Müsahibə

Azərbaycanın Los-Ancelesdəki baş konsulu ABŞ-ın nüfuzlu telekanallarına müsahibələr verib – VİDEO

Sharing is caring!

ABŞ-da fəaliyyət göstərən radikal erməni lobbisinin təşkilatçılığı ilə 1 noyabr 2020-ci ildə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında nümayiş keçirilib. Öncədən erməni lobbisi nümayişə on minlərlə insanın qatılacağını bəyan etsə də, Los-Anceles Polis İdarəsinin rəsmi açıqlamasına əsasən, nümayişə yalnız 400-500 nəfər qatılıb.

Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

Bildirilib ki, Baş Konsulluq nümayişdən öncə Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu televiziya kanalları, radio və qəzetlərə mətbuat açıqlaması göndərib.

Açıqlamada Ermənistanın Azərbaycana qarşı son təcavüz aktı, ölkəmizin şəhərlərini və mülki əhalisini hədəf alması, kasetli bombalardan istifadə etməklə müharibə cinayətləri törətməsi barədə məlumat verilərək, Ermənistanın bu təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.

Bundan başqa, milyonlarla izləyicisi olan nüfuzlu “FOX” və “NBC” televiziya kanalları ermənilərin sözügedən nümayişi ilə bağlı hazırladıqları reportajda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ilə müsahibəyə də yer veriblər.

Müsahibələrdə baş konsul Ermənistanın Bərdə şəhərinə kasetli bombalardan istifadə edərək, raket zərbələri endirdiyini və nəticədə, çoxlu sayda mülki əhalinin həlak olduğunu diqqətə çatdırır.

N.Ağayev Ermənistanın kasetli bombalardan istifadə etməsi faktının “Amnesty International” təşkilatı tərəfindən də təsdiq edildiyini bildirir. Həmçinin, baş konsul 27 sentyabrdan bəri Ermənistan tərəfindən uşaqlar da daxil olmaqla, 91 mülki vətəndaşın qətlə yetirildiyini bildirir.

Müsahibələrdən birini burada izləmək mümkündür:

Qeyd edək ki, Qarabağ həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tam şəkildə fəaliyyətini davam etdirir. Bu səpkidə sentyabrın 27-dən bəri baş konsul N.Ağayev ABŞ-ın bir sıra nüfuzlu televiziya kanallarına, o cümlədən, “ABC”, “CBS”, “NBC”, “FOX”, “KTLA”, “TELEMUNDO”, “CURRENT TIME” kanallarına və “NPR/KCRW” radiosuna 20-dən çox müsahibə verərək, Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti barədə məlumat verib.

Bundan başqa, bu müddət ərzində Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü, Gəncə və Bərdə hücumları, kasetli bombalardan istifadə etməsi, işğal olunmuş torpaqlarımızdakı mədəni irsimizə qarşı təcavüzkarlığı ilə bağlı Baş Konsulluq tərəfindən ingilis dilində altı qısa film hazırlanıb. Filmlər sosial şəbəkələrdə geniş yayılaraq, ümumilikdə üç milyona yaxın baxış toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir