Müsahibə

Bakıda nağıl-ev, oxuyan heykəl, 16 ölkəni Azərbaycana gətirən tarixin silinməz izi keramika – REPORTAJ + FOTO

Sharing is caring!

İçərişəhərin bir-birindən maraqlı küçələrindən birində qarşınıza görünüşü ilə digərlərindən fərqlənən ev çıxsa, demək ki, siz bu yazının mənbəyini artıq görmüsünüz. Söhbət rənglərin harmoniyası ilə vəhdət təşkil edən keramikalarla bəzədilmiş evdən gedir.

Bura keramika ustası, rəssam və heykəltaraş Mir Teymur Məmmədova məxsusdur.

Qəhrəmanımız 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1968-1978-ci illərdə V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun “Teatr, musiqi, kino rəssamı” fakültəsini bitirib.

1970-ci illərdən “Kirpi” satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür.

Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. 2004-cü ildə “Humay” milli mükafatına layiq görülüb. 2006-cı ildə “Sülhün elçisi” adına və Azərbaycan incəsənətini xaricdə təbliğinə görə “Simurq” diplomu ilə təltif olunub.

1500-dən çox elmi məqalə müəllifi olan Mir Teymur Məmmədov 2007-ci ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüdür.

Oxu.Az Mir Teymur Məmmədovla müsahibəni təqdim edir:

– Mir Teymur bəy, necə oldu ki, siz keramika sənətinə bu qədər dərin ilgi duydunuz?

– Mən uşaqlıqda çox tənbəl olmuşam (gülür). Bizim nəsildə iki peşə hər zaman üstünlük təşkil edib – rəssamlıq və həkimlik. Anam rəssam idi. Mən ya həkim olmalıydım, ya da rəssam. İlk müəllimim anam olub, daha sonralar isə Böyük Vətən müharibəsi ərəfəsində Leninqraddan Bakıya gələn bir heykəltaraş – Anna İvanovnadan dərslər almışam. Bu sənətin ilkin pillələrini çox güclü peşəkarlardan öyrənmişəm. Müəllimlərimdən biri də Arif Qazıyev olub ki, ondan da çox incə məqamları götürmüşəm. 11 yaşıma qədər bu cür tədrislər almışam.

Mən sənəd verən illərdə heykəltaraşlıq fakültəsini bağlamışdılar. 1964-cü ildə yenidən imtahan verdim, yenə heykəltaraşlıq fakültəsi açılmamışdı deyə düşdüm bədii tərtibat fakültəsinə. Novruz bayramında isə az qalırdı ki, məni Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbindən qovsunlar.

– Niyə?

– Mənim işlədiyim üslublar bir qədər kəskin idi. Onlar istədiyi kimi deyil, Pablo Pikasso və Jorj Brak üslubunda çalışırdım. Mən hündürlüyü dörd, uzunluğu 80 metr olan divarda kinonun tarixini əks etdirən kompozisiya hazırladım. Amma akademik deyil, simvolik formada işlədim. Bu mənim qırmızı diplom üçün işim idi. Sovet vaxtında elə bir məsələ olurdu ki, diplom verilməsə də, tələbə olduğuna dair sənəd verilirdi. O vaxt direktorumuz Eyyub Məmmədov idi. Mən də prinsipial adam idim. Onları gözləmədim, özüm çıxdım getdim.

– Bəs nə əcəb Dilarə xanım bu məsələlərə qarışmırdı?

– Mən özüm buna icazə vermirdim. Hətta mən Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə sənəd verəndə anam bilmirdi. Qəbul olunduqdan sonra bilmişdi və küsmüşdü. Mən isə ona demədim ki, heç kim mənə deməsin ki, “Dilarənin oğlu qəbul olundu”. Hər şeyi öz gücümə həll edirdim. Novruz bayramı bitəndən sonra bizə zəng etməyə başladılar. Dayım həkim idi və hamı onu tanıyırdı. Xəstələr tez-tez əlaqə saxlayırdılar deyə ev telefonumuz heç susmurdu.

Zəng elədilər ki, bəs gəl, səni gözləyirik. Mən gedib ləvazimatlarımı yığıb, təmiz vidalaşacaqdım. Ağababa müəllim yaxınlaşdı ki, bəs E.Məmmədov səni görmək istəyir. O da çox mərd kişi idi, Qarabağ müharibəsində bir gözünü itirmişdi. Məndən soruşdu ki, niyə gedirsən? Dedim, Ağababa müəllimdən soruşun. O danışandan sonra E.Məmmədov mənə dedi ki, get, necə istəyirsən, hansı üslubda istəyirsən, işlə, amma çərçivələri gözləmək şərtilə. Diplom işinin müdafiəsində qırmızı diplomu mənə təqdim edəndə bütün məktəb məni ayaqda alqışladı.

– İlk əl işinizi xatırlayırsınız?

– Mənim ilk əl işim beş yaşında plastilindən hazırlanan fiqur olub. Evdə təmiz bir yer qoymamışdım. Axırda mənə rəngli boyalar, qələmlər aldılar. Gördüm, yox, bu məni qane etmir, anama dedim ki, mənə gil gətir. Anam mənə beş kq gil verdi, amma verdiyinə peşman oldu. Bütün ev gilin içərisində idi. Çox keçmədi ki, onu da əlimdən aldılar.

– Artıq bu sahədə öz sözünüzü demiş bir şəxsiyyətsiniz. İmzanız, davamçılarınız olacaq tələbələriniz kifayət qədər çoxdur. İndi söhbət əsnasında sizin o vaxt çətinlik çəkdiyinizi başa düşürəm. Bu gün bu sahəyə maraq göstərənlərin bənzər çətinliklərlə qarşılaşmaması üçün nə etmək lazımdır?

– Keramika tarixdir. Bu, tarixin əsrdən-əsrə daşıyıcısıdır. Mən tonlarla gil qarışdırmışam, əllərimdə artıq yaralar əmələ gəlib. İndi mikserlər var, xüsusi cihazlar var. On min il bundan qabaq belə şeylər yox idi, amma ən birinci izlər məhz qadınlara məxsus olub. Mən 10 il Leninqradda yaşadım, orada türkçülüyün tarixini dərindən araşdırdım. 

SSRİ-də Lenin adına kitabxanadan sonra ikinci ən böyük kitabxana Leninqradda idi. Türkçülüklə bağlı bütün məlumatlar, kitablar orada var idi. Demək olar ki, 10 il ərzində mən hər gün o kitabxanadakı kitabları oxuyur, məlumatları öyrənirdim. Aktiv insan idim. İnstitut oxumaq sadəcə diplom almaq deyil, gərək həmin sahəni incəliklərinə qədər biləsən. Çünki müəllimlərdən çox, bu tədris tələbələrə lazımdır.

Mən beş dəqiqə vaxtım olan kimi ancaq rəsm çəkirdim. Kiçik kitabçalar var idi, hər zaman mənim üstümdə ən azı iki kitabça olurdu. Yüzə yaxın belə kitabçada sayını itirdiyim qədər şəkillər var.

– Ölkədə ilk duet simpoziumu siz təşkil etmişdiniz, bu ideya necə yarandı?

– Mən Azərbaycanda yeganə heykəltaraşam ki, duet simpozium həyata keçirmişəm. Özü də nə az, nə çox – iki dəfə, 2016 və 2019-cu illərdə. Birincisi 2016-cı il fevralın 15-də İçərişəhərdəki Keramika Mərkəzində baş tutub. Dünyada belə bir şey olmamışdı. Düşündüm ki, mən o qədər ölkədən nümayəndələri dəvət edib onları necə qonaq edəcəyəm, buna gücüm çatmırdı.

Amma mən 2019-cı ildə “Beynəlxalq duet: Keramika üzrə simpozium” adlı layihə çərçivəsində 16 ölkədən Azərbaycana nümayəndə dəvət etdim.

– Bəs onları necə qonaq etdiniz?

 Sosial platformalarda bu layihə ilə bağlı məlumatlar paylaşdım. Qısa zamanda 20-yə yaxın ölkədən mənimlə çalışmaq istəyən keramika ustaları mənə müraciət etdilər.  Yavaş-yavaş onlarla danışmağa başladım və 16 ölkədən peşəkarları dəvət etdim. 21 gün biz burada onlarla çalışdıq və çox zəngin sərgi keçirdik. Daha sonra məni Qazaxıstana dəvət etdilər.

Sonra isə Moldovadan olan həmkarlardan biri ilə duet hazırladıq. Onlar bu simpoziumlardan o qədər razı qalmışdılar ki, getmək istəmirdilər.

– Beynəlxalq simpoziumla bağlı başqa ölkələrdən sizə təkliflər gəldimi?

– Mən artıq Moldovada kuratoram, müəllifəm. Bir sıra ölkələrdə beynəlxalq simpoziumları mən yaradıram. Bu, asan iş deyil.

– Mir Teymur Məmmədovdan sonra bu sənətin ustadı kim olacaq? Varmı belə tələbəniz?

 İyirmi beş il mənim yanımda çalışan Cəfər… Onun əziyyəti çox böyükdür. Məndən sonra o bu sahədə ən peşəkarlardan biri olacaq.

– Siz əl işlərinizi əsasən hansı gillərlə işləyirsiniz? Yəni gilin hazırlanan fiqurun keyfiyyətinə təsiri, yəqin ki, olur.

– Bəli, əlbəttə, gilin keyfiyyəti çox şey ifadə edir. Mən çalışıram, hər ölkədə onların öz gili ilə işləyim. İndi qəribə bir trend olub, Amerikada ispan gili, İspaniyada alman gili, Almaniyada İngiltərə gili daha çox alınır, istifadə edilir. Keramika ustası hərtərəfli olmalıdır, əgər bu nüanslara fikir vermirlərsə, onlar sadəcə dulusçudurlar, keramist deyillər.

Mən bu gilləri Şamaxıdan özüm yığmışam. Milyonlarla tarix yatır bu gillərin üzərində. Əsrlərdən bir-birinə ötürülür.

– İçərişəhərdə sizin eviniz sanki keramika mərkəzini ifadə edir. Bəs bu qədər önəmli sahə üçün regionlarda nə üçün mərkəzlər yaradılmır?

– Mən bununla bağlı dəfələrlə müraciət etdim. Nəhayət Şəkidə Keramika Mərkəzi yaratdıq. Sizə bir söz deyim. 1848-ci ildə keçirilən Beynəlxalq sərgidə böyük küplər nümayiş olunmuşdu. Hələ qərbdə belə küplər yox idi. Onların hündürlüyü bir metrdən çox idi. Gürcüstanda çaxır saxlamaq üçün bənzər küplər hazırlanırdı, lakin onların hündürlüyü kiçik olurdu.

Mən də işlərimi hər zaman tarixə uyğunlaşdırıram. Dövlət bu məsələdə bizə dəstək oldu, dörd ədəd soba, digər ləvazimatlar alındı. Bütün bunlar tək mənim adıma deyil, Azərbaycanın adına yazılır. Çünki simpoziumda iştirak edən ölkələrin nümayəndələri bu gün də mənə zəng edirlər ki, növbəti simpozium nə zaman olacaq, Azərbaycana gələk.

– Mir Teymur bəy, bu evin keramika ilə tarixi abidəyə çevrilməsi nə qədər zaman aldı?

– İçərişəhərdə bizim ata-baba evlərimiz çoxdur. Bu evi keramika ilə tarixə bürüməkdə məqsədim hamının bu sənətin ilk baxışda necə gözəl məzmun daşıdığını görməsidir. İyirmi beş ilimi aldı bu iş. İçəri hissədə çox az bir hissə qalıb, artıq evin çöl tərəfdən divarlarına keçəcəm.

– Bu tarixi, əl əməyi, göz nurunuz olan əl işlərinin satışları necə, olurmu?

– Mən əslində satış məqsədilə heç nə hazırlamıram. Lakin turistlərin buranı ziyarət etmək istədiklərini biləndə onlara mümkün qədər şərait yaradıram. Bu divarlar özündə dərin bilgi ehtiva edir. Burada işlənən keramikalar müxtəlif növ 98 gildən işlənib.

Əl işlərimdə keramika ilə nə etmək olar deyə hər şeyi ifadə etmişəm. Bu gördüyünüz keramikalarda rəng, boya istifadə edilməyib.

– Bəs bu rəngarənglik necə yaranıb?

 Bütün bu rənglər sobada bişmə dərəcəsindən asılı olaraq yaranıb. Keramika ustası olmaq üçün mütləq kimyanı bilmək lazımdır. 1000 dərəcədə bişirdikcə hər dəfə onları dəyişirəm. Lakin bilmirəm, yekunda nə rəng olacaq. Hər işin sonunda maraqlı sürprizlərlə rastlaşıram. Bütün işlərimin altında öz loqom var.

– Qarabağla bağlı hər-hansı kompozisiyanız varmı?

 Xocalı adlı kompozisiya hazırlamışam. Görürsünüz, üzərində boşluqlar var, bunu açıq havada qoyanda küləyin oynaması ilə müəyyən səslər meydana çıxacaq. Xocalı üçün yalnız belə mənalı abidələr qoymaq lazımdır, mənasız heykəllərə gərək yoxdur.

– Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa artıq azaddır. Necə düşünürsünüz, orada Keramika Mərkəzinin açılışı yaxşı olmazdımı?

– Nə qədər ki mən sağam, bunun həyata keçməsi üçün çalışacağam. Mediada bunun işıqlandırılması bizə dəstək olar. Bu, bizim tariximizdir. Gəncədə, Sumqayıtda, ən iri şəhərlərimizdə keramika mərkəzlərimiz yoxdur. Bu, tarixin unudulmasıdır. Bizim tarixi qorumağa ehtiyacımız var. Bizdə ambisiya var, irəli gedə bilərik. Biz ölkə qururuq, tarix boyu təməl qoymuşuq, dağıtmamışıq.

Könül Cəfərli

Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir