Müsahibə

Ülviyyə Aslanova: ” Müəllimlər cəmiyyətin memarlarıdır. “

Sharing is caring!

XeberBiz.com saytı ilə Tehsil Forumu – 2020 Facebook qrupu ilə birgə 2019-2020 tədris ilinin yekunlarına həsr olunmuş musabiqəsi çərçivəsində Bakı şəhəri 170 N-li tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini  Ülviyyə Aslanova nın müsahibəsi.

İlk əvvəl XeberBiz.com saytının və Təhsil Forumu-2020 qrupunun rəhbərliyi adından Sizi salamlayır və müsabiqəmizdə iştirak etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Xahiş edirik, ilk öncə özünüz haqda oxucularımıza məlumat verərdiz.
– Aslanova Ülviyyə Salam qızı, 1972 – ci ildə Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olmuşam. Elə həmin rayonun 2 Nli tam orta məktəbini və bununla bərabər 7 illik uşaq musiqi məktəbinin fortepiano şöbəsini bitirmişəm. 1990 – 1995 – ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təlim pedaqogikası və meodikası, əlavə musiqi fakültəsində təhsil almışam.
Müəllimlik fəaliyyətimə 1988 – ci il rayon Mədəniyyət Şöbəsində “Öz fəaliyyət”dərnəyinin rəhbəri kimi başlamışam. Universitetdə təhsil aldığım dövrdə ixtisasım üzrə müəllimlik fəaliyyətimi davam etdirmişəm. 1994 -1995 – ci illərdə Bakı şəhər 215 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyərkən  “İlin müəllimi” müsabiqəsinin qalibi, 2013-cü ildə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, 2015 – 2016 –cı tədris illərində yenidən “İlin müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşam. 2015-ci ildə “Səsləri və hərfləri öyrənirəm” adlı I siniflər üçün  dərs vəsaitim nəşr olunmuş və bu gün də  aktuallığını itirməmiş məkltəblərimizdə istifadə olunmaqdadır.   “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr“ mövzusunda Respublika elmi könfransının materialları jurnalında (Bakı, 16 dekabr 2015) Tarixi-mədəniyyət abidələrinin tədrisdəki rolu”,  Müasir yanaşmalar- Beynəlxalq elmi konfransının materialları jurnalında (Naxçıvan şəhəri, 25 noyabr 2016) Azərbaycanda təhsil siyasətinin prioritetləri: “Müasir pedaqoji texnologiyalardan istifadənin səmərəliliyi”, “Şagird nailiyyətlərinin qiymətləndərilməsi: məzmun və vasitələrin yaradılması problemləri “ mövzusunda Beynəlxalq elmi konfransın materialları ( Bakı şəhəri, 25 iyun 2016-cı il) “Milli qiymətləndirmənin digər qiymətləndirmədən fərqi”, Elmi iş hümanitar elmlər üzrə aylıq Beynəlxalq elmi jurnalda ( Bakı-2019 N-6 ) və  “İnkluziv təhsil: mahiyyəti, məqsədi və vəzifələri”, («Elmi iş» jurnalı, 2019 № 8)“ Azərbaycan dilinin tədrisində oxu təliminə verilən tələblər” («Elmi iş» jurnalı, 2019 № 6)adlı məqalələrin, kurikulum –elmi –metodik jurnalında fəal dərs nümunələrinin və s..bir çox elmi məqalələrin müəllifiyəm. 2015 – 2016 – cı tədris illərində məktəb rəhbərinin işə qəbulu imtahanında iştirak etmiş və Bakı Şəhər 80 N-li tam orta məktəbə təlim – tərbiyə işləri üzrə direktor müavini (ibtidai siniflər üzrə), 2018 – 2019 – cu  tədris ilindən isə Bakı Şəhər 170 N-li tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini  vəzifəsinə təyin edilmişəm. Hal – hazırda bu vəzifədə çalışıram. 2020-ci il iyun ayında XeberBiz.com saytı ilə Təhsil Forumu-2020 Facebook qrupu ilə birgə “15 İyun tarixinin Azərbaycanın ictimai-siyasi həyatında rolu” mövzusunda yazı müsabiqəsində “Milli Qurtuluş günündən başlayan təhsil islahatlarımız”məqaləmlə iştirak edərək I yerə layiq görülmüşəm. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə  “QızılQələm” Media Mükafatı laureatı diplomu ilə təltif   edilmişəm.

– Çalışdığınız təhsil müəssisəsinin tarixi barədə nə söyləyə bilərsiz?
– Parlaq şəxsiyyətin inkişafı məktəbdən başlayır.
170 nömrəli tam orta məktəb binasının əsas korpusu 1928-ci ildə inşa olunub və o dövrdə hospital kimi fəaliyyət göstərib. 1930-cu ildən isə 120 şagird yeri olan məktəb kimi fəaliyyətini davam etdirmişdir. İkinci Dünya müharibəsindən sonra məktəbdə 42 şagirdin təhsil alması üçün şərait yaradılıb. Hazırda ümumi sahəsi 1425 m2 olan bu məktəbdə Dövlət proqramına əsasən bərpa və təmir işləri aparılmış, standart tələblərə uyğun şəkildə müasirləşdirilərək, 873 şagirdin təhsil alması üçün şərait yaradılmışdır. Ötən əsrdən bəri fəaliyyət göstərən 170 nömrəli tam orta məktəb vətən üçün yüzlərlə həkim, müəllim, alim, hüquqşünas yetişdirmişdir. 83 il öncə, 1932-ci ildən etibarən fəaliyyətdə olan bu qocaman məktəb keşməkeşli dövranlara sinə gərərək, bugünkü zamanını yaşamaqdadır. Ölkə prezidentimiz cənab İlham Əliyev  14 sentyabr 2011-ci il tarixdə Sabunçu rayonu Sabunçu qəsəbəsindəki 170 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanış olmaq üçün həmin təhsil ocağında olmuş və yüksək qiymətləndirmişdir.

– Azərbaycan təhsilinin hazırki vəziyyətini necə dəyərləndirərdiz?
– İlk öncə Azərbaycan təhsilinin hazırki vəziyyətini dəyərləndirmək üçün təhsilimizin tarixinə nəzər salmalıyıq. Tarixi yaddaş isə onu deməy əsas verir ki, Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə ilk hakimiyyətə gəldiyi dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başlandı. Azərbaycanın müstəqilliyinin ilk illərinə nəzər saldıqda, görürük ki, təhsil sahəsində müxtəlif çətinliklər, problemlər yaşanırdı. Bu problemlər məktəblərin yenidən qurulmasına, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsində özünü göstərirdi. Təbii ki, bütün bunlar nəzərə alınaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması və digər yüksək səviyyəli işlərin icrası ardıcıl və nizamlı şəkildə aparıldı və hal-hazırda bu işlər davam etdirilir. Azərbaycanda bu günkü, təhsilin inkişafı təkcə ölkə daxilində deyil, həmçinin, beynəlxalq səviyyədə qiymətləndirilməlidir. Çünki Azərbaycanın digər ölkələrlə sıx əməkdaşlıq etdiyi sahələrdən biri də təhsil sahəsidir. Təhsildəki beynəlxalq əməkdaşlıq, ölkələr arasındakı müqavilələr əsasında birgə tədbirlərin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması, dövlət xətti ilə təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsil, təsdiq olunmuş Dövlət Proqramına əsasən azərbaycanlı tələbələrin xaricdə təhsili, əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərində təhsili, təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi və müəllimlərin ixtisasının artırılması və digər istiqamətləri əhatə edir. Azərbaycanda bütövlükdə təhsil sisteminin, o cümlədən də ümumi təhsilin milli ənənələr, milli mənəvi və bəşəri dəyərlər zəminində dinamik və məqsədyönlü inkişafı məhz dövlət müstəqilliyinin bərpasından sonra mümkün oldu.
Hazırda da təhsilimizin inkişafı göz qabağındadır. Pandemiya dövründə də təhsilimiz öz inkişaf yolunda irəliləyir.

– Aparılan təhsil islahatlarından razısızmi? Əgər razı deyilsizsə əlavə nələr təklif edərdiz?

– Əlbəttə razıyam. Ölkəmizin təhsil sistemində islahatların başlanmasından on ildən artıq bir vaxt keçir. Bu dövr zaman baxımından qısa olsa da, axtarış və tədqiqatlarla, gərgin zəhmət tələb edən səmərəli fəaliyyətlə zəngin olmuşdur. Ölkəmizdə təhsil islahatlarının ölçülüb-biçilmiş, əvvəlcədən düşünülüb müəyyən olunmuş nəticələr üzərində qurulmasını təsdiq edən ən mötəbər tarixi sənəd 1998-ci ildə yaradılmış Dövlət Komissiyası tərəfindən hazırlanaraq 1999-cu il iyunun 15-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”dır. Konseptual əsasını ümummilli liderin ideya və müddəaları təşkil edən, ölkəmizdə 1999-cu ildən başlayaraq növbəti 15 il üçün ümumi təhsilin inkişaf strategiyasını müəyyənləşdirən bu Proqramda islahatların zəruriliyi müasir tələblər baxımından əsaslandırılmış, islahat hədəfləri dəqiqləşdirilmiş və onların mərhələlərlə həyata keçirilməsinin sistemi təsbit olunmuşdur. Təsbit olunmuş sistem uğurlu nəticələri ilə yaddaşlarda qalacaq.

– Şagirdlərin repetitor yanına getməsi hallarına necə baxırsız?
– Mən repetitorluğun əleyhinə deyiləm. Repetitorluq həmişə olub. Onu  faydalı hesab etmək olar. Amma bunu kütləvi hala çevirmək də olmaz. Fərdi təhsil bir əsas fəndən təkmilləşmək üçün lazım olar. Daha geniş bilik qazanmaq üçün lazım olar. Amma bunun kütləvi hal alması, bütün fənlər üzrə   hazırlığa getmək  arzuedilməzdir. Son illərdə repetitor yanına gedərək ali məktəbə daxil olmaq modeli ortaya çıxıb. Əvvəllər şagirdlərorta məktəbdə aldıqları biliklərin hesabına ali məktəbə daxil olurdular. Ona görə ki, o zaman valideynlər övladlarının təhsilinə ciddi yanaşır, nəzarətlərini əsirgəmirdilər. Hazırkı dövrdə texnologiyanın inkişafı insanları bacarıqlı, səriştəli olmalarındaəsas şərtdir. Amma bəzi valideynlər bundan səmərəli istifadə edə bilmir vəövladlarına bu bacarığı aşılamaqda çətinlik çəkirlər. Düşünürlər ki, repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Amma valideynözü də övladına ciddi nəzarət edə bilər. Şagirdin vaxtlı-vaxtında müəllimin yanına gedib – gəlməsi, müəllimə xüsusi pul xərclənməsi valideynlər tərəfindən daha ciddi nəzarətə götürülür və yaxşı nəticə verir. Bu hər zaman belə nəticə ilə bitməyə də bilir. Şagird məsuliyyətsizliyi, ali məktəbin məhz valideynlərin arzusu ilə seçilməsi, qonşu ali məktəbə hazırlaşır mənim də övladım hazırlaşsın, bu kimi düşüncələr heç də yaxşı nəticə vermir. Təcrübələr göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən, məsuliyyətini dərk edən, gələcəkdə kim olacağını düşünən, valideyn istəyi ilə yox, öz istəyi və bacarığı ilə peşə seçməyə qadir olan şagirdlər uğur qazanırlar.

– Məktəbinizdə çalışan müəllimlərin bilik səviyyəsi sizi tam qane edirmi?
– Tam qane edir desəm düz olmaz. Məktəbimizin şagirdlərinin göstəriciləri göz önündədir. Ali təhsil müəssisələrinə qəbul faizimiz ötən tədris ilinin nəticələrinə görə 88 % olmuşdur. Pis göstərici deyil. Bunlar müəllimlərimizin naliyyətləridir. Amma, mənim fikrimcə  tam qane etmək odur ki, respublika olimpiadalarında və beynəlxalq olimpiadalarda qaliblərimiz daha  çox  olsun. Təhsilin keyfiyyəti müəllimin bilik və bacarığından asılıdır. Ölkəmizdə son illər təhsillə bağlı ciddi islahatlar həyata keçirilir, dövlət proqramları və qanunlar qəbul edilir. Təhsilin bütün pillələrini əhatə edən islahatlar göstərir ki, bu sahə yüksək  inkişaf  yolundadır. Təhsil Nazirliyi istər ümumitəhsil, istər ali təhsil, istərsə də təhsilin digər sahələrində ciddi, səmərəli işlər aparır. Hər bir müəllim də bunlara diqqətlə yanaşırlar. Bu gün məktəbimizin məzunları öz bilik və bacarıqlarını məharətlə nümayiş etdirir, olimpiadalarda, müxtəlif müsabiqələrdə iştirak edirlərsə bu məktəbimizin müəllimlərinin uğurudu. Artıq biz elə bir dövrdə yaşayırıq ki, fasiləsiz öyrənməyə, ömürboyu təhsil almağa məcburuq. Əvvəllər bu, bizim daxili tələbatımızdan irəli gəlirdi.  Lakin müasir cəmiyyətdə biz hər gün nəyisə öyrənməliyik ki, dövrlə ayaqlaşa bilək. Müəllimlərimiz də hər zaman öz üzərlərində çalışır, müxtəlif təlim kurslarında, seminarlarda iştirak edir. Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan ən mühüm keyfiyyətlər sırasında ilk yerlərdən birini tutur. Bu iki keyfiyyət pedaqoji fəaliyyətin mühüm tərəflərini özündə birləşdirir. Müəllimlərimiz də peşəkarlıq və səriştəlilik kimi mühüm keyfiyyətləri əsas tutur, sağlam rəqabət apararaq peşəkarlıq səviyyələrini artırırlar.  Bunlar da pedaqoji prosesin tamlığını, şəxsiyyətyönümlülüyünü, nəticə yönümlülüyünü təmin etməklə təhsilalanların təfəkkürünün və şəxsiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir və gənc nəslin zəngin biliyə, mütərəqqi dünyagörüşə malik bir şəxsiyyət kimi formalaşmasına səbəb olur.

– Məktəbinizdə şagirdlər arasında aparılan vətənpərvərlik təbliğatı necə gedir və bu yönümdə hansı tədbirlər həyata keçirilir?
 
– Vətənpərvərlik tərbiyəsi, öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Gənclərdə vətənpərvərlik hisslərinin artırılması, onların Vətənə, millətə, dövlətə məhəbbət hissində tərbiyə olunması istiqamətində kifayətqədər işlər görülür. Məktəbimizdə şagirdləri vətənpərvərlik ruhda tərbiyə edilməsinə məktəbəhazırlıq qruplarından başlayırıq. Müxtəlif tədbirlər, bilik yarışları, Milli Qəhrəmanlar və Şəhid ailələrinin üzvləri ilə görüşlər təşkil edirik. Bu tədris ilində “Qarabağı tanıyaq və tanıdaq” adlı böyük bir layihə həyata keçirdik. Layihənin həyata keçirilməsində məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək,  işğalolunmuş ərazilərimizin tarixi, coğrafiyası, təbii sərvətləri, memarlıq abidələri, milli mədəni irisini dərindən öyrənmək, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı tanıtmaq, erməni vandalizmi nəticəsində dəyişdirilmiş toponomik etimalogiyanı araşdırmaq, əzəli və əbədi Azərbaycan torpaqlarında erməni daşnaqlarının qurmaq istədikləri böyük Ermənistan xülyasına son qoymaq, dünyanı bu “ədalətsizliyə yox!” deməyə çağırmaq ən ümdə qayəmiz idi. Bununla yanaşı humanitar fənlərin tədrisində də vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün əsl həyat, tərbiyə məktəbidir.  Qarşıda hələ görüləsi işlər də çoxdur. Çünki bu gün 20 faizə yaxın əraziləri erməni işğalı altında olan Azərbaycan Respublikasının gənci sözün həqiqi mənasında arzu  etdiyimiz səviyyədə vətənpərvər deyil.  Ona görə də hər şeyin bağça və məktəbdən başlamaq, ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərlə daha ciddi şəkildə iş aparmaq zəruridir.

– Bu il məktəbiniz neçə məzunu oldu və bunlardan hansıların alı məktəblərə qəbul imtahanlarından uğur əldə edəcəyinə inanırsız?
– İnanıram. İlk növbədə özümüzdə inam hissini inkişaf etdirməliyik. 2019-2020-ci tədris ilində məktəbimizin 30 məzunu oldu. Bunlardan çoxunun adını çəkmək olar. Qurbanova Mehri, Sadıqova Emilya, Vəliyeva Lilya, Yolçuyeva Zərifə, Quliyeva Aytən, Kazımova Təranə, Alışova Ləman, İsmayılov Tuncay –bu məzunlarımızdan yüksək nəticələr əldə edə biləcəklərinə inanıram.

– Bütün dünyanın bəlasına çevrilən Koronavirus infeksiyası səbəbindən məktəblərdə 3 ay virtual dərs proqramı həyata keçirildi. Sizin məktəbdə bu layihə necə həyata keçirildi?
– Mart ayının üçündən dərslər dayandırıldı.  Müəllimlərimizin çox hissəsi demək olar ki, mart ayının 13-dən  “zoom”, “skype”, “whatsapp” proqramlarının vasitəsi ilə dərslərini davam etdirməyə başladılar.  Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilir. Məktəbimizin bütün müəllimləri,  şagirdlərinin  də  90 faizi qeydiyyatdan keçdilər.İntermetə çıxış imkanları olan şagirdlər Microsoft Teams proqramı ilə dərslərə qoşuldular.

– Müəllimlərin onlayn dərslərinə nəzarət edə bilirdinizmi?
– Bəli nəzarət edə bildim. Onlayn dərslərə nəzarət əvvəlcədən şagirdlərin və müəllimlərin vaxtına uyğunlaşdırılmış virtual dərs cədvəlləri hazırladım. Gün ərzində dərslərin vaxtlı-vaxtında keçirilməsinə nəzarət etmək imkanı əldə etdim.

– Sizcə Azərbaycanda onlayn dərs proqramına keçsə nə qazanar və nə itirər?
– Koronavirus pandemiyasının yayılması səbəbindən məktəbə gedə bilməyən şagirdlər üçün təhsilin tək mənbəyi  onlayn dərslərdir. Onlayn dərslər yeni mövzuların izahı üçün çox səmərəlidir. Onlayn dərs zamanı şagirdlər yeni mövzuları rahatlıqla izahına qulaq asır, tapşırıqların  verilməsini və onların həlli yolarının öyrənirlər. Sual-cavabda fəal iştirak edirlər. Dərslərin bu formada təşkili yalnız onların proqramdan, dərslərdən geri qalmamasına köməklik edir. Yaş səviyyəsindən asılı olmayaraq şagirdlərdə İKT bacarıqları formalaşır.Amma bu məktəb şəraitində keçilən dərslərin effektini vermir. Mənim fikrimcə ümumtəhsil məktəblərində buraxılış siniflərin distant təhsilə keçməsi faydalıdı olar. Şəgirdlər növbəti təhsil pilləsinə keçmək üçün məktəbə gəlib-getmələrində vaxt itkisinin qarşısı alınmış olar və digər neqativ hallar aradan qaldırılar.

Son illər valideyinlər tərəfindən qızların təhsildən yayındırılması və erkən ailə qurmalarına məcbur edilmə halları çoxalıb. Sizin məktəbin qız şagirdləri arasında belə hal olubmu?
– Mənə elə gəlir ki, bu hər bir məktəbdə ola  bilir. Belə hallar bəzi  ailələrdə ananın savadsızlığından, kişilərin isə cahilliyindən  irəli gəlir. Bu gün qadın problem dünyanın ən çox müzakirə olunan mövzusudur. Azərbaycanda qadınların rəsmi olaraq kişiilə bərabər hüquqları olsa da, sosial diskriminasiyaya bəzən rast gəlmək olur. Deyirlər kişilərlə bərabərlik tələb edən qadınların ambisiya çatışmazlığı var. Türkiyəli sənətçi Neşet Ertaşın bir fikrini qeyd etmək istəyirəm. O deyib ki, qadın insandır, kişilər – insan oğlu. Bu sözlərin dərininə enib mahiyyətinə vardıqda qadının bəşər tarixində hansı mövqedə dayandığı daha aydın görünür. Gərəkdir ki, qadın öz dəyərini və cəmiyyətdəki yerini bilsin. Gərəkdir ki, qadının dəyəri və cəmiyyətdəki yeri bilinsin.

– Bu xoşagəlməz halların qarşısın alınması üçün nə təklif edərdiz?
– Qızların təhsil almasına daha ciddi diqqət yetirməli, onların təhsildən yayındırma  hallarinda valideynlər ağır  cəzalandırılmalıdır.

– Hər hansı bir gəncin cəmiyyətdə özünə düzgün yer tutması üçün müəllimin vəzifəsini necə izah edərdiz?
– Əsl müəllim özü elə cəmiyyət üçün bir nümunə olmalıdır. Artıq 3 yaşından başlayaraq uşaqlarımız valideynlərlə bərabər müəllimlərin əhatəsində olur. Müəllimdən eşitdiyi hər bir kəlmə, onda gördüyü hər bir hərəkət uşaqların həyatda formalaşmasına ciddi təsir göstərir.Özün nümunə ol ki, nümunəvi vətəndaş yetişdirməyi bacarasan.

– Pis vərdişlərə qurşanıb və nəticədə dəmir barmaqlıqlar arasına düşən bir gəncin bu halına ən çox müəllim gunahkardı, yoxsa valideyin?
– Tərbiyə ailədən gəlir. Məktəb, müəllim isə onu formalaşdırır. Müəllim-məktəb-valideyn münasibətləri düzgün qurulsa cəmiyyətə yararlı şəxsiyyətlər yetişdirmək çox asan olar. Valideynlərin səhlənkarlığı da bu hallara yol açır.

– Müəllim sözünün mənasını qısa olaraq necə izah edərdiz?
– Müəllimlər cəmiyyətin memarlarıdır. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimin  xidmətləri əvəzsizdir. Müəllim haqqında ən yaxşı sözü ulu öndərimiz Heydər Əliyev demişdir: “Mən yer  üzündə müəllim adından yüksək bir  ad tanımıram”.

– Keçmişdə şagirdlər müəllimlərini özlərinə ideal insan seçirdilər. İndi isə, belə şagirdlərə çox az halda rast gəlmək olur. Sizcə, bu məsələdə gunah cəmiyyətdədi, yoxsa müəllimlərdə?
– Bu sualınızı dahi şəxsiyyət Heydər Əliyevin müəllimə verdiyi dəyərlərə toxunaraq cavab vermək istəyirəm. “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur.” Cəmiyyət elə biz özümüzük. Müəllim cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir.  “Təhsil Haqqında” qanunda təsbit olunduğu kimi, “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir”. Bu müəllimin ən ümdə vəzifəsidir. Müəllim peşəsi bütün dövrlərdə hörmətli olub.Şagirdlər də bu gün müəllim peşəsinə həvəslə gedirlər. Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə alan hər kəs uğurlu müəllim olacaq. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır.

– Tam səmimi cavab verin… Müəllim peşəsini seçdiyiniz üçün peşiman deyilsizki?
– Xeyr, peşiman deyiləm.Mən peşəmi sevmək yox, onun vurğunuyam. Özümü başqa sahədə təsəvvür edə bilmirəm. Bir peşə ki, bütün peşələrin şahıdır nədən peşimançılıqdan danışaq. Memarı, mühəndisi, müəllimi, həkimi, hakimi yetişdirən məhz müəllimdirsə, deməli bu peşələrə də sahib elə müəllim özüdür.

– Peşə fəaliyyətinizdə boş vaxtlarınız olduqda nə ilə məşğul olmağı sevirsiz?
– Demək olar ki, boş vaxtım çox az olur. Hər zaman öyrənməyə ehtiyac duyuruq. Yaxşı əl qabiliyyətim var. Toxuculuq peşəm də var. Dərs vəsaitləri hazırlamağa maraqlıyam. Mütaliə edirəm.Təhsil haqqında yenilikləri öyrənirəm. Məqalələr yazıram.

– Ən çox hansı xəbərləri aldıqda sevinc hisləri keçirirsiz?
– Azərbaycan vətəndaşı olaraq, Vətənini hər şeydən çox sevən bir vətənpərvər olduğum üçün Azərbaycanımın hər uğuruna, işlədiyim məktəbin hər bir üzvünün uğurlarına görə sevinc hisləri keçirirəm.
 
– Mütaliəni sevdiyinizi qeyd etdiz. Sonuncu hansı kitabı oxumusuz?
– Ən çox da qadınların təhsil alması üçün mübarızə aparmaqları haqda kitabları çox sevirəm. Mütaliə edərkən insanın ruhu dincəlir. Ən son oxuduğum kitablar: Varis Dirie “ Səhra çiçəyi”, Pərinuş Səni “Mənim payım”, Məlalə Yusifzey” Məlalə mənəm”.

– Sevdiyiniz yazıçı və şair?
Hər birini öz dəstixəttinə görə sevgi payı var.

– İdealınız varmı? Varsa kimdir?
– İdealım atamdır. Dürüstlüyümü, ayaqlarım üstündə dik durmağımı, peşəmə vurğunluğumu, böyüklərə hörməti, kiçiklərə qayğnı  ondan öyrəndim.

– XeberBiz.com saytını və Təhsil Forumu – 2020 qrupunu izləyirsizmi? Əgər izləyirsizsə həmin xəbər portalımıza və qrupumuza təklif və arzularınız?
– Bəli izləyirəm, yuxarıda qeyd etmişdim. Hətta müsabiqələrin ikisində iştirak edərək Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə  “QIZIL QƏLƏM” Media Mükafatı laureantı diplomu ilə təltif  edilmişəm. X sinif şagirdimiz Ağabalayeva Elmira Təhsil Forumu – 2020 qrupu XeberBiz.com saytı ilə birlikdə 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə keçirdiyi Müsabiqənin qalibi olaraq I yerə layiq görülmüş,  fəxri fərman və qol saatı ilə mükafatlanmışdır. Sizə təhsilimizin inkişafına dəstəyiniz üçün təşəkkür edirəm. Belə layihələrin həyata keçirilməsi təhsilverənlər və təhsilalanlar üçün bir stimuldur. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı Azərbaycan  müəlliminin səsinin yüksək tribunalardan səslənməsi üçün var gücü ilə çalışmalı, təhsilimizi daha da yüksək zirvələrə qaldırmalıdır.

– Müsahibə üçün çox sağ olun. Sizə bu müsabiqədə uğurlarlar arzu edirik. İnanırıqki, müsabiqənin qalibi olaraq “Azərbaycan Bayrağı” Ali Media mukafatını Siz qazanacaqsız.
– Təşəkkür edirəm!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir