Müsahibə

Qarabağdakı qüvvələr nisbətini dəyişmək artıq Ağ Ev üçün də çətin olacaq – MÜSAHİBƏ

Sharing is caring!

Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian açıqlama ilə çıxış edərək Dağlıq Qarabağdakı münaqişənin həllində Minsk qrupu ölkələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Onun sözlərinə görə, BMT münaqişə tərəflərinin üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını izləmək üçün Fransaya, Rusiyaya və ABŞ-a təlimat verib.

Çox maraqlıdır ki, Lö Drian xüsusi olaraq qeyd edib ki, Ermənistan onların bu öhdəliklərini qoruyub saxlamağını istəyib.

“Bütün bunlar bizim balanslı mövqe tutmağımızı tələb edir”, – deyə Lö Drian qeyd edib.

Yeri gəlmişkən, sülh razılaşması ATƏT-in Minsk qrupu olmadan, hətta mümkündür ki, onların iradəsindən kənar bağlanılıb. O zaman niyə indi onun rolu yenidən aktuallaşdırılır? Bunun kimə faydası var? Açıqlamalar İrəvandan və Parisdən, bir qədər də az aktivliklə ABŞ-dan səsləndirilir.

“Avrasiya İdeyaları Emalatxanası” Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk Media.Az-a verdiyi müsahibədə qeyd edib ki, bir çox müşahidəçi sona çatan müharibəni “İkinci Qarabağ” müharibəsi adlandırır və onların bu müharibəni niyə belə adlandırmaları aydındır:

“Bu ad avtomatik olaraq münaqişənin davamının olacağını nəzərdə tutur, ki, bunu heç istəməzdik. Bunun üçün yalnız diplomatik deyil, informasiya sahəsində də ciddi səylər göstərməli olacağıq və mən sonuncu qeyd etdiyim məqama xüsusi əhəmiyyət verərdim. Bu səbəbdən müharibənin yekunu müvəqqəti bir razılaşma ilə deyil, davamlı bir sülh sənədi ilə gələcək”.

Həmsöhbətimizin fikirlərinə görə, əsas sual bu strateji məsələ ilə kimin məşğul olmasıdır:

“Göründüyü kimi, 2×2 formatı hadisələrin regional iştirakçılarını qane edir: Ermənistan-Rusiya və Türkiyə-Azərbaycan. Buna rəğmən heç də hamı ATƏT-in Minsk qrupu formatını siyahıdan silib atmaqda maraqlı deyil.

Aydındır ki, ATƏT-in Minsk qrupu nəinki müharibənin qarşısını almayıb, hərçənd statusuna görə bunu etməyə borclu idi, əksinə 2016 və 2020-ci ilin qurbanlarına görə cavabdehlik daşıyır. Eyni zamanda, Ermənistan-Rusiya cütlüyü ATƏT-in Minsk Qrupu ilə işini davam etdirməyə hazırdır, formatında köklü bir dəyişiklik elan etməyən BMT-dən isə heç danışmağa dəyməz”.

“Oxucularınıza xatırlatmaq istərdim ki, mən ilk ekspertlərdənəm ki, 27 sentyabrdan xeyli əvvəl deyirdim ki, ATƏT-in Minsk qrupu özünü tükədib və onun üzərinə qoyulan funksiyaları yerinə yetirə bilmir. İndi bu adi bir hala gəlib və Minsk qrupunun həmsədrləri bu fikrə qulaq asmaq məcburiyyətində qalıblar. ABŞ-ın Ağ Evdəki dəyişikliklə əlaqədar hələ səsləndirmədiyi fikrini də nəzərə almaq lazımdır. Bu fikir hadisələrin birbaşa iştirakçılarının düşüncələrinə zidd ola bilər”, – deyə Q.Trofimçuk qeyd edib.

Eyni zamanda, ekspertin fikrincə, Qarabağdakı qüvvələr nisbətini dəyişmək artıq Ağ Ev üçün də çətin olacaq. Çünki reallığı geri qaytarmaq çətindir. Həmçinin nəzərə almaq lazımdır ki, ABŞ, Fransa kimi Qərb ölkələrinin “Qarabağın suverenliyini” – daha doğrusu, hələ də rəsmi olaraq Rusiya ilə Ermənistanın nəzarəti altında olan əraziləri tanımaq üçün ehtiyat gedişi qalır.

“NATO-nun da mövqeyi tam aydın deyil. Baş verənləri çox yaxından izləyən İranı daha da sıxışdırmaq prosesində bu təşkilatın iştirakını nəzərdə tuturam. Belə bir tənliyin fonunda, Bakının ATƏT-in Minsk Qrupuna münasibəti də daxil olmaqla, vaxtı qabaqlamaq şansı var. Ancaq bunun üçün dediyim kimi fəaliyyətin əsas sahəsi informasiya siyasətidir. Üstəlik, Prezident İlham Əliyevin özünün də ifadə etdiyi kimi kampaniyanın hərbi mərhələsi bitib”, – deyə Q.Trofimçuk fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir