Müsahibə

Şəhid snayperçimizin qardaşı: “Onlarla ermənini dəqiq atəşlə məhv edib” – MÜSAHİBƏ + FOTO/VİDEO

Sharing is caring!

44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda 2783 qəhrəman həyatını fəda etdi.

Belə qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin snayperçi giziri Ələkbərov Bağır Əsəd oğludur. 25 yaşlı snayperçimiz onlarla erməni əsgərini məhv edib.

Əslən Naxçıvandan olan snayperçi Bağır Ələkbərov hərbçi ailəsindən böyüyüb və atasının yolunu davam etdirib. Oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan B.Ələkbərovun vətənə əmanət bir oğul övladı qalıb.

Şəhidimiz barəsində qardaşı A.Ələkbərov Bağırın hələ də hərbidə olduğuna, Vətənə xidmətdə etdiyinə inanmaq istədiyini deyir.

Şəhidlik uca zirvə olsa da, qardaş itkisini qəbul etmək o qədər də asan deyil. Vətən yarası sağaldığı kimi bir gün övlad, oğul, ata, qardaş yarası da sağalar deyə ümid edirik…

Bağırın vətənpərvər ruhlu insan olduğunu deyən A.Ələkbərov ailədə iki qardaş olduqlarını deyir:

“Qardaşım məndən dörd yaş kiçik idi. Atam hər ikimizi Vətən üçün yetişdirib. Hərbçi ailəsində böyümüşük. Qardaşım hər zaman deyirdi ki, şəhidlik zirvəsi o qədər ucadır ki, bilmirəm nə vaxtsa ona layiq olaram, yoxsa yox. Bağır çox intizamlı insan idi. Hərbi xidməti nümunəvi şəkildə başa vurduğuna görə N saylı hərbi hissədən atama təşəkkür məktubu göndərmişdilər. Onunla o qədər fəxr edirdi, qürurlanırdı ki, sözlə ifadə etmək çətindir. Əsgərliyini bitirməsinə üç ay qalmış qardaşıma Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsi verildi”.

“Şəhid olsam, mənimlə fəxr edin, ağlamayın”

Ayxan Ələkbərov deyir ki, müharibə zamanı qardaşı evə tez-tez zəng edirdi:

“Hər gün səhər və axşam saatlarında danışmaq imkanımız olurdu. Heç vaxt döyüşlər barədə söhbət açmırdı. Bircə onu deyirdi ki, ermənilər bizim qarşımızda dayana bilmir. Bizim çox güclü ordumuz var. Ailəsini bizə əmanət etdi. Bir də deyirdi ki, şəhid olsam, ağlamayın, mənimlə fəxr edin”.

Bağır Ələkbərov Hadrut istiqamətində ermənilərin əks-hücum cəhdlərinin qarşısını alan igidlərdən biri olub. Onlarla erməni əsgərini məhv edən snayperçimiz əsgər yoldaşlarının həyatlarını xilas edib.

Qardaşı deyir ki, B.Ələkbərov XTQ polkovniki Tehran Mənsimovun qrupuna daxil olan snayperçilərdən olub:

“Onların qrupu öz şücaəti ilə seçilib. Azərbaycanın işğalda olan 15 kəndinin azad olunmasında şəxsən iştirak ediblər. Hadrutda düşmənin əks-hücum cəhdinin qarşısını alaraq, onlarla erməni əsgərini məhv edib. Qardaşım bu sahədə öz üzərində çox çalışıb. 2016-cı ildə snayper hazırlığının təkmilləşdirilməsi kursunu fərqlənmə ilə bitirmişdi. Bu illər ərzində bir çox yerli və xarici hərbi təlimlərdə, beynəlxalq yarışlarda iştirak etmişdi.

2018-ci ildə Türkiyədə keçirilən “Özəl Kuvvet Tim Kəskin Nişancı” kurslarına qatılaraq, sertifikat almışdı. 2019-cu ildə xüsusi snayper tapşırıqlarının yerinə yetirilməsi kursunu uğurla başa vurub. Eyni ildə 4-22 fevral tarixlərində keçirilən beynəlxalq təlimlərdə mükafatlara layiq görülüb”.

Bağır Ələkbərov həm də 2019-cu ildə Azərbaycan Ordusunun 100 illik yubiley medalına da layiq görülən igidlərimizdən olub.

Qardaşı Bağır Ələkbərovun ən çox arzularının yarım qalmasına üzüldüyünü deyir:

“Təəssüf ki, o, Vətən borcunu yerinə yetirərkən şəhid oldu. Yaşasaydı, onun yarım qalan arzuları çox idi. Qardaşımın yaralanmasını əsgər yoldaşlarından eşitdim. Möhkəm olmağa çalışdım. Müharibədir, itkisiz mümkün deyil. Amma ona o qədər inanırdım ki, şəhid ola biləcəyini düşünmürdüm. Əsgər yoldaşları dedi ki, ayağından və qarın boşluğundan güllə yarası alıb. Qarın boşluğundan girən güllə bədənində yeriyib, daxili orqanlarını yararsız hala salıb.

Əsgər yoldaşları onu döyüş meydanından çıxarıb, xəstəxanaya çatdırmaq istəyiblər. Amma təəssüf ki, qan çox itirdiyi üçün şəhid olub. Son sözlərinin nə olduğunu bilmədim. Amma əminəm ki, övladlarını, dünyaya gələcək, hələ üzünü görmədiyi körpəsini düşünüb”.

Bağır Ələkbərovun bir oğul övladı var. Digər övladını qucağına alıb, qoxlamaq isə qəhrəman gizirimizə nəsib olmadı:

“Oğlu tez-tez atasını soruşur. Hələ kiçikdir, amma sanki hər şeyi başa düşür. Qardaşım hələ dünyaya gələcək övladının yolunu gözləyirdi. Övladını bağrına basmaq qismət olmadı”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa versin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir