Müsahibə

21 yaşlı Mədinə Sadıqova: “Ardıcıl üç il Avropa çempionatlarının kürsüsündən düşmürəm” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatında fərdi yarışlarda Azərbaycana medal qazandıran idmançı nə Rafael Ağayev, nə də İrina Zaretskaya oldu. Yüksək kürsüyə qalxan idmançımız bu gün 21 yaşını tamamlayan Mədinə Sadıqova oldu. 55 kq çəki dərəcəsində çıxış edən Mədinə Oxu.Az-a müsahibə verib.

– Böyüklər arasında ilk Avropa medalınızı qazandınız. Bu barədə fikirlərinizi eşidək…

– Bu mənim ilk Avropa çempionatından qazandığım medal deyil. Daha əvvəl üç dəfə Avropa çempionatından medalla qayıtmışdım. 16-17 yaşlılarda gümüş və 18-20 yaşlılarda iki bürünc medal qazanmışdım. Ona görə də özümə güvənirdim. Hətta evdən çıxanda anama demişdim ki, yanına medalla qayıdacağam.

– Sizdən əvvəl 55 kq çəki dərəcəsində İlahə Qasımova çıxış edirdi. Bu nəticə ilə artıq millidə yerinizi təmin etmiş olduğunuzu düşünürsünüzmü?

– Respublika çempionatında finalda ona qalib gəlmişdim. Daha sonra Portuqaliyadakı Premyer Liqa yarışında iştirak etdim. Orada dördüncü döyüşdə uduzub yeddinci yeri tutdum. Bakıda Avropa çempionatına gedən heyəti müəyyənləşdirmək üçün onunla keçirdiyim seçmə görüşdə də qalib gəldim.

– İrina Zaretskayanı saymasaq, azərbaycanlı xanım karateçilərdən sonuncu dəfə fərdi yarışda uğur qazanan yeganə idmançı Nuranə Əliyeva olmuşdu. Digərləri hər yarışa turist kimi yollanırdılar. Siz bu baxımdan sindromu qırdınız.

– Gənclər arasında 2020-ci ildə Macarıstanda və 2021-ci ildə Finlandiyada da Avropa üçüncüsü olmuşdum. Mən artıq ardıcıl üç il Avropa çempionatlarının kürsüsündən yerə düşmürəm. Bu da mənim üçün çox böyük sevinc hissidir. Bir yandan da üzülürəm ki, finala bir addım qalmış uduzdum. Yarımfinalda ukraynalı Olimpiya finalçısı Anjelika Terlyuqaya təcrübə baxımından qalib gələ bilmədim və 0:8 uduzdum. Taktiki baxımdan səhvə yol verdim. Mən onun hücum edəcəyini gözlədim və müdafiə olundum. Halbuki digər döyüşlərimdə hücum edən tərəf mən idim.

– Ən çətin döyüşünüz, yəqin ki, bürünc medal uğrunda italiyalı Veronika Brunori ilə oldu. Ona 4:3 hesabı ilə qalib gəldiniz. Sonuncu xal onda narazılıq yaratdı. Bu barədə nə deyə bilərsiniz?

– Hakim döyüşü başlatmamış biz hərəkət etməməliyik. O bu qaydanı pozdu və ayaq zərbəsi endirdi. Ona görə də sona üç saniyə qalmış hakim onu üçüncü xəbərdarlıqla tatamidən qovdu. O nəyə etiraz edirdi – mənə də maraqlıdır. Onsuz da sona üç saniyə qalmışdı və mən qalib gəlirdim.

– Fərdi yarışlarda Azərbaycandan yeganə medal qazanan siz oldunuz. Bu barədə nə deyə bilərsiniz?

– Könül istərdi ki, hamı medal qazansın. Bir tərəfdən, öz medalıma sevinsəm də, buna görə də məyus oldum. Amma sevindirici haldır ki, kişi kumite millimiz finala çıxdı. Bu, qəribə hissdir, bunu açıqlamaq olmur.

– Bəs qadın kumite millimiz niyə zəif çıxış etdi?

– Əslində zəif çıxış etdiyimizi deməzdim. İlk görüşdə Serbiyaya 2:1 qalib gəldik. Bu yarışda fərdi şəkildə +68 kq-da Avropa çempionu olan, gənclərdə ikiqat dünya çempionu İvana Peroviçi 9:1 hesabı ilə məğlub etdim. Mən və İrina Zaretskaya döyüşlərimizdə qalib gəldik. Daha sonra Xorvatiyaya 1:2 uduzduq. Boynuma alıram ki, orada mənim səhvim oldu. Yetərincə döyüşmüşdüm və istirahət edə bilməmişdim deyə komandama kömək ola bilmədim və rəqibimə uduzdum. Ancaq Xorvatiya Avropa çempionu oldu. Daha sonra təsəlliverici döyüşdə İsveçə 1:2 uduzduq. Həmin döyüşdə mən iştirak etmədim.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir