Müsahibə

Rahid Ələkbərli: “Ağıllı şəhər”lərin tikintisi kibermühitin formalaşmasına zəmin yaradır” – MÜSAHİBƏ

Sharing is caring!

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Rahid Ələkbərli “Report”a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Rahid müəllim, bir neçə gün əvvəl hökumət və dövlət rəsmilərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə AKTA-nın təqdimatı baş tutdu. İstərdim ki, ilk olaraq təşkilat haqqında danışaq. AKTA-nın yaradılması hansı zərurətdən irəli gəldi?

– Kiberməkanın coğrafiyası sürətlə genişlənərək artıq dövlətlərdə, sənayedə, iqtisadiyyatın bütün sektorlarında rəqəmsallaşmanı sürətləndirir. Dövlət başçısı bu istiqamətdə müvafiq tapşırıqlar verib və rəqəmsallaşma ən prioritet sahələrdən sayılır. Artıq həm vətəndaş cəmiyyətində, həm məişətdə, həm dövlət xidmətlərində, həm də biznes sektorunda yeni kiber xidmətlər formalaşır. Demək olar ki, biz artıq kiberdünyanın intensiv istifadəçilərinə çevrilirik.

Qlobal texnoloji trendlərə uyğun olaraq, həm də kiberməkanda istifadəçi hüquqlarının qorunması, ən əsası da kibertəhlükəsizliyin, kibermaarifçiliyin hansısa formada tənzimlənməsi həyata keçirilir. Amma vətəndaş cəmiyyəti olaraq kibertəhlükəsizliyin tənzimlənməsi bizim birbaşa maraqımızdadır. Belə ki, vətəndaş cəmiyyəti kibertəhlükəsizliyin tənzimlənməsi prosesində dövlət qurumlarına dəstək olmalıdır, prosesdə iştirak etməlidir. Burada kiberdünyadakı vərdişlərimiz, davranışlarımızdan başlayaraq, müasir texnologiyalardan düzgün istifadə, müxtəlif sahələrdə rəqəmsal xidmətlərin formalaşdırılması, vətəndaşın kiber təhlükəsizliyə hazırlığı, müvafiq səviyyələrdə kiber təhlükəsizlik barədə biliklərin inkişaf etdirilməsi, proqnozlaşdırılan metavers – virtual məkanda inkişafımıza hazırlaşmalıyıq.

AKTA olaraq əsas prioritetimiz rəqəmsallaşmanın yaratdığı imkanlar çərçivəsində biznesin, vətəndaşların mariflənməsinə, təhlükəsiz fəaliyyətinə şərait yaratmaqdır.

Dövlət başçısının rəqəmsallaşma sahəsinin təşkili və inkişafı istiqamətində tapşırıqları vardır. Azad olunmuş torpaqlarda quruculuq işləri, “Ağıllı kənd”, “Ağıllı şəhər”lərin tikilməsi üzrə qoyulan tapşırıqlar ölkənin zəngin bir rəqəmsal mühitinin, həm də kibermühitinin formalaşmasına zəmin yaradır. Bu proses, bu quruculuq işlərindəki texnoloji innovasiyalar kiber dünyaya daha çox resurs gətirir. Bununla yanaşı, ağıllı əşyaların internetə qoşulması kiberməkanda daha həssas olmağımızı zəruri edir. Kiber-aləm sərhədsiz bir məkandır və belə qlobal bir mühitdə hər birimizin düzgün davranışımız, kiber-hazırlığımız gələcək üçün, hətta bu gün üçün hədəflənmiş bir məsələdir. Dövlətin bu istiqamətdə apardığı siyasət, biznesin və vətəndaş cəmiyyətimizin sahəyə marağı və dəstəyi AKTA-nın ilk təqdimat günündən başlayaraq ciddi hiss olunur. Bu bir tərəfdən AKTA-nın olmasına ehtiyacı, digər tərəfdən həll olunması zəruri olan işlərin çoxluğunu, üçüncü tərəfdən isə nə qədər həssas və məsuliyyətli bir fəaliyyətin qurulmasından xəbər verir. Biz AKTA olaraq olduqca məsuliyyətli, amma şərəfli bir fəaliyyətin başlanğıcındayıq.

Pandemiya dövründə rəqəmsal xidmətlərdən istifadənin artması, dövlət-biznes əməkdaşlığının inkişafı və “remote”, yəni uzaqdan göstərilən xidmətlərin sürətlə inkişafına səbəb oldu. Virtual aləm o qədər yaxınlaşdı ki, artıq dünyanın istənilən yerində fəaliyyət göstərən şirkətlərdə yaşadığın məkandan asılı olmadan xidmətlərdən istifadə, hətta işləmə imkanları yarandı. Bu da virtual həyata daşınmamıza, faydalanmağımıza əlavə imkanlar yaradıb. Belə bir məqamda insan potensialının qiymətləndirilməsi, dəyərləndirilməsi, onsuz da çatışmayan kadr potensialının inkişaf etdirilməsi daha da vacib prioritetə çevrildi. Sadalanan və ya sadalanmayan bir sıra analoji məsələlər Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaranmasına zəmin yaratdı. 22 fevral 2022-ci il tarixdə bu sahənin əsas aparıcılarının yığıncağı və məşvərəti ilə başladı, assosiasiyanın fəaliyyətinə qərar verildi və 19 aprel rəsmi olaraq dövlət qeydiyyatımız təsdiqləndi və 22 aprel tarixində isə ilk təqdimatımız baş tutdu.

– Dediyiniz kimi, AKTA kifayət qədər geniş əhatəli funksiyalı ictimai təşkilatdır. Bəs, onun idarəetmə forması necədir və üzvləriniz kimlərdir?

– Bildiyiniz kimi, QHT-nin formalaşması bir qədər bürokratik proseslərdən keçir. Bu prosedurların arxasınca müxtəlif səviyyələrdə – həm assosiativ üzvlərimizi, həm idarə heyətimizi, həm də müəyyən katiblikləri də formalaşdırmışıq.

AKTA-nın fəaliyyətini elə təşkil edirik ki, sadalanan kibertəhlükəsizlik məsələlərinin həlli istiqamətində ən əlverişli bir platforma kimi fəaliyyət göstərsin. İdarəçilik siyasətinin təyin olunması üçün Məşvərət Məclisinin rolu olduqca əhəmiyyətlidir. Bu müvafiq beynəlxalq, regional və yerli institutlarla əməkdaşlıq, o cümlədən qabaqcıl təcrübələr əsasında təşkil olunan fəaliyyətin ölkənin kiber-ekosistemində özünəmüvafiq bir töhfəsinin olmasına hədəflənən idarəçiliyi həm vətəndaş cəmiyyəti həm də biznes sektoru üçün uğurlu nailiyyətlə qazanmağa şərait yaradır. Fəaliyyətimizdə assosiativ üzvlərimiz, idarə heyətimiz, müvafiq sahələr üzrə fəaliyyət göstərəcək katibliklərimiz qoyulan hədəflərə vaxtında nail olmağımıza xidmət edir.

AKTA-nın adından da göründüyü kimi təkcə assosiasiya kimi deyil, həmçinin üzv təşkilatlar vasitəsi ilə ölkədə gedən proseslərə dəstək verməyə çalışırıq. Ümumi hədəflərimizi həm vətəndaş cəmiyyətindən, qlobal texnoloji trendlərdən, müvafiq məşvərətlər və sahənin inkişafına yönələn prinsiplərlə formalaşmasına qərar vermişik. Çünki bir sıra strateji məqamlar var ki, bunlar rəqəmsal texnologiyalarla, texnoloji yaxud qlobal trendlərlə, həmçinin bir çox texnologiya siyasətləri ilə formalaşan addımlarla müşayiət olunmalıdır.

Texnoloji innovasiyalar ölkəyə gəldikcə kibertəhlükəsizlik hazırlığı zərurəti daha da artır. Bu baxımdan bizim üçün qarşıya qoyulan əsas məsələlərdən biri də ölkənin kibertəhlükəsizlik hazırlığının yüksəldilməsidir.

– Dediniz ki, kiber maarifçilik də sizin əsas fəaliyyət istiqamətlərinizdən biridir. Son zamanlar Azərbaycana artan hücumlar, vətəndaşların fərdi məlumatlarının və vəsaitlərinin oğurlanması ilə bağlı baş verən proseslər fonunda bu sahədə maarifçilik addımlarının bir qədər gecikdiyini düşünürsünüzmü?

– Ümumilikdə götürsək kibermühit yeni sahədir. Təxminən 30 ildir ki, bu mühit formalaşmaqdadır. Ağıllı cihazların və onlayn xidmətlərin bizim həyatımıza daxil olması kiber maarifçiliyi vacib etdi. Xüsusən də koronavirus (COVID-19) pandemiyası səbəbindən qısa müddətdə böyük əksəriyyət təxminən iki il müddətində onlayn xidmətlərə, onlayn təhsilə keçdi. Bir sözlə heç hazır olmadan belə kütləvi olaraq kiberdünyanın üzvünə çevrildik.

Bütün bu və bu kimi məsələlər kibermaarifçiliyin əhəmiyyətini bir qədər də artırdı. Amma təbii ki, kibermaarifçilik birdən-birə olmur. Kim ki kiberdünyaya tez adaptasiya olur, onlar tez maariflənmiş olurlar və kiberdünyada püxtələşmiş güclərə çevrilirlər. Lakin elə insanlar da var ki, onlar bu məsələlərə bir qədər soyuqqanlı yanaşırlar və kibertəhdidlərlə qarşı-qarşıya qalırlar.

– İstərdim qısa da olsa kibertəhlükəsizlik sahəsində region ölkələrinin müqayisəsini aparasınız. Rəsmi məlumatlara görə, Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırdır və Ümumi Məlumatın Mühafizəsi Qaydalarının hazırlanması ilə bağlı işlər gedir. Bəs ümumi regionda vəziyyət necədir?

– Kibertəhlükəsizlik məsələləri təcrübədə başqa, dünya yanaşmasında fərqli faktları ortaya qoyur. Elə ölkələr var ki, onlarda kibertəhlükəsizlik strategiyası yerindədir, amma bu strategiyanın yerində olması o demək deyil ki, onlar kibertəhlükəsizlik məsələlərindən tam sığortalanıblar. Belə hallar çoxdur. Görünən odur ki, kiberməkanın tənzimlənməsi xüsusi yanaşma tələb edir və təcrübədə hər ölkənin özünəməxsus yanaşması müşahidə edilir.

Sizinlə tam razıyam ki, insanların kibermaarifçilik sahəsində bilik və bacarıqları çox olarsa bu bacarıqlar təhdidlərdən qorunmaqda kömək edir.

AKTA-nın təqdimatında da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vurğuladı ki, 2022-2027-ci illər üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır. AKTA bu məsələdə nazirliklə birgə müzakirələrə hazır və istəklidir. Bundan savayı, zənnimcə, belə strategiyalar mütləq şəkildə vətəndaş cəmiyyəti və biznes ilə birgə hazırlanmalıdır. Bu təşkilatlar gələcəkdə strategiyanın uğurunda önəmli rol oynayacaqlar.

– Son zamanlar ölkədə rəqəmsallaşma istiqamətində müəyyən addımlar atılır. Bu isə Azərbaycanın beynəlxalq dərəcəli müxtəlif tədbirlərə ev sahibliyi etməsinə imkan yaradır. Belə tədbirlərdən biri də mayın 26-29-da keçiriləcək “TEKNOFEST Azərbaycan”dır. Bütün dünyanın diqqətində olan bu festivalda AKTA olaraq necə iştirak edəcəksiniz?

– “TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək müxtəlif növ tədbirlərin vətəndaş cəmiyyətinin, ümumilikdə isə ölkəmizdə insanların maariflənməsi üçün böyük əhəmiyyəti var. Bu festivalın digər bir faydası ondan ibarətdir ki, “TEKNOFEST Azərbaycan”da həm gənclərin, həm də mütəxəssislərin yetişdirilməsi, onların kiberdünyanın gücünü göstərə biləcək həlləri öz təcrübələrində tətbiqi olaraq görməsi olduqca müsbət bir haldır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir