Müsahibə

Yaddaşı ilə dünyanı heyrətə salan Orxan: “15 dəqiqəyə 912 ədədi sıra ilə yadımda saxlamışdım” – FOTO

Sharing is caring!

Barselonada yaşayan həmyerlimiz Orxan İbadov Hasfurt şəhərində keçirilən Yaddaş üzrə Almaniya Açıq Çempionatında 5735 xal toplayaraq Almaniyada ən yaxşı yaddaş sahiblərindən biri olub.

Bu, Orxanın ilk belə uğuru deyil, bundan əvvəl Türkiyənin İstanbul şəhərində “Memoriad 2017: Yaddaş, mental riyaziyyat və sürətli oxuma” çempionatında səkkiz ölkədən 102 ən güclü beyin idmançısının iştirak etdiyi yarışda qalib olub. Eləcə də Filippinin paytaxtı Manilada “Beşinci Filippin beynəlxalq açıq yaddaş” çempionatında ümumilikdə yeddi ölkənin 70-ə yaxın beyin atletinin iştirak etdiyi turnirdə Orxan bürünc medala layiq görülüb.

Oxu.Az qeyri-adi istedadlı Orxan İbadovla həmsöhbət olub. 

– Orxan İbadovu öz dilindən tanıyaq.

– Otuz altı yaşım var, Bakı şəhərində anadan olmuşam. Əslən Masallı rayonundanam. 15 yaşında BDU-nun hüquq fakültəsinə daxil olmuşam. 2005-ci ildə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsi almışam. Hüquqşünas kimi çox az çalışmışam. Demək olar ki, 2007-ci ildən internet, marketinq və axtarış sistemləri üzrə təkmilləşdirmə proqramlarını öyrəndim. O dövrdən bu günə qədər bu sahədə fəaliyyət göstərirəm.

Hazırda Barselonada elektron ticarətlə məşğulam. Bundan başqa, fərdi sahibkarlara və müxtəlif şirkətlərə fərdi məhsuldarlığın artırılması, şirkət məhsuldarlığı, sürətli öyrənmə, yaddaş texnikaları barədə, xüsusilə beyin potensialının artırılması üzrə təlimlər keçirəm.

Eyni zamanda bir çox şirkətlərə elektron ticarət sahəsi üzrə xüsusi təlimlər də keçirəm. Bəzən deyirlər ki, Orxan buralara gəlmir. Lakin öz seçimim əsasında ilin səkkiz ayını Barselonada oluram, dörd ayını isə Azərbaycanda. Hazırda da Bakıdayam.

– Necə oldu ki, Barselonaya getdiniz?

– İnternet marketinq sahəsi üzrə təcrübələrimi artırdıqdan sonra müxtəlif ölkələrdən mənə dəvətlər gəlməyə başladı. Məsələn, Amerika Birləşmiş Ştatlarından, Avropanın müxtəlif ölkələrindən təkliflər gəldi. 2014-cü ildə əməkdaşlıq etdiyim keyterinq şirkətlərindən biri Barselonada idi. Onlar məni dəvət etdilər və ilkin olaraq bir həftə istirahət mərkəzi ilə oraya getdim. Daha sonra orada yaşayış xoşuma gəldi və Barselonada qalmağa qərar verdim.

– Çempionatda iştirak edərək Almaniyada ən yaxşı yaddaş sahiblərindən biri olmusunuz. Bir qədər bu barədə danışardınız, bu xüsusiyyətinizi necə kəşf etdiniz?

– Bu, yarışdır. Ümumilikdə bu il ərzində keçirilən ikinci yarışdır, birincisi Romada olmuşdu. Təəssüf ki, Romada keçirilən yarışa gedə bilməmişdim. İlin əvvəlində Almaniyadakı yarışa dəvət aldım. Orada cəmi altı ölkədən iştirakçılar var idi. Məqsədi ən qısa zaman ərzində daha çox məlumatı yadda saxlamaq üzərinə qurulub.

Belə yarışlarda 10 kateqoriya olur. Məsələn, ədədlər. Siz onları verilən ardıcıllıqla yadda saxlamalısınız. Mən sonuncu yarışda 15 dəqiqə ərzində 912 ədədi sıra ilə yadda saxlamışdım. Onun 909-u doğru çıxdı. Cəmi üç ədədin yerini səhv demişdim. Nəticədə 860 xal qazandım. Kim daha çox yadda saxlayırsa, o, qalib olur. 

Yarışdakı 10 kateqoriyanın beşində birinciliyi götürüb, qalib oldum. Yarış gərgin keçdi, çünki demək olar ki, üç il idi ki, yarışlara gedə bilmirdim. 2019-cu ildə viza problemi oldu, 2020-21-ci illərdə isə pandemiya ilə əlaqədar qadağalar var idi. Mən yarışa Bakıdan getmişdim və yorğun idim. 

– Yarışa nə qədər müddət hazırlaşdınız?

– Dediyim kimi, üç il müddətində yarışlara qatıla bilməmişdim. Buna görə də təxminən iki aya yaxın yarışa hazırlaşdım. Buna görə də uğurlu oldum.

– Yarışda daha hansı kateqoriyalar vardı?

– Beş və 30 dəqiqə ərzində xaotik qaydada qarışdırılmış yalnız 0 və 1 rəqəmləri görünür. Siz onları sıra ilə yadda saxlayıb eyni sıra ilə yerinə qoymalısınız. Səhv cavablar doğru cavabların sayını aparır.

Başqa kateqoriya adlar və üzlərdir. Müxtəlif adlar və simalar göstərilir. Siz müvafiq qaydada yadda saxlamalı və göstərilən şəkillərin adlarını düzgün yazmalısınız.

Bir başqa kateqoriya isə sözlərdir. Hər ölkənin iştirakçısı öz dilində sözləri yadda saxlayır. Beş dəqiqə ərzində sıra ilə çoxlu Azərbaycan dilində sözlər verildi. Biz eyni sıra ilə onları yadda saxlayıb öz yerinə qoymalıyıq.

Daha sonra 52 oyun kartı var, biz onları sıra ilə yadda saxlayıb müvafiq olaraq yerinə qoymalıyıq. Bu kateqoriyaların uzun versiyaları var ki, onlara daha çox 10 dəqiqə vaxt verilir. Eyni qaydada da son yarışda 10 dəqiqə ərzində yeddi qutu yadda saxladım, yekunda 360 kartı düz tapdım.

Saxta tarixi məlumatlar verilir, hansı ki, elə hadisə olmayıb. Beş dəqiqə ərzində 200 belə saxta tarixi hadisə qismində məlumatı yadda saxlamalısınız. Bir saniyədən bir sizə ədədlər sadalanır, onları deyilən ardıcıllıqla yadda saxlamalısınız. Bir saniyədən bir bu qayda ilə 100 ədədi yadda saxlayıb sonda onları eyni qaydada yerbəyer etməlisiniz. Xeyli ədəd yadda saxlasan da, hansı ədəddə səhv etdinsə, oraya qədər olan ədədlərin sayı hesablanır, digərləri ləğv edilir. Ən sevdiyim kateqoriya kartlar və rəqəmlərdir. Son yarışda azərbaycanca sözlər kateqoriyasında qalib oldum.

Kateqoriyaların birində sizə 100-ə yaxın şəkil göstərilir və ekrandan silinir. Sonra siz həmin gördüyünüz şəkilləri yadda saxladığınız şəkildə düzməlisiniz. Ümumilikdə yarışda qalib olmaq üçün bütün kateqoriyalar üzrə güclü olmaq lazımdır. Çünki əks halda itirdiyiniz xallar yekun toplanan balınıza təsir edəcək. Fərdi kateqoriyalar üzrə qalib olmaq olar, lakin ümumi qalib olmaq mümkün olmaz.

– Bu sahədə sizdən başqa uğur qazanan hansısa azərbaycanlı varmı?

– Dünya səviyyəsində bu sahədə hər-hansı uğur qazanan ikinci azərbaycanlı yoxdur. Avropa və  dünya ölkələri səviyyəsində Cənubi Qafqazdan məndən başqa ikinci bir şəxs yoxdur deyə bilirəm. Tək mənəm. Türkiyədə bu sahədə 14-15 yaşlı azərbaycanlıların bu kimi yarışlara çıxdıqlarını eşitmişəm. Lakin o yarışlar memoriad yarışlar hesab edilir, 2017-ci ildən sonra qızıl medal qazanan olmayıb.

– Yaddaş texnikaları ilə ilk dəfə nə zaman tanış olmusunuz? Bildiyimiz qədər, bu sizin ilk uğurunuz deyil.

– İlk dəfə yaddaş texnikaları ilə təxminən 15 il öncə tanış olmuşam. İnternetdə qarşıma təsadüfən “yaddaş ustası” deyə birinin videosu çıxdı. Biz buna beyin atleti deyirik. Yarışlar da belə adlanır əslində. Yaddaş ustasının şousunu görəndə heyran qaldım və bildim ki, hər kəs bu metodika ilə öz yaddaşını gücləndirə bilər. Sadəcə olaraq beynin necə işlədiyini bilmək lazımdır. Bu, diqqətimi cəlb etdiyi üçün müəyyən kurslara getdim, kitablar aldım, öz üzərimdə işləməyə başladım.

Müəyyən sistemlər quraraq get-gedə yaddaş bacarıqlarımı inkişaf etdirib, avtopilot səviyyəsinə yüksəltdim. Əslində, bunu sırf öyrənmək üçün, kitabları sürətlə oxumaq üçün çox çalışdım. 2007-ci ildən başlayaraq isə bu sahədə yarışlara getməyə başladım.

– Sizi digərlərindən fərqləndirən bu yaddaş, belə başa düşürəm, xüsusi diqqət tələb edir.

– Əslində, yaddaşımın heç kimdən fərqli xüsusiyyəti yoxdur. Sadəcə olaraq insan beyninin necə işlədiyini araşdırmışam və beyin qanunları əsasında öz üzərimdə işləmişəm. 

– Daha əvvəl hansı uğurlara imza atmısınız?

– Bu günə qədər altı yarışda iştirak etmişəm. İlk yarışım 2007-ci ilin noyabrında İstanbulda olub. Orada 15 dəqiqədə rəqəmlər kateqoriyası üzrə çempion olub, iki gümüş medal qazanmışam. Ondan sonra müxtəlif çempionatlardan dəvətlər gəlməyə başladı. Daha sonra Filippində olan yarışa qatılaraq bürünc medal qazandım. 2018-ci ildə Kopenhagendə Avropa çempionatında iştirak etmişəm. Orada da bürünc medal qazanmışam. Avstriyanın Vyana şəhərində keçirilən Avropa çempionatında da iştirak etmişəm və 11-ci yerə çıxmışam. Bu, ən böyük nailiyyətlərimdən biri olub. Almaniyada müxtəlif lokal yarışlarda iştirak etmişəm.

2019-cu ildə Çində dünya çempionatı keçirildi, təəssüf ki, oraya viza ala bilmədim. Pandemiya səbəbindən onlayn keçirilən yarışlarda iştirakım olub. Biz ona yaddaş liqası deyirik, hazırda ən yüksək divizion sayılan Birinci diviziondayam. Dünya ölkələrindən olan ən yaxşı 16 iştirakçı ilə mübarizə aparıram. Lakin üç illik fasilədən sonra Almaniyada keçirilən son yarışda qalib oldum. 

– Fotoqrafik yaddaşınız güclüdür, yoxsa zehniniz?

– Əksinə, mənim digər insanlardan fərqli olaraq fotoqrafik yaddaşım güclü deyil. Mənə həmişə maraqlı olub ki, dünyanın ən böyük dahilərinin digərlər insanlardan fərqi nədir. Bunu çox araşdırmışam. Metodikalarını, mexanizmləri araşdırmışam. Dünyanın ən güclü mentorları ilə işləmişəm. Öyrəndiklərimin hər birini isə sınaqdan keçirmişəm. Xüsusilə də yaddaş texnikalarımı gündəlik həyatda tətbiq etmişəm ki, aktiv qalsın. Bu, sırf yaddaş elmi əsasında əldə edilir. Beynin sağ və sol tərəfinin funksiyalarını öyrənib, səmərəli istifadə etmək lazımdır. 

– Ailənizdə hər kəsin yaddaşı güclüdür, yoxsa siz hər kəsdən seçilirsiniz?

– Xeyr, ailə üzvlərim arasında məndən başqa yaddaş texnikası ilə maraqlanan və bu sahədə təkmilləşməyə çalışan yoxdur.

– Oxucularımıza da maraqlıdır – onlar da yaddaşlarını idarə edə bilərlər? Yəni bu işin bir texnikası varsa, bizimlə bölüşün.

– Bəli, hər kəs, dediyim kimi, yaddaşını inkişaf etdirə bilər. Burada iki məqam var, insanın təbii yaddaşı və məqsədli şəkildə yadda saxlama. Bir şeyə diqqət yönəldəndə yadda saxlaya bilmirsinizsə, bu o deməkdir ki, siz beyninizi lazımsız informasiyalarla yükləmisiniz. Məsləhətim odur ki, beyninizi boşaldın və zəruri yer açaraq, ikinci beyin qurun. Bunu kompüterlə, telefonla edə bilərsiniz. Beyninizi dinc və boş saxlayın ki, daha vacib məsələlərə fokuslana bilsin.

O ki qaldı böyük məlumatları yadda saxlamağa, bunun üçün texnika ilə işləmək lazımdır. Öncə əlaqələndirmə texnikasını bilmək lazımdır. Məlumatları bir-biri ilə əlaqələndirmək gərəkdir. Hadisələri bir-biri ilə qeyri-adi qaydada əlaqələndirməlisiniz.

İkinci texnika “yaddaş sarayı” adlanır. Bu texnikanın iki min ildən çox yaşı var. İlk dəfə Qədim Yunanıstanda istifadə edilib bu texnikadan. Texnikanın mahiyyəti insan beyninin bir məlumatı haradasa görmək istəyidir. İnsan beyninin vizual gücündən istifadəyə köklənib. Mən yarışlarda rəqəmləri yadda saxlayıb kodlara çevirirəm, onları mental olaraq evimdəki əşyalar üzərinə qoyaraq o ardıcıllıqla yadda saxlayıram.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir