qabaq elə aktyorlarımız olub ki, onlar universitet bitirməyiblər, ancaq onlarda fitri istedad olub. İllər ötdükcə, onlar səhnədə işlədikcə universiteti bitirib o diplomu alıblar. Qıraqdan baxanda, bəlkə də, çoxuna asan gəlir, ancaq bizim sənət çox qəlizdir. Mən səni inandırmasam ki, bu rolun içindəyəm, uğurlu alınmaz. Səni inandırmaq üçün də o məktəbi keçməliyəm. 

– Özünüz tələbə yetişdirməyi düşünürsünüz? 

– İstəyərdim, tələbələrim olsun. Əvvəl cavan idim, buna hazır deyildim. Ancaq teatr, yaradıcılıq, karyera düşünürdüm. İndi isə özümü tələbə yetişdirməyə hazır hiss edirəm. Görək, inşallah. Hələ ki, teatrdan başım açılmır. 

– Bir çox gənclər teatrda iş tapa bilmədiklərindən gileylənirlər. Bu barədə nə düşünürsünüz? 

– Teatrımızın bədii rəhbəri və direktoru bizim səhnədə bir çox gənclərə yol açır. İncəsənət Universitetindən və Konservatoriyadan istedadlı gəncləri seçərək teatra gətirir. Burada səs, boy, görünüş, istedad – hər biri nəzərə alınır. Və biz də sözsüz ki, gələn gənclərin əlindən tutub səhnədə addımlamağı öyrədirik. Bunu özümüzə borc bilirik. 

Aktrisa ilə söhbətimiz zamanı qolundakı gips diqqətimizdən qaçmır.

– Nahidə xanım, qolunuzun gipsə salınmasına səbəb nədir? Necə baş verdi hadisə? 

– Tamaşada əlim sınıb. Hələ bir ay gipsdə qalacaq. Tamaşadan öncə hazırlıqlar zamanı durdum ki, səhnəyə çıxım, ayağım ilişdi, yıxıldım. Tamaşanı da elə o cür oynadım. Çünki hələ ağrını hiss etmirdim, ancaq tamaşadan sonra evə gəldikdə başladım ağlamağa. Göz-nəzər dəydi (gülür). Tezliklə sağalmalıyam, qarşıda çoxlu tamaşalarımız var, 90%-də iştirak edirəm. 

Siz də var olun ki, hər zaman aktyorların fəaliyyətini işıqlandırırsınız. Ancaq bəzi saytlar var ki, ancaq pis şeyləri qabardıb yazırlar, bu bizi əsəbiləşdirir. Onlar bilmirlər ki, bizim sağlamlığımızla oynayırlar. Biri var, müğənni və ya başqa kimsə haqda yazasan, biri də var aktyor. Aktyorlar kövrək insanlar olurlar. 

Dilşad Bəhruzqızı
FOTO: Sabir Məmmədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir