Müsahibə

Qız qalası üzərində tərs bayraq, səslərdə yaşayan şəhidlər: Azadlıq nişanəsi İstiqlal Muzeyindən FOTOREPORTAJ

Sharing is caring!

Bu gün sizə 32 yaşlı, maraqlı tarixçəsi olan Azərbaycan İstiqlal Muzeyindən danışacam. Əslində, bu muzeyin tarixi 1919-cu ilə qədər uzanır, çünki Azərbaycanın ilk dövlət muzeyi də məhz İstiqlal Muzeyi olub. Lakin 1919-cu il dekabrın 7-də təşkil olunan İstiqlal Muzeyi cəmi bir neçə ay fəaliyyət göstərib və 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra işini dayandırıb.

Bu möhtəşəm tarixi özündə qoruyan muzey fəaliyyətini nə az, nə çox – 71 il sonra, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra davam etdirməyə başlayıb. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradılıb.

İndiki İstiqlal Muzeyində varisi olduğu ilk muzeydəki eksponatlar qalıbmı? 32 il əvvəl yeddi minə yaxın eksponatla açılan muzeydə bu gün nə qədər tarixi əşya qorunur? Bu və digər suallarımıza cavab almaq üçün üz tuturuq paytaxtın Neftçilər prospekti istiqamətində yerləşən İstiqlal Muzeyinə.

Onu da qeyd edim ki, bu gün ölkəmizdə 28 May – Müstəqillik Günü qeyd edilir.

Oxu.Az-ın əməkdaşı Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli ilə həmsöhbət olub.

– Sədi müəllim, muzey zallarında hansı dövrün tarixini özündə qoruyan eksponatlar sərgilənir?

– Muzeyin zalları Azərbaycan tarixinin qədim dövrlərindən XX əsrin əvvəllərinə qədərki dövrünə, Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, Stalin repressiyaları dövrünə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, sonuncu zal isə Azərbaycanın ən yeni tarixinə həsr olunub, eləcə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti bu zalda öz əksini tapıb.

İstiqlal Muzeyində heykəltaraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizmatika əşyaları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyası üçün altı zal ayrılıb.

Zalda 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımıza aid əşyalar, fotolar, hərbi geyimlər gözümüzdən qaçmadı. Elə bu barədə soruşmağa macal tapmamış direktor onlar barədə məlumat verdi:

– Qarabağ zalımızda Vətən müharibəsi zamanı qazandığımız qələbəni əbədiləşdirmək üçün yaradılacaq Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi fondunun eksponatlarının bir hissəsi də müvəqqəti olaraq Azərbaycan İstiqlal Muzeyində sərgilənir.

Ötən ilin yanvar ayından cari ilin hazırkı gününə qədər 7224 eksponat toplanıb. Eksponatların toplanılması prosesi davam edir və işin sürətləndirilməsi məqsədilə ötən ilin oktyabr ayından “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə həyata keçirilir. Bu layihə çərçivəsində on tədbir, bu il isə iki tədbir gerçəkləşdirilib.

Muzeyimizin keçirdiyi sonuncu sərgi “Torpağına can demişəm” adlandırılıb. Bu sərginin məqsədi Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün insanların marağını, diqqətini buraya yönləndirməkdir. Burada vətəndaşlar tərəfindən döyüşlərdə qəhrəmancasına mübarizə aparan şəhidlərimizə məxsus əşyalar, eləcə də düşmən tərəfindən Azərbaycan əhalisinə qarşı istifadə olunmuş müxtəlif növ silahlar və mərmi qalıqları toplanılır.

– Azərbaycan İstiqlal Muzeyi işğal dövrü yaşamış bir neçə muzeyə məskən rolunu da oynayıb, doğrudurmu?

– Füzuli Tarix-Diyarşünaslıq Muzeyi qorunub-saxlanılıb. Həmin muzeyin təxminən beş minə yaxın eksponatı sərgilənib. Hazırda isə muzeyin 19 mindən artıq mədəniyyət nümunəsi İstiqlal Muzeyində qorunmaqdadır. Gələcəkdə işğaldan azad edilmiş torpaqlarımızda muzeylərin fəaliyyəti bərpa edildiyi zaman bu eksponatlar da müvafiq olaraq aidiyyəti üzrə köçürüləcək.

Bundan başqa, ölkə başçısının xüsusi tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş torpaqlarda Zəfər və İşğal muzeylərinin yaradılması nəzərdə tutulub. 

Ağdamda Zəfər və İşğal muzeylərinin yaradılması məqsədilə oraya aid olacaq əşyaların, eksponatların, insanların koordinasiyası prosesi də bizim muzeyə həvalə edilib və üzərimizə düşən öhdəliklərdən irəli gələn məsələlər üzrə zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb.

– Hazırda bu muzeylərlə bağlı Ağdamda infrastruktur cəhətdən son vəziyyət necədir?

– Ağdam şəhərinin Baş Planı təsdiq olunduqdan sonra orada təməlqoyma mərasimi həyata keçirilib. Zəfər Muzeyi ilə bağlı da plana uyğun olaraq işlər davam etdirilir. Zəfər və İşğal muzeylərində sərgilənməsi nəzərdə tutulan eksponatların toplanması prosesi də İstiqlal Muzeyinə həvalə olunub.

– Azərbaycan İstiqlal Muzeyində hazırda nə qədər eksponat sərgilənir?

– Bu muzey 1919-cu il dekabrın 7-də parlament binasında fəaliyyətə başlayıb. 1991-ci ildə fəaliyyəti Azərbaycan İstiqlal Muzeyi adı altında davam etdirilib. Hazırda muzeyin özünün 20 minə yaxın eksponatı var. Dövlətçilik tarixini özündə ehtiva edən eksponatların toplanması da mütəmadi olaraq davam etdirilir.

Hər bir zalda Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən məlumatlar və eksponatlar nümayiş etdirilir.

– Muzeyə təqdim edilən eksponatların sonradan geri alınması və ya alqı-satqısı mümkündürmü?

– Toplanan eksponatlar bizə təhvil verilərkən zəruri olaraq aktlaşdırılır, protokol tərtib edilərək dövlət hesabına keçirilir. Muzeyə təqdim edilən eksponatların prosedur qaydası tətbiq edildikdən sonra sahibi və ya şəxsin ailə üzvləri tərəfindən geri alınması mümkün deyil. Aktlaşdırılan əşyalar Dövlət Reyestrinə salınır və dövlət varidatı kimi qiymətləndirilir. Notarial qaydada həyata keçirilən prosedur səbəbindən eksponatı təhvil verən şəxs və ya onun qohumları tərəfindən həmin eksponatlarla bağlı hər-hansı iddia qaldırıla bilməz.

Qeyd edim ki, 2017-ci ildə muzey tarixində ilk dəfə maraqlı hadisə baş verib. Belə ki, Azərbaycan Bayrağının ideya müəllifi Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar Turan atasına, özünə və qardaşı Səlim Turana məxsus rəsm əsərləri, ordenlər, medallar, şəxsi əşyaları – ümumilikdə 161 ədəd eksponatı Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edib. Həmin əşyalar hazırda sərgilənir və onlar arasında Əli bəy Hüseynzadənin Azərbaycanda çəkdirdiyi sonuncu fotosu da yer alır.

Nümayiş edilən eksponatların əksəriyyəti orijinaldır, bir qisminin isə keyfiyyətinin qorunub-saxlanması üçün reproduksiya edilib. Əli bəy Hüseynzadənin redaktoru olduğu “Həyat” qəzetinin nümunəsini görə bilərsiniz. Qəzetin əsl adı “İstiqlal” olmalıydı, sadəcə Çar Rusiyası o dövrdə icazə vermədiyi üçün “Həyat” adlandırılaraq fəaliyyətə başlayıb. Qəzetin ipək üzərində əski əlifba ilə yazılan orijinal nüsxəsi sərgilənir.

Muzeydə Şeyx Şamilə aid məktub da nümayiş olunur. Məktubun qısa tarixçəsi budur ki, 1857-ci ildə o, azərbaycanlı nasir, publisist və maarifçi Mirzə Əbdülrəhim Talıbzadəyə verilib. Talıbzadə isə 1909-cu ildə həmin məktubu Əli bəy Hüseynzadəyə verib.

Bundan başqa, Qafqaz İslam Ordusunun Nargin adasında sürgün həyatı yaşamış əsgərinə aid olan iki kitab da qorunub-saxlanır. Bu kitabları muzeyə 2013-cü ildə həmin əsgərin nəvəsi Macidə Naşit hədiyyə edib.

– Eksponatları orijinallıq baxımından daha çox hansı mənbələrdən toplayırsınız?

– Kolleksionerlər tərəfindən könüllü olaraq hədiyyə edilən eksponatlar var. Lakin eksponatların əksəriyyətinin toplanmasında muzeyin əməkdaşlarının müstəsna rolu var. Onların təşəbbüsü ilə muzeyin balansına Cənubi Azərbaycana aid, Cümhuriyyət dövrünə aid, 20 Yanvar faciəsini əks etdirən nümunələr toplanıb. Eyni zamanda mədəni xeyriyyəçilik məqsədilə də muzeyə eksponatlar qəbul edilib.

Eyni zamanda dəyərli tədqiqatçılardan olan Ədalət Tahirzadə hər biri 1000 ABŞ dolları dəyərində olan iki tarixi fotonu 2018-ci ildə Cümhuriyyətin 100 illiyi şərəfinə İstiqlal Muzeyinə hədiyyə edib. Kolleksioner Dilqəm Əhməd mühacirlərin dəfn mərasimində iştirak edənlərin taxdıqları kiçik bayraqlardan birini İstiqlal Muzeyinə hədiyyə edib. Eyni zamanda Dilqəm Əhmədin şəxsi kolleksiyasından istifadə edərək 2019-cu ildə Əhməd bəy Ağaoğlunun yubileyini İstiqlal Muzeyində sərgi şəklində qeyd etmişik.

– Muzeydə sərgilənən və diqqət çəkən qılıncın tarixçəsi barədə məlumat versəniz, şad olaram. Təbrizli generala məxsus olan tarixi qılınc budurmu?

– 1945-ci ildə təbrizli general qılıncı ilə tabeliyindəki silahı təhvil verərək: “Biz Təbrizi sizə təslim edirik”, – deyir. Bu həmin o tarixi qılıncın orijinalıdır.

– Ən son qəbul edilən eksponatlar hansılardır?

– Bu kateqoriyada 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın şəxsi əşyaları yer alır. Həm fotolar, həm əşyalar, həm medallar, geyimləri, həm də səs yazıları qorunub-saxlanılır. Bu əşyalar fondlar üzrə qruplaşdırılır və mühafizə edilir.

– Səs yazıları? Onlar necə nümayiş etdiriləcək?

– Bəli, şəhidlərimizin həyatda olduqları müddətcə lentə alınan videogörüntüləri və səsləri toplanır. CD-diskə yazılan məlumatlar 20-25, hətta 100-250 il müddətinə qorunub-saxlana bilir. Biz şəhid ailələrinin birinci dərəcəli yaxınlarından şəhid barədə yazılı məlumat da tələb edirik. Bu, gələcəkdə aparılacaq tədqiqatlar zamanı mənbə kimi daha etibarlı ola bilər.

Səs yazılarının isə aidiyyəti üzrə Zəfər Muzeyinə köçürüldükdən sonra hansı formatda sərgilənməsi məsələsinə daha sonra baxılacaq. Bizim öhdəliyimiz bu əmanətlərə layiqincə sahib çıxıb, təhlükəsiz şəkildə qorumaqdır.

Eksponatlar arasında rəngləri tərs olan bayrağımız diqqət çəkir. Bayrağın tarixçəsini isə çoxları bilmir.

Sədi Mirseyibli deyir ki, bayraq 1989-cu ildə Faiq Həsənov tərəfindən hazırlanıb:

– Bayraq ilk dəfə 1989-cu il 28 may tarixində Qız qalası üzərində dalğalanıb. Bayrağın rənglərinin dəyişik tikilməsi isə çox gec bəlli olub. Buna səbəb o dövrdə komendant saatı tətbiq edildiyindən bayrağın qaranlıq bir otaqda tikilməsi idi. 28 may günü bayrağın dalğalanmalı olduğu saatda yanlış tikildiyi məlum olsa da, F.Həsənov nə olur-olsun bayrağın bu gün dalğalanmalı olduğunu dilə gətirir. 1989-cu il 28 may saat 11:00-da F.Həsənov həmin bayrağı  Qız qalası üzərində dalğalandırır. Buna görə sovet əsgəri silahı ona tuşlayaraq bayrağın dərhal endirilməsini tələb edir.

F.Həsənov isə məqsədinə çatdığını deyərək, bayrağı sinəsinə sıxır və Qız qalasından enərək oradan uzaqlaşır. 1995-ci ildə həmin bayraq F.Həsənov tərəfindən İstiqlal Muzeyinə təqdim olunub. Bayraq muzeyimiz tərəfindən “Müstəqilliyə, istiqlala, azadlığa tələsən bayraq” adlandırılıb.

Könül Cəfərli
FOTO: Sabir Məmmədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir