Müsahibə

II Qarabağ müharibəsi qəhrəmanları silsiləsindən – ÖZƏL MÜSAHİBƏ (FOTO)

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, Rezonans.az-ın  II Qarabağ müharibəsi qəhrəmanları silsiləsindən rubrikasının müsahibi ötən ilin 44 günlük II Qarabağ müharibəsində Tərtər rayonunun Talış kəndindəki Ağ uçuq məntəqəsində döyüşlərdə iştirak edən, qazi Rövşən Mehdi oğlu Mehdiyevdir.

Qəhrəman əsgərimiz qısa müddətdə məzuniyyətə gəldiyi üçün fürsət taparaq, müsahibəni aldıq…

Salam Rövşən! 

Xalqımızın və dünya ictimaiyyətinin yaddaşında tarixi qələbə ili olaraq qalan 2020-ci il sənin kimi qəhrəman oğullar sayəsində bizim qürur və şərəf tariximizin şanlı səhifəsidir.   

Ali Baş komandan, cənab İlham Əliyevin ardıcıl və uzagörən siyasəti, xalqın gücü sayəsində müqəddəs torpaqlarımız işğaldan azad olundu. 

Rövşən! İstərdim ki, sən həyat yolunu və Qarabağ müharibəsinə yollanmağını danışasan… 

Mən də sizi salamlayıram. Dövrümüzün aktual məsələlərini işıqlandırdığınız üçün təşəkkür edirəm.

31 avqust 1999-cu ildə Qusar rayonunun Xurel kəndində dünyaya gəlmişəm. Atam, anam və iki bacım var…

2006 – 2016-ci illərdə kəndimizdəki tam orta məktəbdə təhsil almışam.

2016 – 2020-ci illərdə Bakı Biznes Universitetinin “İqtisadiyyat” fakültəsində bakalavr pilləsi üzrə təhsil almışam. Tələbəlik illərimdə iqtisadi nəzəriyyə və təcrübə ilə bağlı əsərləri həvəslə toplayar və oxuyardım… Müasir iqtisadi proqram və tədrislə maraqlanırdım…

Lakin həm orta məktəb, həm də ali tədris aldığım illərdə torpaqlarımızın düşmən işğalından azad edilməsi arzusu məni rahat qoymurdu. Düşünürdüm ki, kaş ki, bir gün səfərbərlik elan ediləydi və mən də bu elana qoşulaydım…

Daha sonra həmin universitetin magistratura pilləsində təhsilimi davam etdirmək qərarına gəldim və imtahanlardan uğurla keçərək “sahələr üzrə menecment” ixtisası üzrə qəbul edildim.

Lakin bildiyiniz kimi, ötən il 14 iyulda general – mayor Polad Həşimov qəhrəmanlıq göstərdi və şəhid oldu… Bu xəbər məni çox sarsıtmışdı. Mənfur düşmənlə mübarizə aparmaq və tarixi torpaqlarımızı azad etmək niyyətilə elə iyul ayında mən hərbi hissəyə müraciət etdim… Könüllü olaraq cəbhəyə getmək məqsədilə ərizəmi təqdim etdim…

Döyüş yoluna hansı hərbi hissədə başlamısan?

Goranboy rayonunun N saylı hərbi hissəsində xidmətə başladım və “snayperçi” istiqaməti üzrə təlimlərdə iştirak etmişəm.

Hərbi xidmətim zamanı təbii ki, hər bir əsgərə öyrədilən və bilməli olduğu təlimləri yerinə yetirirdim, hərbi döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı riayət edilməli qaydalar, digər hərbi dərsləri bizə tədris edirdilər.

Daha sonra payızda torpaqlarımızın azadlığı uğrunda müharibə başladı və biz cəbhə bölgəsinə yollandıq. Ağır döyüş əməliyyatlarının şahidi olmuşam, əsgər yoldaşlarım gözlərim qarşısında şəhid olublar… (kövrəlir).

Sən bizim fəxrimizsən Rövşən! Müharibə qansız, qurbansız olmur… Bilirsən, bu müharibənin soyuq qanunudur… Hansı bölgələrdə döyüşlərdə iştirak etmisən? 

Bəli, elədir… Müharibənin acı qanunları var. Ağdərə və Tərtər rayonları yüksəkliklərində keçən döyüş əməliyyatlarında iştirak etmişəm…

Bəs yaralandığın günü necə xatırlayırsan? 

Ötən ilin oktyabr ayında Tərtər rayonunun Talış kəndindəki Ağ uçuq adlı məntəqədə olan uğurlu döyüş əməliyyatı sayəsində “Vışka” adlı məntəqəni azad etmişdik… Müdafiə mövqeyini qorumağa çalışsaq da, mənfur düşmən niyyətindən geri çəkilmək istəmirdi, dörd dəfə biz olan istiqamətə hücum etmişdi… Bölük komandirimizin əmrinə əsasən hər hücumun qarşısını almaq  üçün var gücümüzü sərf edirdik.

Yaralandığım gündən əvvəlki gün səhər vaxtı sakit keçirdi, lakin saat 15 və 16 radələrində yeni hücum oldu. Güclü atışma oldu, lakin müvafiq döyüş taktikasına əsasən hücumun qarşısını almağa nail olduq.

Sonrakı gün səhər vaxtı bizə mövqeyimizi qorumaq əmri verilmişdi. Mən snayperçi olduğum üçün bölükdən xeyli uzaqda olan mövqedə idim. Səngərdə qazıntı işini yerinə yetirirdim, döyüş yoldaşımın ayaqları islanmışdı deyə, ona sığınacağa getməyi söylədim və qazıntı işimə davam etdim. Məndən 2 ve ya 3 metr aralıda daha iki müdafiə mövqeyimiz var idi.

Qəfildən qışqırıq səsləri eşitdim. Növbəti hücum başlamışdı. Arxa mövqedə duran mina atanları vurmuşdular. Daha sonra təminat maşınımızın da məhv edildiyini bildim.

Arxa və ön tərəfdən qarşıma mərmilər düşdü, qulaqlarımın tutulduğunu hiss etdim… Daha sonra mərmilərin yanımda partladığını gördüm və zərbənin təsirindən göyə qalxıb, yerə düşdüyümü hiss etdim… üç metr aralı atmışdı məni mərmi… Artıq həyata vida edib, “kəlmeyi – şəhadətimi” söyləmişdim. Qulağımdan, burnumdan, ayağımdan qan gəlirdi…

Bəli anlayıram, Rövşən… Döyüşün ən ağır bölgəsində olmusan, canını fəda etmisən! Səni döyüş meydanından kim çıxardı, xatırlayırsan? 

Mən düşmən mərmisinin atılması nəticəsində ağır yaralansam da, ayağa qalxmağa çalışdığım, lakin qalxa bilmədim… Sürünərək mərkəzi yola çıxmağa çalışdım, ətrafda heç kim yox idi… Qan gələn ayağımı sarıdım və daha sonra huşumu itirdim…

Daha sonra bildim ki, məni döyüş meydanından bir gizir çıxarıb və kənardakı posta çəkib.

Huşum özümə gələndə olduğumuz postda üç əsgərin şəhid olduğu xəbərini aldım. İki yaralı əsgərin qanını dayandırmaq üçün ayaqlarını sarımışdım… Mənə müəyyən ilkin tibbi yardım edildikdən sonra Naftalan mərkəzi xəstəxanasında müalicə almışam.

Çox ağır döyüş əməliyyatı uğurla bitmişdi… Qələbə xəbərinə çox sevinmişdim.

Sən əsl igidsən Rövşən! Yeni tarixin əsl qəhrəmanısan. Bundan sonrakı planların necədir? Axı sənin zədələrin tam sağalmayıb… Kəllə-beyin zədəsi və sağ ayağımdan iki kor qəlpə yarası almışan.

Mən yenidən cəbhə  bölgəsinə qayıtmalıyam. Hələ tərxis edilməmişəm.

Əsgərlikdə yeni dostlar qazanmışam və Qarabağ torpağının azad edilməsində iştirak etdiyim üçün, Vətən borcumu layiqincə verdiyim üçün vicdanım rahatdır.

Lazım olan hər an yenidən xidmətə getməyə hazıram!

Halal olsun səni yetişdirən valideynlərinə! Xalqımızın sənin kimi oğulları əsl vətənpərvərlik nümunəsidir. 

Sənə hərbi xidmətini sağ salamat bitirməyi arzulayıram. Yenidən görüşəcəyimizə ümid edirəm...

P.S.: Rövşən Mehdiyevə “kəllə beyin toxumasının travması. Sol tərəfin postravmatik hemopantaniumu” diaqnozu verilmişdir.  

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir