Müsahibə

Laurentsiu Regekampf: “Neftçi” azarkeşləri sənə nə etməli olduğunu xatırladırlar” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Premyer Liqada mövsüm başa çatmamış bürünc medalı təmin edən “Neftçi” Azərbaycan Kubokunu qazanmaq şansını davam etdirir.

2022-ci ilin yayında “ağ-qaralar”ın sükanı arxasına keçən rumıniyalı baş məşqçi Laurentsiu Regekampf debüt ilində kubok qazana bilər. Bunun üçün 48 yaşlı mütəxəssisin komandası iyunun 3-də finalda “Qəbələ”yə qalib gəlməlidir.

“Report”un suallarını cavablandıran Regekampf da cari mövsümlə bağlı əsas hədəflərinin kuboku qazanmaq olduğunu bildirib. Rumıniyalı, eyni zamanda, növbəti mövsüm qarşılarına qoyulan məqsədi də açıqlayıb.

“Bu mövsüm əldə olunan nəticələr bizi qane etmir”

– Əvvəlcə başa çatmaqda olan mövsümü dəyərləndirərdiniz. “Neftçi” azarkeşləri Premyer Liqada 3-cü yeri uğursuzluq hesab edirlər. Bu fikirlə razılaşırsınız?

– Özümüz də üçüncü yerdə olmağımızı qəbul etmirik. Bu mövsüm əldə olunan nəticələr bizi də qane etmir. Amma mövsüm ərzində çoxlu şeylər baş verib. Gec başladıq, yeni futbolçular kollektivə tez qoşulmadılar. UEFA Konfrans Liqasında yaxşı çıxış edirdik. Ancaq yekunda qrup mərhələsinə vəsiqə qazanmaq alınmadı. Komandanı turnirə hazırlamaq üçün kifayət qədər vaxt qalmadı. Bəxtsizlik də oldu. Mövsüm ərzində çoxlu zədəli futbolçumuz var idi. Onları layiqli əvəz edə biləcək ehtiyat qüvvəmiz çatmırdı. Ona görə də bəzi matçlarda “Qarabağ” və “Sabah”a yaxın gələ bilmədik, vacib xallar itirdik. Amma bu il baş verənlərdən nəticə çıxarmalıyıq ki, ikinci mövsümdə bir az fərqli olaq. Növbəti mövsüm üçün ən vacib məqsəd çempionluq titulunu qazanmaq olacaq. Bilirəm ki, azarkeşlər nəticələrdən narazıdırlar. Biz də onları sevindirmək üçün çalışmalıyıq.

– Azərbaycan Kubokunu mövsümün xilası kimi qəbul etmək olar?

– Xeyr, mən belə düşünmürəm. Güclü komanda qurmaq üçün yayda, yeni mövsüm başlayanda artıq hər şey aydın olmalıdır. Komanda qurulmalıdır. Yeni transferlər yalnız titul qazanmaq üçün gəldiklərini bilməlidirlər. Bizim onlara mesajımız açıq olmalıdır. Klubda hazırda yeni Müşahidə Şurası var. Onların gələcək üçün istəklərini bilirəm. Bu mesaj açıq-aydındır. Bu da çempion olmaqdır. Hər gələn oyunçu da bunu reallaşdırmağa çalışmalıdır.

– Əksəriyyət “Neftçi”dəki taleyinizin iyunun 3-də ölkə kubokunun finalında “Qəbələ” ilə keçiriləcək matçdan asılı olduğunu iddia edir. “Qəbələ”yə məğlub olsanız, hansı addımı atacaqsınız?

– Mənim müqaviləm bəllidir. Komandanı qarşıdakı mövsümə hazırlayıram. Kuboku qazanmaq istəyirəm. Bu, çox vacib tituldur. “Neftçi” çox güclü və ənənəyə malik klubdur. Biz plana riayət etməliyik. Planın əsas tərəfi güclü heyət qurub qarşıdakı mövsümdə çempionluğu əldə etməkdir. Futbolda hər şey mümkündür. Biz də ölkə kubokunu qazanmaq üçün əlimizdən gələni edəcəyik.

“Neftçi”də olduğum müddətdə başqa klublardan müraciətlər olub”

– Mövsümboyu Rumıniya mətbuatında adınız gah “Styaua”, gah da “Universitatya Krayova” ilə birgə hallandı. Bu söz-söhbətlərə isə indiyə qədər konkret cavab verməmisiniz. Həqiqətən də, Rumıniyadan sözlü də olsa, müraciət edən olub?

– Əlbəttə, müraciətlər olub. Bu, təkcə Rumıniyadan deyil. Amma bu mövzu barədə danışmağa ehtiyac yoxdur. Mənim “Neftçi” ilə müqaviləm davam edir. Özümü Bakıda çox yaxşı hiss edirəm. Çağırışı qəbul edib, komandamla Azərbaycan çempionu olmaq istəyirəm.

– Rumıniya KİV-i, demək olar ki, hər gün şəxsi həyatınızı gündəmə gətirir, keçmiş həyat yoldaşınız Anamariya Prodanla olan problemləri qabardır. Sanki sizə qarşı kampaniya yürüdülür. Bu amil işinizə köklənməyinizə mane olmur?

– Xeyr, mən bundan narahat deyiləm. Bütün yazılanları izləmirəm. Artıq belə hallara öyrəşmişəm. Həqiqət odur ki, Rumıniya mətbuatında mənim haqqımda çoxlu məqalələr yazılır. Amma burada yalnız neqativ hallar barədə danışmalı deyilik. Bu, ona görədir ki, mən keçmiş həyat yoldaşımdan boşanmışam. Elə bir mövzudur ki, bu barədə danışmaq istəmirəm. Hazırda çox xoşbəxtəm. Öz həyatımı yaşamağa çalışıram. Şəxsi həyatım işimə mane olmur.

– Eyni zamanda, Rumıniya tarixinin ən yaxşı məşqçilərindən biri hesab edilirsiniz. Siz özünüzü ölkə futbolunun harasında görürsünüz və hansı rumıniyalı məşqçini ən yaxşı sayırsınız?

– Mütəxəssis titul qazananda yaxşı məşqçi olur. Çoxlu məşqçilər karyeralarında uğurlu olublar. Mirça Luçeskunun adını qeyd edərdim. Ölkə xaricində çalışan çoxlu rumıniyalı mütəxəssis var. Onlardan biri də Mirça Luçeskunun oğlu Razvan Luçeskudur. Yalnız bunlar da deyil. Düşünürəm ki, titul qazananların, komandaları Çempionlar Liqasında çıxış edənlərin hamısı peşəkar və yaxşı məşqçi adına layiqdirlər.

“Hakim kuboka sahib olmağımıza imkan vermədi”

– Artıq bir ildir Azərbaycandasınız. Çempionatımızın səviyyəsi bura gələndə təsəvvür etdiyiniz kimidir?

– Çempionatın səviyyəsi yaxşıdır. Yuxarı pillələrdəki komandalar haqqında danışmaq istəyirəm. Onlar hazırlıqlı kollektivlərdir, yaxşı heyətlərə malikdirlər. Yuxarı və aşağı pillələrdəki klublar arasında bir az fərq mövcuddur. Bəzən elə məqamlar olur ki, aşağıdakı komandalara qarşı oyuna kifayət qədər yaxşı köklənməyəndə sürprizlərlə qarşılaşırsan. Mövsüm ərzində çoxlu belə oyunlar görmüşük. Yuxarı pillədəkilər belə görüşlərdə xallar itiriblər. Məncə, çempionatın daha yaxşı olması üçün kifayət qədər imkan var. Peşəkar səviyyədə təşkil olunmuş liqadır. İnsanların marağını da görürəm. Düşünürəm ki, hər aspektdə daha da inkişaf etmək olar.

– Rumıniya, Bolqarıstan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərmisiniz. Azərbaycan liqasının onlarla müqayisədə müsbət və mənfi tərəfləri hansılardır?

– Liqaları müqayisə etməyə ehtiyac yoxdur. Hər çempionatın müsbət və mənfi cəhətləri var. Hər ölkə də fərqlidir. Bu ölkəyə gəlməyə qərar vermisənsə, uğur qazanmaq üçün əlindən gələni etməlisən.

– Yeri gəlmişkən, sabiq komandanız “Əl-Hilal” Lionel Messiyə 500 milyon avro təklif edib. Sizin vaxtınızda da Səudiyyə Ərəbistanı futboluna bu qədər maliyyə yatırılırdı?

– Xeyr. Mənim orada işlədiyim müddətdə belə maliyyə vəziyyəti yox idi. Amma çox xoşbəxt idim. Çünki komandanı Asiya Çempionlar Liqasının finalınadək daşımışdım. Əlimizdə mükəmməl kollektiv var idi. Hakim kuboka sahib olmağımıza imkan vermədi. Həmin an böyük qalmaqal oldu. Amma indiki maliyyə durumu yox idi. Deyərdim ki, “Əl-Hilal” Asiyanın “Real Madrid”idir. Çox sevilən və güclü klubdur. Çox yaxşı akademiyaya malikdirlər. Məncə, həmin çempionatda daha iki güclü kollektiv var. Onlar nəsə istəyirlərsə, nail olurlar. Həm də layiqdirlər, çünki böyük tarixə malikdirlər, yaxşı fanatları var.

“Azarkeşlər sənə nə etməli olduğunu xatırladırlar”

– Azərbaycanda ən tələbkar azarkeşlər “Neftçi”dədir və əksər mütəxəssislər təzyiqə tab gətirməyərək uğursuzluğa düçar olub. “Neftçi”ni bu baxımdan Rumıniya klublarına bənzətmək olar?

– Əlbəttə. İşlədiyim klubları “Neftçi” ilə müqayisə etmək olar. Çalışdığım hər yerdə titul qazanmağa cəhd etmişəm. Çoxlu nailiyyətlər qazandığımı deyə bilərəm. Ümid edirəm ki, bu il daha bir kuboka sahib çıxacağam. Bu da Azərbaycan Kuboku olacaq. Amma bu, futbolun gözəl tərəfləridir, azarkeşlər var, təzyiq var. Onlar sənə nə etməli olduğunu xatırladırlar və təzyiqi hiss etməlisən. Bəzən neqativ təzyiq də olur. Bunu normal qarşılayıram. Çünki onlar hər matçda qələbə qazanmağımızı istəyirlər. Bu, mənə daha yaxşı çalışmaq üçün güc verir.

– Rumıniya çempionatı ilə Azərbaycan liqası arasında elə böyük fərq hiss olunmur. Buna rəğmən Rumıniya millisi həmişə Avropanın ortabablarından, Azərbaycan yığması isə zəiflərindən olub. Milli səviyyəsində Rumıniyanın gücünə çatmaq üçün nələr etmək lazımdır?

– Yenə deyirəm, müqayisəyə ehtiyac yoxdur. Gənc yaşlarından oyunçuların üzərində çalışmaq lazımdır. Amma bilirəm ki, Azərbaycanda bunu edə biləcək kifayət qədər peşəkar mütəxəssislər var. Yaxşı yığmaya malik olmaq üçün daha yaxşı çempionata sahib olmalısan. Əlinizdə daha yaxşı gənclər liqası olmalıdır. Onlar öz üzərilərində işləyib xarici klublara getməlidirlər. Orada topladıqları təcrübəni ölkəyə gətirməlidirlər. Belə olan halda keyfiyyət də artacaq, milli komanda daha yaxşı çıxış edəcək.

“Neftçi”nin səviyyəsini yenidən yuxarı qaldırmalıyıq”

– İndiyə qədər cəmi 3 əcnəbi məşqçi burada çempion ola bilib. Əcnəbi mütəxəssislər Azərbaycanda niyə uğurlu ola bilmirlər?

– Söhbətin xarici mütəxəssislərdən getdiyini düşünmürəm. Həmişə işlədiyim yerdə düşüncə tərzini öyrənməyə çalışıram. Ona görə hazırkı klubumu əvvəlki komandalarla müqayisə etməyi xoşlamıram. Reallığı və problemi görməliyəm. İşlərin daha yaxşı olması üçün çalışmalıyam. Ən vacib məqamlardan biri odur ki, klub və rəhbərlik növbəti mövsüm çempionluğu qarşıya məqsəd qoyub. Bu, elə bir mesajdır ki, bunu indiki andan etibarən hamıya göndərəcəyik. Komandaya yeni cəlb olunacaq futbolçular da məqsədimizdən xəbərdar olmalıdırlar. Yüz faiz peşəkarlıq tələb olunur. Hər birimiz eyni cür düşünməliyik.

– “Qarabağ”ın istər ölkə daxilində, istərsə də avrokuboklardakı uğurları göz önündədir. Niyə digər klublar bunu örnək götürmək istəmirlər? Məsələn, sizə “Neftçi”də uzun müddət qalmaq imkanı verilsə, hansı modulundan nümunə kimi yararlanmağı düşünürsünüz?

– “Qarabağ”ı avrokuboklarda izləmək çox yaxşıdır. Bu, nümunədir. Azərbaycanda bir çox komanda bunu nümunə kimi qəbul etməlidir. Belə olan halda oyunçuların səviyyəsi və çempionat daha yaxşı olacaq. Bu strategiyanı qurmaq üçün “Qarabağ”a nə qədər vaxt lazım olduğuna da nəzər yetirməliyik. Zaman və sistem üçün çalışmaq lazımdır. Burada söhbət təkcə əsas komandadan getmir. Bütün kluba şamil olunur. Akademiya, uşaqlar, gənclər və əvəzedici heyət. Hər oyunçu əsas heyətə cəlb olunanda yalnız titul qazanmaq üçün burada olduğunu anlamalıdır. “Neftçi” ilə müqavilə bağlayırsansa, bu düşüncə tərzi səndə mütləq olmalıdır. Yeni rəhbərliklə söhbətdən sonra hamımızın eyni istiqamətdə düşündüyümüzü bildim. Biz “Neftçi”nin səviyyəsini yenidən yuxarı qaldırmalıyıq. Fanatların inamını qaytarmalıyıq. “Ağ-qaralar”ın formasını geyinəndə bilməlisən ki, çempion olmalısan.

“Azərbaycan təhlükəsiz ölkə, Bakı təmiz şəhərdir”

– Özünüz və xanımınız Bakıya tam uyğunlaşa bilmisiniz?

– Bakını çox bəyənirəm, Rumıniyadan elə də fərqlənmir. Sizdə də insanlar gülərüzdürlər. Burada artıq nəsə etməyə ehtiyac yoxdur. Sadəcə, öz həyatını yaşamalısan. Mənim üçün ölkəyə uyğunlaşmaq asan oldu. Bakıda çox xoşbəxtəm.

– Əksər əcnəbilər Bakının tıxacından şikayətlənir, mətbəxini isə tərifləyirlər. Bəs sizi burada yaxşı və pis mənada nələr təəccübləndirir?

– Bakının tıxacları bütün böyük şəhərdə olanlarla eynidir. Buxarestdə də eyni cürdür. Bunun böyük problem olduğunu düşünmürəm. Buranın çox gözəl mətbəxi var. Marketə gedib oradan tərəvəzlər almağı xoşlayıram. Sağlam insanam və sağlam qidalanmağa üstünlük verirəm. Tez-tez restoranlarda qidalanmaq xoşuma gəlmir. Demək olar ki, əksər zamanlar evdə oluram. Alış-veriş edəndə bunu adi insanlardan almağı da bəyənirəm. Bakıda çoxlu pozitiv məqamlar var. Çox təhlükəsiz ölkədir. Bakı da çox təmizdir. Yaxın gələcəkdə daha gözəl Bakı görəcəyik.

“Transfer siyahımızda bəzi variantlar var”

– Yay transferlərinizin çoxu uğursuz, qışdakı keçidləriniz isə uğurlu alındı. Qarşıya qoyulan hədəfin də çempionluq olduğunu dediniz. Deməli, bu yay “Neftçi” üçün hərəkətli keçəcək?

– Bəli, yay transfer dönəmi belə olmalıdır. Əlimizdəki heyəti qorumağa çalışmalıyıq. Bəzi mövqelərə elə futbolçular gətirməliyik ki, onlar bizi daha da gücləndirməlidirlər. Artıq bu mövzu haqqında işlərə başlamışıq. Nələr etməli olduğumuzu bilirik. Hər mövqedə hazırlıqlı olmalıyıq. Ehtiyat oyunçularımız da güclü olmalıdır və onlar arasında möhkəm rəqabət yaranmalıdır. Belə olan halda səviyyəmiz daha yaxşı olacaq.

– Rumıniya mətbuatında yazılanlara inansaq, yerli klublar maliyyə problemi yaşayırlar. Bu fürsətdən yararlanıb ölkənizdən oyunçular gətirmək planınız yoxdur?

– Bu yazılanlara diqqət yetirməli deyilik. Çünki onlar həqiqəti əks etdirmir. Rumıniyanın güclü klublarının maliyyə problemləri yoxdur. Azərbaycana oradan hansısa oyunçu gətirə biləcəyikmi? Bunu bilmirəm. Bizim siyahımızda bəzi variantlar var. Mənim əsas məqsədim odur ki, gətirəcəyimiz oyunçular məqsədimizə çatmağa köməklik etsin.

“Onların klubu tərk edəcəklərini düşünmürəm”

– Həm başqa klublarda icarədə olan futbolçularınız, həm də sizdə icarə əsasında çıxış edənlər var. Onlarla bağlı konkret qərar vermisiniz?

– Bu, hazırda elə də problem deyil. Artıq nə etməli olduğumuzu bilirik. İdman direktoru bu problemlərin həll edilməsi yönündə çalışır. Hazırda çempionatın qarşıdakı matçlarına köklənmişik və kubokun finalında yaxşı çıxış etməliyik. Bunlar bitdikdən sonra məlumatlar veriləcək. İndi çox danışa bilmirik, iş görməliyik. Öz ideyalarımızı bölüşə bilmərik. Bu hər klubda olan siyasətdir. Daxildə olanları qoruyub saxlamalıyıq. Hər şey bitəndən sonra açıqlama verməliyik.

– Emin Mahmudov, İvan Brkiç, Vojislav Stankoviç kimi aparıcı oyunçuların müqaviləsi bitir. Onların gedişi gücünüzü zəiflətməz?

– İvan Brkiç yeni müqaviləyə artıq imza atıb. Emin Mahmudov sözləşmənin uzadılması üçün təklif alıb. Stankoviçlə də danışıqlar olub. Onların klubu tərk edəcəklərini düşünmürəm. Bu oyunçuları saxlamağa və yeni oyunçular cəlb etməyə çalışacağıq.

– “Neftçi”nin növbəti mövsüm UEFA Konfrans Liqasında qrupa qədər irəliləməsi üçün nələrə ehtiyacı var? Avrokuboklardakı hədəflə bağlı rəhbərliklə söhbətiniz olub?

– Ötən mövsümlə müqayisədə daha yaxşı oynamağa çalışmalıyıq. İyunda təlim-məşq toplanışına başlayacağıq. Bütün oyunçular sərəncamımızda olmalıdır. Onlarla dörd həftə yaxşı hazırlıq keçməli və komandanı qurmalıyıq. Qarşıdakı mövsüm ən birinci məqsədimiz çempion olmaq və Konfrans Liqasında qrup mərhələsinə yüksəlməkdir. Klub rəhbərliyi və Müşahidə Şurası tərəfindən bütün yatırımlar olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir