Müsahibə

Fransada kəmər qazanan kikboksçu: “İlk raundun ilk dəqiqəsində onu nokauta saldım” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Kikboksinq üzrə dünya və Avropa mükafatçısı Turan Qafarovun Oxu.Az saytına müsahibəsi

– İyunun 11-də Fransada keçirilən fransız boksu – savat adlı idman növündə qüvvənizi sınadınız. “Savat Pro Tur” adlı turnirdə iştirakınız necə oldu?

– Yarış Fransanın Nansi şəhərində keçirilirdi. Dörd idmançı ora qatılmışdı: Fransadan Anj Kunzli, Mərakeş əsilli fransalı Əziz Abdelaui, Mərakeş əsilli italiyalı Ussama Şahidi və mən. Bu, şou xarakterli peşəkar döyüş idi və savat qaydaları ilə keçirilirdi. Xüsusi şalvar və döyüş ayaqqabısı ilə rinqə çıxırsan. 67 kq çəki dərəcəsində kikboksinq, K1, muay tay (Tailand boksu) və savat üzrə dünya çempionlarına dəvət göndərilir. Mən K1-də dünya ikincisi olsam da, məni bəyənmişdilər və türk menecerim Abdullah Özkan vasitəsilə turnirə dəvət etmişdilər.

Mən yarımfinalda Ussama Şahidi ilə döyüşməli idim. Ancaq o, döyüşə iki gün qalmış zədələndiyindən, imtina etdi və onun yerinə İtaliyadan muay tay idmançısı Yuri Qentli çağırıldı. Ona qalib gəldim və finalda Əziz Abdelaui ilə görüşdüm. Döyüşümüz beş raund olmalı idi. Ancaq mən ilk raundun ilk dəqiqəsində onu nokauta saldım və kəməri qazandım.

– Əvvəl də deyəsən bu turnirdə iştirak etmişiniz…

– Bəli, pandemiya düşməzdən əvvəl – 2020-ci ilin martın 7-də bu turnirdə iştirak etmişdim. Amma orada yarımfinalda belaruslu Oleq Lixtaroviçə savat döyüşünün qaydalarını yaxşı bilmədiyim üçün uduzmuşdum. Onda hakim elə bilmişdi ki, döyüşdən imtina edirəm. Bununla belə, belaruslu idmançı da qabırğalarından zədələndiyi üçün finala çıxa bilməmişdi.

– Ötən ay keçirilmiş kikboksinq üzrə Azərbaycan çempionatında “low kick” versiyası üzrə 63,5 kq çəki dərəcəsində Arzuman Qədirova uduzdunuz. Lakin sizə şans verildi ki, yenidən onunla əlavə döyüş keçirəsiniz. Milli komanda ilə birgə Qazaxdakı təlim-məşq toplanışında iştirak etməməyinizdən belə başa düşülür ki, Arzumanla artıq döyüşmüsünüz…

– Bəli. Srağagün Bakı Olimpiya Stadionunda onunla döyüşdüm və uduzdum. Respublika çempionatında mən ona qalib gəlmişdim, hakimlər haqqıma girmişdilər. Amma bu dəfə o mənə haqlı şəkildə qalib gəldi. Həqiqətən yorğun idim, Fransada iki döyüşdən çıxıb gəlmişdim, sol dizimdə zədə vardı.

– Əvvəllər aranızda baş tutmuş döyüşlərdə kim üstün olub?

– Üç dəfə o, üç dəfə mən qalib gəlmişdim. Bakı Olimpiya Stadionundakı əlavə döyüşlə o məni keçdi.

– Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edə bilmədiyinizə görə məyusluq varmı?

– Qismət deyilmiş. Amma bu ilin sonunda Türkiyədə keçiriləcək Avropa çempionatında iştirak edəcəyəm. Çünki K1-də 63,5 və 67 kq çəki dərəcələrinin bir nömrəsi mənəm.

– Avropa çempionatınadək hansısa şəxsi beynəlxalq yarışlarınız var?

– Türkiyədə avqust və sentyabr aylarında iki peşəkar döyüşüm olmalıdır. “Thai Fight” və “King of Kings” kəmərləri üçün döyüşəcəyəm.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir