Müsahibə

Ayaz Babayev: “Kürəyimdəki bıçaqları çıxardıb satsaq, bir ev almaq olar” – MÜSAHİBƏ + FOTO/VİDEO

Sharing is caring!

“Sənət yoldaşım Pərvanə ilə konsertdən qayıdanda maşında elə-belə video çəkdik, səhər oyandıq ki, məşhuruq. Çox adam elə bilir ki, biz dublyajdan müğənniliyə keçmişik. Biz müğənni idik, sadəcə olaraq sizə sənət maraqlı deyildi, lağlağı, gülmək lazım idi. Biz də onu göstərdik, hamınız bizi tanıdınız. Taktikamızı işlətdik, sonra da mahnılarımızı sizə satdıq. Və bundan əsla utanmıram. Eləmişəm, yaxşı etmişəm. Deyirlər ki, “birdən məşhurluğun getsə, nə edərsən?” Deyirəm, heç nə, bu ölkədə məşhur olmaq çox asandır: İki dəfə meymunluq edər, yenə məşhur olarıq”.

Bu sözləri mahnıları ilə “YouTube”da milyonlarla baxış toplayan gənc ifaçı Ayaz Babayev Oxu.Az-a müsahibəsi zamanı bildirib.

A.Babayev oxucuları maraqlandıran suallara aydınlıq gətirib:

– Ayaz bəy, gənclər arasında ən sevilən ifaçılardan birisiniz. Məşhur olduğunuzu ilk dəfə nə zaman anladınız? Sizə uğur gətirən mahnınız hansı oldu?

– Sima olaraq illər öncədən “Instagram”da tanınırdım, videolar çəkirdim, statuslar yazırdım, fotosessiyalar edirdim. Sura İsgəndərli ilə “Yaxşı ki, varsan” mahnısını duet oxuduq, çox yaxşı effekt verdi. “Mələk kimi” mahnısında isə ilk dəfə məşhurluğu hiss etdim. Bir konsertdə idim, hamı başladı bir ağızdan o mahnını mənimlə birgə oxumağa. Onda tüklərim biz-biz oldu ki, mən düz yoldayam. 

Bir az sözüm eqoistcə çıxa bilər, amma bu uğuru özümə borcluyam. Hər şeyi o qədər hesablı-kitablı edirəm ki, mənə bəzən deyirlər ki, “sənin niyə bir mahnın bir tərzdə, digəri başqa tərzdə olur?” Bəzən də deyirlər, “Ayaz özünü tapmayıb”. Onlara çatmır ki, mən hazırda eksperimentlər edirəm. Sənət elə bir şeydir ki, mən istəyirəm, daim dəyişim, yenilənim. Tutmaq olmur ki, insanlar tam olaraq nə istəyirlər. Mən onu düşünərək hər kütləyə xitab etməyə çalışıram. 

Fikirləşirəm ki, uğurlu olmağımın səbəbi budur ki, mənə yalnız bir kütlə qulaq asmır. Mənə rep dinləyən də qulaq asır, Mustafa Ceceli dinləyən də qulaq asır. İstəyirəm ki, fərqli zövqlərdən olan insanlar mənim mahnılarımda özlərini tapsınlar.

– Telekanallarda sizi çox az görürük. Buna səbəb nədir, dəvət olmur, yoxsa siz qəbul etmirsiniz? Ümumiyyətlə, telekanallarda sizə qarşı münasibət necədir?

– Elə telekanallar var ki, ümumiyyətlə, mənim adım çəkiləndə yayımı dayandırıb yenidən çəkirlər. Deyirlər, onun adını çəkmə. Naməlum əllər var ki, məni bir çox yerdən uzaqlaşdırır. Sadəcə mənə təsir edən odur ki, mən bu ölkənin vətəndaşıyam, bu ölkənin musiqisinə xidmət edirəmsə, nəyə görə mən telekanallarda və radiolarda eşidilməməliyəm?

Haqlı üsyan etdiyimi düşünürəm. Artıq o baryeri keçdim, mənim bu üsyanı etməkdə məqsədim odur ki, məndən sonra gələn gənclərə, heç olmasa, fürsət yaratsınlar. Otuz-qırx il eyni adamları nə qədər dinləmək olar axı? İçlərində elələri var ki, onlar həqiqətən əfsanədir, başımızın tacıdır. Amma onlarla bərabər, bizim kimi gənclər də olmalıdır.

Bir-iki nəfəri çıxmaqla yaşlılar bizi elə-belə görürlər. Amma biz yığdığımız baxışın dördqat aşağısında baxış yığırlar. “Əşi, mənim üçün trend göstərici deyil. Mənim üçün rəqəm göstərici deyil”, – o baxışı yığa bilməyən müğənnilərdir bunları deyənlər. Bir ilə mahnıları bir milyon baxış yığanda sevinə-sevinə onu paylaşırlar ki, “mahnımız bir milyon olub”. Bəs baxış göstərici deyildi, niyə paylaşırsan indi? Sözün əsl mənasında pişiyin əlinin ətə çatmağı məsəli var.

– Pərəstişkarlarınızın çoxu xanımlardır, yəqin ki, sizə aşiq olanlar da az deyil. Onlardan eşq etirafı almısınızmı?

– Çox maraqlı bir nüansa toxundunuz. Bir də görürsünüz, konsert paylaşımlarımın altında bir nəfər gəlib şərh yazır: “Pff… hamısı qızdır ki”. Normal olaraq dünyada bu belədir ki, oğlan ifaçının sevəni daha çox xanımlar, xanım ifaçının sevəni isə daha çox bəylər olur. Konsertlərdə gəlib iştirak edən, çılğıncasına əylənən gənclərin qarşısını alırlar. Konsertimə gələn xanımlara təhqir yazılanda çox əsəbiləşirəm. Burada ayıb, əxlaqsız heç nə yoxdur. İnsanlar gəlir, istirahət edib, o anı yaşayırlar.

Qaldı ki sevgi etirafına, etiraflar olur. Amma bu məsələlərə sözün əsl mənasında vaxtım yoxdur. Hazırda bu barədə düşünmürəm. Nə vaxtsa düşünsəm, təbii ki, mən insanın peşəsinə, gözəlliyinə yox, xasiyyətinə önəm verəcəm. Bir insanla yola çıxaramsa, onunla bu günümü düşünmərəm. Bu gün özümə yüz əyləncə tapa bilərəm. Qocalanda o mənim yanımda qalacaq, ya mən onun yanında qalacam? – Önəmli olan budur.

– Xasiyyətdə hansı nüanslara daha çox önəm verirsiniz?

– Ən birinci qadının yumor hissi olmalıdır. Küt insanlar olur, bu, qadın-kişi fərq etmir – zarafat edirsən, anlamır, söz deyirsən, çatmır ona. Biri var, savad, biri var, ağıl. Misal üçün, savadsız qadın ola bilər, təhsil almayıb, bu, normal bir şeydir. Amma ağılsız qadınla mən yola gedə bilmərəm. Mütləq şəkildə ağıllı qadın olmalıdır, yumor hissi olmalıdır və ən əsası – heyvanlar başda olmaqla insanlara da sevgi ilə yanaşmalıdır, həyatı sevməlidir.

Bəlkə də, məndən çox dostları tərəfindən incidilən, qırılan insan olmayıb. Kürəyimdəki bıçaqları çıxardıb satsaq, bir ev almaq olar. Ancaq buna rəğmən, yenə hamıya güvənib, insanları sevməyə çalışıram, çünki başqa cür bu həyatı yaşamaq olmaz.

– “Şou-biznesdəki xanımlardan iyrənirəm”. Bunu müsahibələrinizin birində demişdiniz, yenə eyni fikirdəsiniz?

– Şou-biznesdə tanıdığım sənət yoldaşlarım olub ki, üzümə gülüb, gedib, arxamca danışıblar. Məni məclisə çağırırlar, deyirlər ki, “Ayaz məclislərə getmir”. Ümumiyyətlə, nəinki xanım, bəylər də daxil olmaqla şou-biznesin 99%-dən iyrənirəm və uzağam. Sənət dostu dediyim iki-üç nəfər var, vəssalam. Amma onların içində əsl dost dediyim ifaçı Hissdir, xanımlardan deyirəm.

– Baxmayaraq ki, müğənnisiniz, amma bloqerlər olan ortamlarda daha çox görürük sizi. Hətta mahnılarınızın bu qədər çox baxış sayı yığmasını izləyici kütləsi çox olan insanlarla yaxınlıq qurmağınızla əlaqələndirənlər də az deyil…

– “Yaxşı ki, varsan” çıxanda, qlobal markalarla əməkdaşlıq edəndə Azərbaycanda hələ bloqer anlayışı yox idi. “Instagram”da milyonadək izləyicisi olan insanlar var ki, sırf mənə inad başqa-başqa müğənniləri məclislərinə çağırdılar, paylaşdılar. Bu gün bloqerlərə pul verib öz mahnılarını paylaşdıranlar çoxdur, əgər sənin özündə nəsə yoxdursa, istəyir, səni Rihanna paylaşsın…

Bəli, mənim 10-15 nəfər dostum mənim reklamımı edir. Gəlin müqayisə edək, 10-15 nəfərin reklamı, yoxsa TV kanalları, radiolar, “Instagram” səhifələrinin reklamı? Mən onların heç birində yoxam, mənim sadəcə 10-15 dostum var. Tərəziyə qoyanda hansının reytinqi daha çoxdur? Hər bloqerlə dostluq edən də, klipinə çəkən, məclislərinə gedən də “partlatmır”. Bir də görürsünüz, mənə məsləhət verirlər. “Ay allah, bu da bloqerlərin müğənnisi” deyirlər. Mən beş milyon dinlənilirəm, Azərbaycanda beş milyon bloqer var? 15 nəfər bloqeri sən beş milyona tay tutdun? Özündən əminsənsə, düz yolda olduğunu bilirsənsə, insanlara fikir vermək lazım deyil.

– Müğənnilərin özlərini əlçatmaz kimi göstərməyə çalışmasına necə baxırsınız?

– Əvvəl pis baxırdım, indi yaxşı baxıram. Zamanına görə dəyişir. Mühitinə və insanına görə özünü əlçatmaz aparmalısan, məncə.

– “TikTok”la aranız necədir? Hazırda bir çox həmkarlarınız “TikTok”da oyunlar oynayaraq gəlir əldə edirlər.

– “TikTok”da videolar paylaşıram, mahnıların “tutmağında” bu gün böyük bir rolu var. Əgər mahnı “TikTok”da trendə düşdüsə, “YouTube”da da izlənilir. Vur-tut beş dəfə canlı yayım açmışam, o da öz dostlarımla. Bir dəfə yayım açanda, dostlarım girdilər, yarım saatın içində yüz dollar qazandırdılar mənə. Qardaşım deyir ki, oxumağın daşını at, gir “TikTok”a (gülür).

– Həyatınızda sizə dəstək olanlar bir qırağa, mane olanların çox olduğunu demişdiniz. Kimlər sizin yolunuza daş qoymaq istədilər?

– Müğənnilərin çoxunda “blok” siyahısındayam. Xalq artisti var ki, mahnısını oxuduğuma görə məni məhkəməyə verib. Hansı ki hamı oxuyub o mahnını.

Yazırlar ki, “bu, vayn çəkən deyil?” Mən bunu gizlətsəm, özüm hər yerdən silərəm. Bunu özüm paylaşıram. Hərə kütləni bir cür tutur. Mən də videolar çəkib özümü kütləyə tanıtdırmışam. Həmin vaxtlar da mahnılar oxuyurdum, hərbi hissədə konsert vermişdik. 

– Sonda oxuculara sözünüz, məsləhətiniz?

– İnsanlara demək istəyirəm ki, bu dəqiqə itlərin ən məşhur simalara hücumundan yazırlar, amma itlərə olunan hücumlardan yazmırlar. “Qətliamlar” olur, itləri öldürürlər. Düşünürəm ki, bu pandemiya hər nə idisə, bizə xatırlatdı ki, “ey insan, ayıl, bu dünya sənin deyil”. Heyvanlara sevgi ilə yanaşsınlar, başqa heç nə istəmirəm. Onsuz da, insanların bir-birinə sevgisi otuz il qabaqda qaldı (gülür).

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

Dilşad Bəhruzqızı
Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir