Müsahibə

Rusiyalı siyasi icmalçı: “Hansı müstəqil Qarabağdan söhbət gedir?!” – MÜSAHİBƏ

Sharing is caring!

Bu gün, iyunun 3-də Cənubi Qafqaz regionunda siyasi vəziyyətin sabitləşməsi ilə birbaşa bağlı olan iki mühüm hadisə baş verəcək.

Moskvada regionda kommunikasiyaların açılması istiqamətində çalışan üçtərəfli (Azərbaycan-Rusiya-Ermənistan) komissiyanın iclası keçiriləcək.

Digər görüş bir müddət sonra Brüsseldə baş tutacaq.

Və burada mühüm sual yaranır – Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesi ikili – həm Moskva, həm də Brüssel formatlarına necə uyğunlaşdırılır.   

Digər hadisə ondan ibarətdir ki, İrəvanda müxalifətin “həlledici” mitinqi keçiriləcək və bunu “Müqavimət” hərəkatının liderlərindən biri, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan bəyan edib.

Eyni zamanda İ.Saqatelyan iyunun 3-dək İrəvanın Bakı və Ankara ilə münasibətləri ilə bağlı müxalifətin təklif etdiyi bəyanata münasibət bildirməli olan bütün siyasi qüvvələrə və dövlət institutlarına ultimatum göndərib.

Rusiyanın tanınmış siyasi icmalçısı Sergey Strokan danışıqlar prosesinin gedişini və regionda baş verən son hadisələri Oxu.Az-a şərh edib.

– Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının hazırkı mərhələsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalanmasından sonra başlayıb. Daha sonra bu proses dəyişdirilməsə də, əgər belə demək mümkündürsə, Brüssel prosesinə daxil edildi. Moskvada, sonra isə Brüsseldə görüş – bu iki format bir-birinə zidd deyil ki?

– Prinsipcə, Brüsseldə müşahidə etdiklərimiz Moskvadakı sazişin bazasının inkişaf etdirilməsidir. Avropa tərəfindən prinsipial olaraq yeni heç nə səsləndirilməyib. Nəqliyyat dəhlizlərinin açılması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi – bu, 10 noyabr tarixli üçtərəfli bəyanatda təsbit olunmuş matrisdir. Əlbəttə, Rusiya ilə Qərb arasındakı hazırkı ziddiyyətli münasibətləri nəzərə alsaq, belə bir spekulyativ konstruksiya qurmaq və Brüsselin nizamlanma prosesində təşəbbüsü Moskvadan alması kimi çaşdırıcı nəticələr çıxarmaq olar. Ancaq özümüzə belə bir sual verməliyik: Brüsselin hansısa alternativ proqramı varmı və ümumiyyətlə buna ehtiyac varmı? Avropanın aktivliyi bir qədər dekorativ xarakter daşıyır. Ortada Moskvanın hazırladığı əsas yemək var, sadəcə onu cəfəri, doğranmış soğanla bəzəyiblər. Burada hansısa sirr açmağa ehtiyac yoxdur, nizamlanma ilə bağlı bütün rıçaqlar və resurslar Moskvanın əlindədir. Amma imic baxımından təkcə Brüssel deyil, ABŞ da aktivlik edir. Lakin Cənubi Qafqazda sabitləşmə ilə bağlı real işi Rusiya aparır.

– Amma əgər Brüssel formatı lazım deyilsə, o zaman niyə o, hələ də mövcuddur?

– Mən hesab edirəm ki, əsas səbəb Ermənistanda baş verən hadisələrdir. Siyasi sinfə və Ermənistan müxalifətinə üçtərəfli razılaşmaların alternativinin olmadığını göstərmək vacibdir. Qərbdəki hansısa erməni diasporuna ümid etməyə gəlincə isə “fransız planı” işə yaramayacaq. Nikol Paşinyan gözləntilərin aşağı salınmasının vacibliyi barədə danışanda təkcə Rusiyanı deyil, Qərbi də nəzərdə tuturdu. Qərb isə Brüssel formatı sayəsində İrəvanda küçələri bağlayanlara göstərir ki, Paşinyan Qərb üçün itirilmiş fiqur deyil. Bu, Ermənistanın baş nazirinə ayaqda qalmağa, dünya ictimaiyyətinin və Qərbin onun yanında olduğunu göstərməyə kömək edir. Bu mənada Brüsselin səyləri Moskvanın səyləri ilə ziddiyyət təşkil etmir. Ümumi bir proses üzərində iş gedir və Allah eləsin ki, hər şey düzəlsin.

– Siz Ermənistan müxalifəti barədə danışdınız. Müxalifət iyunun 3-nə “həlledici” mitinq təyin edib və bütün siyasi qüvvələrə, hakimiyyətə ultimatum qoyaraq onlardan Ermənistanın Bakı və Ankara ilə münasibətlərinin nizamlanması ilə bağlı yekun qərar verməsini tələb edir. Aydındır ki, Ermənistan müxalifəti sülh istəmir…

– Ötən əsrin ortalarında ABŞ-ın Çan Kayşinin başçılıq etdiyi Tayvan hökumətini dəstəklədiyi və Çin Xalq Respublikasını tanımadığı zaman ortaya çıxan “son Çin xəbərdarlığı” ifadəsini xatırlayırsınız? O zaman Çin davamlı olaraq Birləşmiş Ştatlara xəbərdarlıqlar edirdi, 900-ə yaxın belə xəbərdarlıq edilmişdi (gülür). Ona görə də indi Ermənistanda müxalifət növbəti “son xəbərdarlığını” edir. Onlar dəfələrlə özlərinin “həlledici” mitinqini təyin ediblər. Bu, apreldə, sonra mayın 1-də, sonra 9 mayda olmuşdu. İndi isə iyunun 3-ə təyin ediblər. Əminəm ki, belə “həlledici” mitinqlər bundan sonra da təyin olunacaq.

Erməni müxalifəti Paşinyana həlledici nokaut zərbəsini endirə bilmir, baxmayaraq ki, Robert Koçaryan və komandası hələ də küçədəki kütləni dəstəkləmək üçün müəyyən resursa malikdir. Amma Ermənistan cəmiyyətində əksəriyyət Koçaryana hələ də mənfi münasibət bəsləyir, onun hakimiyyətinin Ermənistan üçün hansı nəticələrə gətirib çıxardığını yaxşı xatırlayır.

– Sonuncu sualım. Aydındır ki, o, ciddi deyil, amma bu sualı verməyə də bilmərəm. 2020-ci ildən sonra Qarabağ separatçılarının nümayəndələri informasiya meydanında demək olar ki, görünmürlər. Ancaq yenə də onlar bəzən üzə çıxırlar. Elə bu günlərdə hələ də xülyalarında özünü mövcud olmayan “DQR”in “xarici işlər naziri” hesab edən David Babayan dedi ki, “əgər müstəqil Qarabağ olmayacaqsa, o zaman “dünya nüvə müharibəsi astanasında dayana bilər”…

– Aydındır ki, onlar var gücləri ilə Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışırlar.  Amma hətta Paşinyan və Ermənistan rəsmiləri də bu mövzunu şişirtmək istəmirlər. Üstəlik, Bakı buna səbəb də vermir. Və təbii ki, problem də mikroskopikdir. Hansı müstəqil Qarabağdan söhbət gedir?! Orada 20-30 min etnik erməni yaşayır. Bu, bir şəhərin iki mikrorayonudur. Əgər onlar milçəkdən fil düzəltmək istəyirlərsə, bu, sadəcə olaraq mümkün olmayan bir işdir. “DQR” Ermənistanda hakimiyyətdən getmiş siyasi təbəqənin layihəsi idi. Onlar bu layihədən möhkəm yapışmağa çalışırlar. “Ermənilərin son xəbərdarlığı” da buradan qaynaqlanır. Amma bu artıq işləmir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir