Müsahibə

Bartoş Qolabek: “Bunlar Moskvadan gələn dedi-qodular və boş söhbətlərdir”

Sharing is caring!

“Ukraynadan olan qaçqınlar müharibə səbəbindən Polşaya gəlməkdə davam edir, müharibə zonasından təxliyə olunurlar. Amma Ukrayna vətəndaşlarının, ilk növbədə, Donbasdan Polşaya gələn ilk axını 2014-cü ilin yazından – qondarma “rus baharı”nın başladığı vaxtdan müşahidə olunur”. 

Bu sözləri Krosnodakı (Polşa) Dövlət Peşə Ali Məktəbinin Humanitar Elmlər İnstitutunun direktoru Bartoş Qolabek Oxu.Az-a müsahibəsində Ukraynadan gələn qaçqın axını ilə bağlı danışarkən deyib:

– O zaman gələn Ukrayna vətəndaşlarının sayı bir milyona yaxın idi. Onlar bizim cəmiyyətimizə, məşğulluq sisteminə möhkəm, təbii şəkildə birləşiblər. Bir qrupu əsasən fiziki əməklə məşğul olan insanlardır. İkincisi kifayət qədər yaxşı təhsilli gənclərdir, bir çox korporasiyalar onları görməkdən məmnundurlar. İngilis dilini pis bilmirlər, rus dilini mükəmməl bilirlər.

Son yeddi ildə onlar artıq ölkəmizin bir hissəsinə çevriliblər. Bütün polyakların ukraynalı tanışı var. Polşada doğulan uşaqlar polyak dilini mükəmməl bilir və hətta valideynlərini də öyrədirlər. Müşahidələrimə görə, onlar ölkəmizi zənginləşdiriblər.

– Bəs indiki vəziyyət necədir? Bu ki, Ukraynadan gələn qaçqınların ikinci, daha güclü dalğasıdır.

-Bəli, bu axın xüsusidir. Ukraynalılar təkcə Polşaya yox, Avropaya köçürlər. Onlar əsasən uşaqlı qadınlardır. 2014-cü ildə biz həm iqtisadi səbəblərdən, həm də Ukraynanın şərqində müharibə qorxusundan daha çox miqrantın şahidi olduq. Onlar yaşamaq üçün yeni yer tapmalı olduqlarından Polşanı seçiblər və burada qalıblar.

İndi gələnlərin çoxu yaxın gələcəkdə öz ölkələrinə qayıda biləcəklərinə ümid edir. Hazırda Ukraynaya doğru sərhədi keçənlərin sayı Ukraynadan Polşaya və oradan da Avropaya gedənlərdən çoxdur.

Regional idarələrimiz çox yaxşı işləyir. Məktəblər və uşaq bağçaları anaları və nənələri ilə gələn ukraynalı uşaqları hərarətlə qarşıladılar. Qeydlər Ukrayna və rus dillərində çıxdı, mən bunu, məsələn, oğlumun oxuduğu məktəbdə gördüm. Biz hamımız, o cümlədən mən, ailəm, tələbələrim ukraynalı qaçqınlara kömək edirik.

– Rusiyada deyirlər ki, Polşa Ukrayna ərazilərini özününküləşdirəcək. Belə bir bəyanatla, məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

-Əgər söhbət Polşanın Ukraynanın mövcudluğunu dayandırmasını istəyib-istəmədiyindən və Varşavanın bəzi Ukrayna ərazilərini almaq niyyətinin olub-olmadığından gedirsə, dərhal cavab verim ki, yox, heç bir halda belə bir şey mümkün deyil. Polşa hakimiyyəti və cəmiyyəti başa düşür ki, indi azad Ukrayna uğrunda mübarizə gedir.

Ukraynalılar Avropa İttifaqına daxil olmaq istəyirlər və bu, onların öz işidir, arzularıdır. Eşitdik ki, (Ukraynanın Aİ üzvlüyünə namizəd statusu məsələsinə baxılması – red.) yayda baş tuta bilər, hər halda müzakirələr gedir. Əgər gələcəkdə Ukrayna Avropa İttifaqına və Şengen zonasına daxil olarsa, o, azad və güclü Avropanın bir hissəsinə çevriləcək.

Polşa isə Ukraynanı bölmək, ərazisini hansısa inzibati Polşa vahidinə daxil etmək niyyətində deyil. Bunlar Moskvadan və Kreml administrasiyasından gələn dedi-qodular və boş söhbətlərdir. Bu anlaşılandır, çünki informasiya müharibəsi gedir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir