Müsahibə

Sponsor məndən sənət istəsin başqa şey yox-Müsahibə

Sharing is caring!

Dəyərli oxucular!

Sizlərin yadına çox da uzaq olmayan yaxın keçmişdə bir vaxtlar teleməkanda ən çox sevilən musiqili layihə, “Azəristar” mahnı müsabiqəsini salmaq istəyirəm. 16 nəfər iştirakçı ilə 16 həftə davam edən “Azəristar” mahnı müsabiqəsində həftədə bir nəfər ifaçı çıxmaqla, sonda qalan 3 nəfər qalib elan edilir və bu qalibiyyəti həftələr ərzində tanınmış simalardan ibarət münsiflər heyəti təyin edirdi… Xatırladınız, deyilmi?
Elə isə sizləri çox intizarda saxlamadan, bir vaxtlar “Azəristar” mahnı müsabiqəsinin iştirakçısı olmuş, məxməri səsi, özünəməxsus ədəb-ərkanı, ifa tərzi ilə çoxunun qəlbinə yol tapmış, süzgün baxışlı müğənni Yaqut Nərimanla baş tutan maraqlı müsahibəmizi təqdim edirəm. Beləliklə, “XəbərAl.az” saytının bugünkü müsahibi sevilən müğənni Yaqut Nərimandır.

– Salam, xoş gördük.

– Əleykümə salam, sizləri də xoş gördük.

– Özünüzü təqdim edin.

– Mən Yaqut Nəriman, estrada müğənnisiyəm. Hər növ xalq, milli, estrada janrında musiqilər ifa edirəm.

– Niyə məhz Nəriman?

– Çünki soyadım Nərimanovadır, onu qısaldıb etmişəm Nəriman.

– Ailə qurandan sonra da Nəriman qalacaq?

– Xeyr, ailə qurduqdan sonra sənətdə Nəriman olaraq qalacağam, amma rəsmi sənəddə mütləq yoldaşımın soyadı olmalıdır.

– Neçə ildir bu sənətdəsiniz?

– Neçə illər… qoy hesablayım (gülür)… uzun illərdir artıq bu sənətdəyəm.

– Təxminən on il olar?

– Olar.

– Yaqut xanım, bəs bu illər ərzində itirdiyiniz nə olub, qazandığınız nə olub? Mən bilirəm ki, qazandıqlarınız itirdiklərinizdən çox olub, ancaq öz dilinizdən eşitmək maraqlı olar.

– Nə barədə yəni nə itirmişəm?

– Yəni sənət barədə, şəxsi həyatınızda, dostlar, uğurlar və s. və i.a.

– Məhz karantini nəzərə alaraq (gülür) son ili çıxmaqla, mən də daxil olmaqla deyərdim ki, heç kəs heç nə qazanmayıb.

– Neçə illərdir ifa edirsiniz, gözəl də səsiniz var, şəxsən mən sizi dinləyənlərdən biriyəm. Mən şəxsən o jurnalistlərdənəm ki, insan mənim maraq dairəmdə olmasa, mən ondan heç vaxt müsahibə almaram. Həmçinin o insanın özünə, yaxud sənətinə hörmətim olmasa müsahibə götürmərəm.

– Minnətdaram.

– Amma bu illər ərzində, azı on il var ki, professional sənətdəsiniz. Nəyə görə irəliyə gedə bilmirsiniz, yüksək səviyyədə tanına bilmirsiniz?

– Bəlkə də mən bu sənətin adamı olmamalıydım. Mən xaraktercə qapalı insan olduğumdan gözə girə bilmirəm…. Hər kəsə şamil eləmirəm, amma bu sənətdə oldunsa bir az şit, arsız olmalısan, mən bunları bacarmadığım üçün gözə girə bilmirəm, amma sənətimlə çoxlarının yaddaşındayam, buna inanıram.

– Sizcə bu ailə tərbiyəsidir, yoxsa sənətdə kimlərdənsə çəkinməkdi?

– Yox, yox, mən heç kimdən çəkinmirəm, uşaqlıqdan beləyəm… Bir şeyi qeyd edim, mənim bacımla mənim xarakterimdə də fərq var, bayaq siz özünüz də qeyd etdiniz ki, əgər bacınız sənətdə olsaydı, indiyə xalq artisti adına layiq görülmüşdü. Onun xarakterində çılğınlıq, dəlisovluq, sözü üzə demək və s. kimi xüsusiyyətlər var. Amma mən belə deyiləm, nə bilim, Allah məni də belə yaradıb. Mən bacarmıram.

– Sizcə, xasiyyətinizlə sənətiniz bir-birilə düz gəlir? Yəni bu gedişlə haçansa irəli getməyə inamınız var?

– O artıq Allahın qismətidir, bir gecədə elə şey baş verə bilər ki, axşam yatıb səhər fərqli oyana bilərsən. Allahın şansı deyilən bir məqam var, ulduzun parlama anı var.

– Deməli, siz o ulduzunuzun yanacağı günü gözləyirsiniz?

– Qismət (gülür).

– Yaqut xanım, bildiyimə görə ali təhsillisiniz, ixtisasınız nədir?

– İngilis dili müəlliməsi.

– Bəs bu cür ixtisasınız olduğu halda, niyə müğənnilik edirsiniz?

– Bilirsiniz necədir? Sənətdə elə müğənnilərimiz də var ki, həm müğənnilik edir, həm də müəllimlik edir, məktəbdə işləyir, dərs deyir. Mən də inşallah, bir müddətdən sonra hansısa məktəbdə ingilis dilindən dərs deyə bilərəm. Bunun üçün indi də mənə müraciət edən uşaqlar var ki, onlarla ingilis dili öyrənmələri üçün məşğul oluram. Qaldı ki, sənətə, indi sənətə gəlmək lap asandır. Bir mahnı oxuyurlar, qaçıb onu səsyazma studiyasında işləyirlər. Mənim atam dövlət işində çalışsa da, mən evdə ata-anamın dəstəyini görmüşəm, bu günün özündə də onların dəstəyi var üzərimdə. Atam dövlət işındən çıxıb gəlib əlimdən tutub məni musiqi məktəbinə özü aparırdı. Altı yaşım olanda ilk dəfə “AzTV” kanalında uşaq verilişində çıxış etməyim yadıma gəlir. Bax elə uşaq vaxtımdan da sənətə marağım çoxaldı.

– Musiqi məktəbinin hansı ixtisasını bitirmisiniz?

– Musiqi məktəbinin ixtisası yox, mədəniyyət evində Füruzə müəllimədən dərs almışam. “Azərstar” musiqi yarışmasında münsiflərdən rəhmətlik İlhamə xanımdan dəstək almışam. Bir şeyi deyim, elə müğənnilər olub ki, mənə təklif ediblər ki, gəl səni öz tələbəm kimi təqdim edim, amma mən buna razılaşmamışam. Bilirsiniz niyə? Ona görə ki, əgər o müğənni, fərqi yoxdur, əməkdar, yoxsa xalq artisti ola, vaxtında mənim bu sənətə gəlməyimdə balaca da olsa cığır açmayıbsa, indi nəyə lazımdır hazıra nazir kimi məni öz tələbəsi adına çıxara? Heç kəsə sirr deyil ki, o vaxt “Azərstar”a düşmək çətin idi, özüm-özümə sms vurmamışam heç vaxt, amma bununla belə beşliyə gəlib düşə bildim. Ondan sonra piano dərsi də aldım, “Səbuhi” studiosunda “İtirdin məni” albomum çıxdı. Allaha şükür ki, çox yaxşı da tez bir zamanda satıldı.

– Sənətdə irəliləmək üçün yaxşı səsin olmalıdır, yoxsa güclü adamın?

– Səs mütləqdir, məqam olar ki, müğənni toya gedər, amma aparaturadır, birdən səs qapandı. Bax onda dayday hesabına oxuyan müğənnilər çox pis duruma düşəcək. Ancaq güclü səsi olan öz səsi hesabına toyu sona kimi aparar, həmin məkandan hörmətlə də ayrılar. Sponsor cəhətdən danışırıqsa, məşuqə hesabına oxuyan ancaq dağda-dərədə onunçun oxuya bilər. İndiki zəmanədə sənətdə vəziyyət çox acınacaqlı, bərbaddır, ha tərəfə baxırsan, tərbiyəsizlik, mədəniyyətsizlik baş alıb gedir. Açırsan sosial şəbəkəni, özünə müğənni deyir, amma “xaladır” ətəyini qısaldıb edib 10 sm, almalarını da çıxarıb qoyub çölə, səs yoxdur axı, məcburdur nə iləsə özünü təqdim edə. Üzr istəyirəm, ifadələrimə görə, belə danışmaq mənim xarakterimdə deyil, amma…

– Əsəbiləşirsiniz?

– Əsəbiləşmirəm, nifrət edirəm belələrinə, ölüm olsun onlara deyirəm. Çəkilib oturmuşam kənarda, öz işimlə məşğulam. Bu günümə şükür, çöldə qalmıram, evim, eşiyim, maşınım… heç kim çıxıb deyə bilməz ki, mən Yaqut üçün nəsə eləmişəm, mənim sponsorum, səs tellərimdir. Bir də çox-çox üzr istəyirəm, iti saxlayarlar, adamı necə saxlamaq olar?

– Açıqlamalarınızdan belə çıxır ki, indiyə qədər bütün verilişlərə, tədbirlərə öz gücünüzə çıxır, hətta mahnıları da öz gücünüzə yazdırırsınız. Axı, bu inandırıcı deyil. Sponsorsuz bu qədər işləri necə görmək olar?

– Bilirsiniz, kənardan inandırıcı görünməyə bilər. Mən ən böyük dəstəyi həmişə Dünya tv-dən görmüşəm həmişə efirə çağırıblar mənə dəstək olublar. Dünya tv rəhbərliyinə xüsusi olaraq Ramiz məllimə təşəkkür edirəm. ATV kanalı və bütün kanallara təşəkkür edirəm, mənə doğmadırlar, bir aya yaxın zamanda olub ki, mənim mahnılarımı təmənnasız təqdim ediblər, özümü verilişlərə təmənnasız dəvət ediblər.  Tanıyanlar bilir ki, mən nə qədər qaraqabaq görünsəm də, yola çıxanda deyib-gülənəm. Ancaq hər şey həddində…
Sənəti indi döndəriblər bilirsiniz nəyə? “Bayquşxanaya”. Sənətdə olan bəziləri nələrə əl atmırlar indi? Baxırsan ki, gələcəkdə övladı olacaq, yaxud artıq övladı var, amma onu düşünmür. Axşam olan kimi açırlar canlını, daha nə hoqqalardan çıxmırlar? Ona görə də, indi sənətdə “bayquşlar” dəbdədir.

– Əməliyyat olunmusunuz?

– Nə mənada?

– Estetik əməliyyatı nəzərdə tuturam.

– Xeyr. Bu bizdə nənə-babadan gələn gözəllikdir. Buna görə nənələrimizə təşəkkür edirəm. Hələ bizdə botosk, silokon elətdirənimiz yoxdur. Burun da, dodaq da özümün təbii gözəlliyimdir.

– Geyiminiz də qapalıdır…

– Bəli… çünki əsas o deyil ki, qadının əti-əndamı çöldə ola… Mən baxıram sosial şəbəkədə müğənniləri söyürlər, mən bu söyənlərə də hardasa pis baxmıram… Əgər mənə mənfi rəy yazılıbsa, deməli, mən hardasa onu qıcıqlandıra bilmişəm, müsbət rəy yazan varsa, deməli onun qəlbinə, zövqünə sirayət edə bilmişəm.

– Gələcək planlarınız haqqında danışmağınızı istəyirəm. Bilirəm ki, karantin sizə də pis təsir etdi. Müğənni olaraq toylardan dolanırsız…

– Gələcək planımda “Olmadı” mahnıma klip çəkdirmək istəyirəm. Yeni mahnılar yazdırmışam. Tanınmış meyxanaçı ilə Moskvada konsert layihəmiz olmalıdır, inşallah.

– Sizin pasport mahnınız hansıdır? Hansı ki, onu zümzümə edən kimi insanlar tanıya ki, bu Yaqut Nərimanın mahnısıdır.

– Sözləri Baba Vəziroğluya, musiqisi Kamal müəlliminə məxsus olan “Gözlər yalan deməz” mahnım.

– Mən sizə minnətdarlıq edirəm, müsahibəniz üçün. Son deməzdim, hələlik son olaraq oxucularımıza, dinləyicilərimizə nə arzu edərsiniz?

– Hər birinə təşəkkür edirəm, Allah hamısına əsas cansağlığı versin, hamının ruzusu bol olsun, hər birini xəta-bəladan qorusun, deyirəm. Özümə nə arzu edirəmsə, oxucuların hər birinə də onu arzu edirəm. İnşallah sizinlə də yeni iş birliyimiz başlayacaq. Arzu edirəm ki, sizinlə bu gün burada kəsdiyimiz duz-çörəyə heç vaxt xilaf çıxmayaq.

– Çox sağ olun səmimi və gözəl müsahibəniz üçün… Sizə sonsuz təşəkkür edirəm.

– Qarşılıqlıdır, təşəkkür edirəm.

Hazırladı: Mirismayıl Xələfli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir