Müsahibə

Murad Musayevlə “Sabah”ın dünəni, bu günü və sabahına ekskurs – MÜSAHİBƏ

Sharing is caring!


Artıq 1 ildir ki, Bakıda yaşayır. Ölkəmizdə xeyli sayda əcnəbi mütəxəssis çalışıb. Bunların içində ən unudulmaz iz buraxan heç şübhəsiz ki, “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrupuna daşıyan Roman Qriqorçuk olub. İndi isə yeni sima parlamağa başlayıb. Söhbət “Sabah”ın baş məşqçisi Murad Musayevdən gedir. Rusiyalı mütəxəssislə söhbətimiz aylarla yubansa da, nəhayət ki, randevu baş tutdu. Çoxları onu ad və soyadına görə azərbaycanlı sanır. Əslində isə Musayevin kökü Özbəkistandandır. Elə qohumları da hazırda Buxarada yaşayırlar. Fikrimcə, söhbət səmimi alındı. İlk olaraq da Özbəkistanla hazırkı əlaqələrdən başladıq.

Sport24.az müsahibəni təqdim edir:

– Özbəkistanda son dəfə 2021-ci iyununda olmuşam. Bu, Azərbaycana gəlməmişdən bir az əvvəl idi.​

– Yəqin, orda qohumlarınız qalıb…

– Bəli, Buxaradadırlar. Mən də ora getmişdim. Bunadək isə​ SSRİ dövründə atamla birgə olmuşdum. Onda babam hələ sağ idi, 5-6 yaşım vardı. Bu dəfə isə ailəmlə birgə getmişdim. Babamın​ qəbrini ziyarət etdim, qohumlarımla görüşdüm. Çoxlu görməli yerləri gəzdik. Buxarada çox tarixi məkan​ var – məscidlər, mədrəsələr, Buxara xanının sarayı. Əlbəttə, adəti üzrə Şərqdə çox isti qarşılanma vardı. Buna görə yaddaqalan​ səfər idi. Ümid edirəm ki, yaxında onlar Bakıya – bizə qonaq gələcəklər. Üstəlik, qardaşımın​ birinin səhhətində problem var. Ona Naftalan müalicəsi məsləhət görüblər. Bu sanatoriya ilə artıq maraqlanmışam. Yəqin, yaxında gələcəklər yanıma.​

– Özbək plovu dadmısınız?

– (gülür) Əlbəttə!

– Onu Azərbaycan plovu ilə müqayisə etmək olar, yoxsa..?

– Fikrimcə, fərqli iki yeməkdir. Şah plov deyirlər, axı o, köksüz, soğansızdır. Mənə görə tam ayrı daddadırlar. Sizin plov daha çox pəhrizlidir, o qədər yağ, piy yoxdur. Sizin aş daha yüngüldür.​

– Hələ ötən mövsümdən barənizdə geniş müzakirələr getməyə başladı. Eyni heyətlə son pillədə olan və çarəsiz görünən kollektivi xallar toplamağa necə öyrədə bildiniz?

– Yalnız bir şeyə inanıram – iş və nizam-intizam. Yeni gəldiyimdə tələblərimi, tələblərimizi​ aşıladım ki, sizə qarşı çox, hər xırdalığa kimi tələbkar olacağıq. Amma hər gün məşqdə bütün gücümüzü qoyacağıqsa, nizam-intizamlı olacaqsınızsa – təkcə meydanda yox, həyatda da – nəticə mütləq gələcək. Çox vacib odur ki, futbolçular buna, bizim ideyalara inandılar. Bundan sonra da vəziyyət bir az yaxşılaşdı, addım-addım inkişaf etməyə başladıq.​

​- Azərbaycana, azərbaycanlılara adaptasiya olunmağa nə qədər vaxt tələb olundu?

– Əlbəttə ki, hər bir ölkədə, hər bir millətdə bir az özünəməxsus xüsusiyyətlər var. Amma istənilən halda, mən özüm də Qafqazda yaşayıram. Bilirəm ki, Krasnodarda çoxlu azərbaycanlı var. Deyə bilmərəm ki, aramızda köklü fərq var. Yalnız bir şey diqqət çəkdi ki, rus futbolçuya iradı kobud formada bildirirsənsə, deyəcək ki, “başa düşdüm” və qaçmağa davam edəcək. Azərbaycanlılarla isə bir az incə davranmaq lazımdır. Onlar tənqidə görə​ üzülə, inciyə bilərlər. Vacib olan budur ki, buterbrod düzəltməlisən – tərifləyəsən, tənqid edəsən, tərifləyəsən, tənqid edəsən, sonra yenə tərifləyəsən. Onda hər şey yaxşı olacaq.

– Çəki artırdığınızı söyləmək olmur. Azərbaycan mətbəxinin kalorisinə necə qalib gələ bilirsiniz?

– Açığı, bir az kökəlmişəm. Özümü çox məhdudlaşdırıram. İstərdim ki, indikindən 3 kq az çəkim olsun. Çətindir, çox çətindir. Xüsusilə də restorana gedirsən, gözləyirsən sənə ət yeməyi gətirənədək qutab, dolma, müxtəlif salatlar​ gətirirlər. Nəticədə əsas yemək gələnədək​ artıq sən nə qədər qida yemiş olursan. Ət gətirəndə isə ondan da imtina edə bilmirsən. Buna​ görə​ Azərbaycan mətbəxiylə çox səliqəli, diqqətli davranıram (gülür). Mətbəxiniz çox dadlıdır. Hələ desertdəki paxlava, şəkərburanı demirəm. Şirniyyatları da çox sevirəm. Bu, mənim üçün böyük sınaqdır.​

– Futbolçularımızın iştahasını da kəsə bilirsiniz?

– Bilirsiniz, komandamızdakı futbolçuları tərəziyə çıxarırıq. Artıq çəkidə olanlara cərimələrimiz tətbiq olunur. Futbolçulara iradımız yoxdur, onlar çəkini gözləyirlər. Bax, belə özəlliklər var Azərbaycan mətbəxi ilə bağlı. Özbəkistanda soruşdunuz, orada daha çox yağlıdır yeməklər. Orada da özünü formada saxlamaq çox çətindir. Amma idmançısansa, özünü gözləməli, qidanı məhdudlaşdırmalısan.​

– Xarakterinizdəki çılğınlıq Rusiyada da özünü göstərirdi, Azərbaycanda da bunun şahidi oluruq. Hakimləri bildik, bəs özünüz necə, soyuq başla hərəkətlərinizi təhlil etdikdə bir sıra epizodlarda aqressiv davranmağınızı qınayırsınız?

​- Bəzi matçlarda hakimlik xoşuma gəlmir. Futbolda artıq çox şeyi görmüşəm, bu incəlikləri yaxşı başa düşürəm. Üç fol edirsənsə və üç sarı vərəqə alırsansa, sonra bu hakim gedib “Qarabağ” – “Neftçi” matçında sərtliklə bağlı bu qədər tempə imkan verirsə, “sarı”sız keçinirsə… Başa düşürəm ki, bunlar təsadüfi deyil. Yalnız çoxsaylı misallardan birini çəkirəm. Sadəcə, Rusiyada belədir ki, sənin komandanın udmağını istəmirlərsə, bunu daha səliqəli edirlər. Çox matç var ki, 50-50-yə olanda, qərarı xeyrinə vermirlər. Hətta 40-60-a. Sadə səbəb olur ki, ya futbolçuna qırmızı vərəqə göstərirlər, ya qapına penalti verirlər. Azərbaycanda bəzi şeyləri çox açıq və kobud şəkildə edirlər. “Şamaxı”yla son matçımızda referi bizi cərimə folları ilə “boğdu”, qərarları yalnız bir tərəfə idi. Əlbəttə, özümü belə aparmamalıyam, amma gördüklərimə reaksiya​ verməyə də bilmirəm. Bütün hakim qərarları əleyhimizə olsun və mən də sakit duraraq, “yaxşı, davam edin”, deyə bilmərəm axı… Başa düşürəm ki, hərəkətlərim doğru deyil. Axı hakimlər də “Sabah”a hörmət bəsləməlidir. Kimsə “Sabah”a kömək etsin – belə epizod göstərə bilməzsiniz. Yalnız “Kəpəz”lə son matçımızı göstərə bilərsiniz ki, orada bilinmirdi qapımıza qol var, ya yox. Başa düşün, həmin matçda artıq heç nəyə iddia etmirdik, artıq 2-ci idik. Hesab 2:0 xeyrimizədir, hər şey bizdə alınır. Hətta onda hakim səhv edibsə belə, bu, heç nə dəyişmir. Bir sıra həlledici matçlarda qərarlar əleyhimizə olub. Başa düşürəm ki, hərəkətlərimlə özümə pis edirəm – qırmızı vərəqə alıram, cərimələnirik, əsəbiləşirəm, gecə yata bilmirəm. Amma sakit də dura bilmirəm gördüklərimə. Hakimliyi yaxşılaşdırmaq lazımdır.

​- Texniki zonada olmamağınız komandanıza pis təsir etmir?

–  Texniki zonada olmadığım bütün matçlarda, məncə, qalib gəlmişik. Hətta “Qarabağ”ı da məğlub etmişik.

– Belə çıxır ki, kənarda qalmağınız daha yaxşıdır?

– Yox, heç də yaxşı deyil. Axı, nəzərə alaq ki, oyunadək bütün həftəboyu komandayla məşq edirəm, lazımi taktikanı verirəm, bütün köməkçilərimlə əlaqədə oluram. Əksinə, mənə elə gəlir ki, uduzmaq, ədalətsizliyə dözmək istəmirəm – bütün bunlar futbolçularıma ötürülür. Bəli, razılaşmışıq ki, futbolçularımızın çox intizamsız davranışlara görə cərimələri var. Onu da razılaşmışıq ki, hakimliklə bağlı etirazımız olanda bunu biz ehtiyat oyunçular skamyasındakılar edirik, siz isə meydanda futbolla məşğul olun. Reaksiyanı mən, komandanın rəisi verməlidir. Siz isə lütfən futbol oynayın. Prinsipcə, bunu da görürük. Hakim necə idarəçilik edirsə-etsin, uşaqlar oynayırlar, vəssalam!

​- Klub prezidenti ilə bu barədə söhbətiniz olurmu?

– Əlbəttə, olur. Hamı hər şeyi gözəl başa düşür ki, özümü niyə belə aparıram.​

– Fikrimcə, hakimlər də bunu anlayırlar…

– Ümid edirəm ki, belədir. Başa düşürsünüzsə, baş verənlərə reaksiya verməmək olmur. Bunu etmirsənsə, deməli, bununla razılaşırsan və onlar da bu işi daha pis görəcəklər. Yəni, gördüklərimi hansısa formada ifadə etməliyəm, sizə açıq şəkildə deməliyəm ki, nə görürəm, nə hiss edirəm. Başqa cür vəziyyəti düzəldə bilməzsən. Susmağa başlasam, vəziyyət daha pis olacaq.​

– ​Avrokuboklarda vərəqə almasanız, deməli, “günahkardır” verdikti üzərinizdən götürülməlidir. Bunu bacaracaqsınız?

– Yox, niyə ki? Sarı, qırmızı vərəqə alıramsa, əlbəttə, günahkaram. Bilirəm ki, televiziyada verilişlərin birində demisiniz ki, Murad Musayevi Rusiyada da meydandan qovublar. Əvvəl işlədiyim “Krasnodar” da, “Sabah” kimi düzgün klubdur. Bizə qarşı həmişə​ səhv qərarlar olurdu. Cədvəl tərtib etmişdilər ki, “Krasnodar”a qarşı nə qədər hakim səhvləri olub. Rusiyada belə statistika aparılır. Həmişə belə olur ki, bir klub daha çox əziyyət çəkir hakimlikdən. Fikrimcə, bu mövsüm də oxşar vəziyyətə burada “Sabah” düşüb. Çox məmnun olaram​ onda ki, kənardan yalnız futbola baxaram və hakimlə yalnız oyun epizodlarıyla bağlı ünsiyyətə girərəm. Yəni, mənə aydın olmayan hansısa bir epizodu izah edirlər və davam edirik. Üç il avrokuboklarda çıxış etmişəm və orada kobud hakim səhvi olduğunu xatırlaya bilmirəm. Həqiqətən belədir.​ Rusiyada hakimlər səninlə danışırlar. Orada hər şey başqa cürdür. Azərbaycan hakimlərini ittiham eləmək istəmirəm. Çünki çox yaxşıları da var, həqiqətən var. Hansılar ki, oyunu başa düşürlər. Gənclər də var ki, inanıram yaxşı hakim kimi böyüyəcəklər. Sadəcə, hər şey düzgün olmalıdır. “Sabah”a kömək etmək lazım deyil. Hakimlik edin. Bununla bütün Azərbaycan futbolu inkişaf edəcək.

– Sizcə, “Sabah” klub ola bildi, yoxsa hələ ki yalnız komandadır?

– Fikrimcə, klub ola bildi, əlbəttə ki, belədir. İndi sizinlə danışdığımız stadionda baxın avrokuboklar üçün nə qədər işlər gedir ki, beynəlxalq standartlara cavab versin. Düşünürəm ki, yaxın vaxtlarda klubun bazası olacaq. Hansında ki, futbolçular yeyə, yata, gedib-gələ biləcəklər. Baza da irəliyə doğru böyük addım demək olacaq. Cari mövsümdəki nəticə də qeyd olunmalıdır. “Sabah”ın akademiyası yaxşı işləyir. Görürük ki, çoxlu turnirlərin qalibi olurlar, Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında çox təmsilçisi var. Ona görə dəqiq hesab edirəm ki, “Sabah” – klubdur. Ən əsası odur ki, klub rəhbərliyi bir yerdə dayanmır, daim yaxşı imkanlar olması yönündə işləyir.

– Yeniyetmələrlə işləməkdə zəngin təcrübəyə sahibsiniz. Bu yöndə “Sabah”ın sabahına töhfə verirsiniz, yoxsa ancaq “hər şey A komandası üçün” şüarını öndə tutursunuz?

– Akademiyada Xorvatiyadan koordinator var. Xorvatiya futbolunun səviyyəsinə bələdik, yaxşı biliyə malikdir. Təsadüfən bu postda qərarlaşmayıb. Keçən mövsüm gənclər komandasıyla yaxşı əlaqələrim vardı. Məşqçiləriylə görüşürdük, fikir mübadiləsi aparırdıq. Akademiyaya köməyim lazım olsa, bunu etməyə hazıram – hansısa seminar keçirərəm. Amma hələ ki daha çox ünsiyyətim gənclər komandasıyla məhdudlaşır. Orada gənc baş məşqçimiz var, o, bizdə bir həftə təcrübədə olub. Bu, hər bir sahəyə aid idi. Təcrübəmizi bölüşməyə hazırıq.

– Bir halda ki, “Qarabağ”dan danışdıq, “Sabah”ın cari mövsüm ağdamlılarla matçlarda şəxsi oyunların balansında geri qalmadığını görürük. Bəs mövsüm boyu çempiondan nədə geri qaldınız?

– Birinci oyun keyfiyyətinə söykənməliyik. Bunu etsək, müvafiq olaraq futbolçularımızın keyfiyyətini artıracağıq. Bununla da inkişaf edə bilərik. Cari mövsümdə gördük ki, oyun keyfiyyətində irəliyə addım atdıq. Son matçımız olan “Beşiktaş”la oyun yoldaşlıq görüşü xarakteri daşısa da, gördük ki, müasir, aqressiv, sürətli futbol oynayırdıq. Bunu inkişaf etdirə bilsək və komandamızı gücləndirəcək bir neçə transferə imza atsaq, fikrimcə, daha çoxuna nail olarıq. Misal üçün bizə “Qarabağ”la mübarizə aparmaq çox maraqlıdır. Bu matçlar mənim üçün çox maraqlıdır. Çox güclü rəqibdir, ona qarşı yollar tapmalısan. Heç nə ehtimal etmək, yaxud söz vermək istəmirəm. Bilirəm ki, gördüyümüz işimizi davam etdirsək, inkişafımızı davam etdirə biləcəyik. Bu, bizi hansı yerə aparacaq – bilmirəm. Addım-addım getməliyik. Qarşıda Konfras Liqasında sınaq var, orada irəli getmək çox çətin olacaq. Heç kimdən qorxmuruq və çoxlu işləyəcəyik.

– İkinci eşelonla matçlarda çoxlu xal itirməyinizi indi soyuq başla analiz edəndə, hansı nəticə çıxarırsınız?

– Razıyam ki, “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Zirə”ylə qarşılıqlı hücumlar şəraitində oynamaq bizə asandır. Belə futbolu sevirik. Digər beş komadaya gəlincə, praktiki olaraq hamısı bizə qarşı 5 müdafiəçi ilə çıxış edir. Demək olar ki, boş sahə yoxdur, sıx müdafiəyə qarşı oynamalı olursan. Rəqib isə əks-hücumlarda, standart vəziyyətlərdə oynayır, hər top uğrunda mübarizə aparır və “Sabah”a qarşı çox motivasiyalıdır. Ən yaxşı oyunlarını bizim komandaya qarşı keçirirlər. Biz də öz növbəmizdə uğurlu ilk dövrədən sonra – hansında ki, bir məğlubiyyət, bir heç-heçə vardı – psixoloji cəhətdən o köklənməylə çıxmırıq ikinci beşlikdəkilərə qarşı. Bizdə də o yoxdur ki, “Şamaxı”nı ustalıq səviyyəsinə görə üstələyək. Bunu edə bilmirik. Buna görə çox işləməli, pressinq etməli, topla çox səliqəli davranmalıyıq. Onda nəticə olacaq. Dediyiniz məqam mənim üçün daha çox psixoloji plandadır. Xüsusilə ikinci dövrədə aşağıda gedən rəqiblərimizə qarşı münasibətimiz heç düzgün deyildi. Bunun da acısını çəkdik. Amma son dövrədə “Kəpəz”, “Turan Tovuz”, “Şamaxı”yla matçlarda komandamızda artıq başqa münasibət gördük. Bu planda bir az yaxşılaşma var. Hətta “Şamaxı”yla ilk hissəni yaxşı, ikinci hissəni zəif keçirəndə belə, rəqibə qapımız qarşısında qol vəziyyəti yaratmağa imkan vermədik. Yəni, hər top uğrunda mübarizə aparırdıq, müdafiədə intizamlı oynayırdıq. Bu dəyişiklikləri gördüm. Yəqin, dediyiniz məqam qaçılmaz idi ki, hansısa eniş olacaq, bu və digər komandayla hansısa problemlərlə üzləşəcəyik. Bu, normaldır. Bilirəm nə etməliyik ki, səhvlərimiz təkrarlanmasın. Matçların xarakterləri tam fərqlidir. Böyük qüvvəylə müdafiə olunan komandanı açmaq çox çətindir. Dördüncü dövrədə pozitiv məqamları gördüm.

– Son 3 matça (söhbət “Sumqayıt”la görüşdən əvvəl olub – red.) komandanı necə kökləyəcəksiniz?

– Heç nə dəyişmir. Çalışacağıq ki, maksimal nəticə əldə edək. Üstəlik, matçların hamısı bizim üçün prinsipialdır. Yaxşı rəqiblərdir. Bu mövsüm çox böyük işlər gördük. İndidən bunu bir kənara qoymayaq, gəlin, işimizi sonadək çatdıraq. İlboyu necə oynamışıq, bu 3 görüşdə də elə çıxış edək – bu, mənim üçün vacibdir. Futbolçuların oyuna düzgün yanaşması olmalıdır.

– Belə çıxır ki, kimlərəsə indidən istirahət verməyəcəksiniz? Nəticə qazanandan sonra praktikada belə hallar olur…

– Əlbəttə ki, yox. İstirahət etməyə 23 gün vaxtımız olacaq. Fikrimcə, bu, dincəlib, güc toplamaq üçün yetərincə müddətdir. Hamıya 29 maya bilet almışıq. Hamı da istirahətə mövsüm bitəndə gedəcək. Son matçımız “Neftçi”yə qarşıdır. Prinsipial rəqibdir, böyük klubdur. Hamıyla yaxşı oynamaq istəyirik.

– Əsas qapıçı etdiyiniz Yusif İmanov üzərində böyük zəhmətiniz var. Amma həm millidə, həm də “Beşiktaş”la  matçda beynəlxalq təcrübəsizlik özünü göstərdi. avrokuboklar öncəsi təcrübəli legioner qapıçı transferi aktuallaşıb?

– Fikrimcə, Yusifin 1 nömrə kimi oynaması bütün məşqçilər korpusunun əməyidir. Eləcə də akademiyanın, Yusif oradan çıxaraq ikinci komandada yer almışdı. Ona görə Yusifə mətbuata danışmağa qadağa qoyurdum – halbuki sorğular gəlirdi – komandanın hazırkı uğuru Yusifin, Mikelsin, yaxud Kaşukun uğuru deyil. Bu, bütün komandanın uğurudur. İstəyirəm Yusif ayıq başla bilsin ki, hansı mənfi cəhətləri var, hansı müsbət. Əvvəl elədiklərini artıq etmək olmaz, çünki iş həcmini artırmaq, daha çox trenajor zalına məşqə getmək, ayaqla oynamağı daha da yaxşılaşdırmaq lazımdır. Göylərdə uçmamalı və deməməliyik ki, İmanov 2-ci yeri tutan komandanın əsas qapıçısıdır. O, yeni başlayır, inkişaf etməsi üçün daha çox işləməlidir. Buraxdığı səhvləri aradan qaldırmalı və nə tərifləri, nə də millidəki çıxışından sonra tənqidləri eşitməlidir. Yusif istedadlı oğlandır, amma futbolçu həyatı onu hara gətirəcək, bunu görəcəyik. Qarşıda onun çox işi var. Yeni qapıçı axtarışına gəlincə, daha iki gənc, yaxşı qapıçımız var – Nicat Mehbalıyevlə Rüstəm Samiqullin. Hazırda bu mövqeyə axtarışda deyilik. Amma onu da başa düşməliyik ki, 3 gənc qapıçınız varsa, birinin icarəyə getməsi mümkündür. Bu da oyun parktikası qazanmaq üçündür. Qapıçı məsələsi deyə bilərik açıqdır, amma bugünkü gündə Yusifə, daha yaxşı ola biləcəyinə inanırıq.

“Bilirəm ki, klub prezidentimiz Kaşukun transferinin baş tutması üçün hər şey edəcək”

– Aleksey Kaşuk səviyyəsini “Beşiktaş”la görüşdə də sübut etdi. Amma “Şaxtyor”a məxsusdur və transfer qiyməti də yəqin, günü-gündən artır. Necə olacaq – ən yaxşı halda yenidən icarəyə götürəcəksiniz?

– Kaşuku buraxmaya bilmərik, çünki “Şaxtyor”a məxsusdur. Klub rəhbərliyi qarşı tərəflə ünsiyyət qurur, danışıqlar gedir. Bilirəm ki, klub prezidentimiz Kaşukun transferinin baş tutması üçün hər şey edəcək. Amma obyektiv olaq ki, bunun reallaşması hədsiz çətin olacaq. Kaşuk öz oyunuyla bir sıra təkliflər almasını haqq edib. Bilirəm ki, bura çox xoşuna gəlir və “Sabah”ın onun üçün etdiyi hər şeyi yüksək qiymətləndirir. Çünki heç vaxt belə uğurlu mövsümü olmamışdı, Ukrayna U-21 yığmasına qayıtdı. Hərçənd, dünya çempionudur, son matçlarda əsas heyət üzvü oldu, ümid edirəm ki, Avropa çempionatına yollanacaq. O da “Sabah”ı sevir və dəyər verir. Məncə, bu məsələ bir az uzanacaq. Xatırlayırsınız, onu transfer pəncərəsinin son günündə qaytarmışdıq. Bu dəfə də məsələ belə uzanacaq. Hətta indi cavab verə bilmirəm. Alınsa, buna çox şad olarıq.

– Artıq müəyyənləşdirmisinizmi kimlər qalacaq, kimlər “qara siyahı”nıza düşüb?

– Belə gurultulu səslənir. “Qara siyahı”ya boş-boş işlərlə məşğul olanlar, pis çalışanlar düşür. Sadəcə, mövqelər var ki, onları gücləndirmək istəyirik. Gənc futbolçularımız var ki, az şans qazanırlar, onlara isə oynamaq lazımdır. Burada elə vəziyyətdir ki, transfersiz qalmaq olmaz. Çünki komandaya hər zaman yeni qan gəlməlidir, nəticədə futbolçu sayı artmalı, rəqabət yüksəlməlidir. Elə futbolçular var, praktiki rəqabətləri yoxdur, biz isə bunu yaratmalıyıq. Nəticədə hamı inkişaf etməlidir. “Qarabağ”a baxırıq ki, bir mövqedə iki bərabər səviyyəli futbolçuları var. Bizdə isə bütün mövqelərdə bu, yoxdur. Buna görə istərdik ki, 4-5 nəfər getsin, 4-5-i də gəlsin.

– Yəni, say baxımından dəyişiklik, artım olmasın…

– Növbəti mövsümdə say baxımından işimiz bir az asan olacaq. Çünki ikinci komandamız olacaq. Hazırda bu komandasız bizə çətindir. İqor Ponomaryovdan futbolçu götürməklə balanslaşdırırıq sayı. İkinci komandamız olanda isə kimisə ora göndərmək, oradan futbolçu götürə biləcəyik. Misal üçün Seymur orada oynaya, bizdə məşq edə biləcək.

– Qarşıdan avrokubokda debüt gəlir. “Sabah”ın reytinqi yoxdur. Deməli, səpələnmişlərdən güclü rəqib düşəcək. Belə çıxır ki, ümid Murad Musayevin təcrübəsinə olacaq?

– Yox, əvvəl dediyim kimi, ümid işimizə və nizam-intizama olacaq. Bilirik ki, yalnız bu cür yanaşma hətta daha güclü rəqiblə dueldə uğura gətirə bilər. Buna görə özümüzdən nə asılıdırsa, etməli, yaxşı təlim-məşq toplanışı keçməli, yaxşı trasfer çalışmaları aparmalıyıq. Orada isə görəcəyik hara gətirib çıxaracaq. Heç kimdən qorxmayacağıq.

– Azərbaycanda belə nümunə var ki, səpələnməmiş olaraq qrupadək gedib çıxıb, özü də 2 dəfə. Bu, “Qəbələ” klubudur. Heç kim bunu gözləmirdi, amma belə alındı. Qarşınıza avromacərada hansısa vəzifə qoymusunuz?

– Bilirsiniz, qarşıma, 1, 2, 3 illik vəzifə qoymuram. Belə qabağa boylanmıram, bugünkü günlə yaşayıram. Bu gün işimi yaxşı görmək istəyirəm. Yəni, bu gün məşq varsa, mənim üçün çox vacibdir ki, onu düzgün qurum, keçirim, sonra isə videoda baxım ki, nə necədir. Bu, mənim üçün ən vacibdir. Heç nə ehtimal etmək istəmirəm. Çünki çox şey aydın deyil ki, kim gələcək, kim gedəcək. Nə bacarıram, hər şey edəcəyəm uğurlu çıxış üçün. Bütün gücümü qoyacağam, nəyə gətirib çıxaracağını artıq zamanında görəcəyik.

– Müqavilənizi sonunadək işləyib sonra gedirsiniz, yoxsa Bakı sizi də özünə bağlayıb və “Sabah”da işinizi qeyri-müəyyən müddətə qədər davam etdirəcəksiniz?

– Birincisi, onu deyim ki, Bakı çox xoşuma gəlir. Bunu işlədiyim futbolçulara, klub rəhbərliyinə, işçilərə də aid edə bilərəm. Burada çox yaxşı insanlarla tanış oldum. Qazandığımız uğur futbolçular, rəhbərlik mənə inanmasaydı, mümkün olmazdı. Rəhbərlik çox şey edir bunun üçün. Bu, elə bir işdir ki, görünmür. Bir gün belə olmayıb ki, Azərbaycana getdiyimə görə heyifsilənim. Burada hər şey xoşuma gəlir, ailəmə rahatdır. Amma sözləri havaya atmaq istəmirəm. Hazırlıq, transfer planları hazırdır, işləyirik, “Sabah”la irəliyə doğru gedirik. Sonra necə olacaq, bilmirəm. Ola bilər elə təklifim olsun ki, ondan imtina edə bilmərəm. Sizə söz verə bilmərəm, amma indi bütün fikirlərim yalnız “Sabah”ladır. Müqaviləmin müddəti vacib deyil. Yəni, klub mənə istənilən müqaviləni, istənilən müddətə təklif edə bilər. Mənə müddətin 1-2 il olması komfortludur və hər zaman razılaşa bilərik. Bu məsələdə mənim üçün hər şey sadədir və aydındır. İndi buradayam, bütün gücümü qoyuram və “Sabah”dan başqa heç nə haqda düşünmürəm. Amma nə qədər burada olacağam, bilmirəm. Ola bilər ki, növbəti mövsüm uğursuz olacaq, klub rəhbərliyi deyəcək “sağ ol, gəl, yollarımızı ayıraq”. Buna görə qabağa boylanmaq istəmirəm. Sadəcə, işimi maksimal görüm, sonra baxarıq. Bugünkü gündə mənim üçün hər şey yaxşıdır və xoşbəxtəm. Fikrimcə, bu əhval-ruhiyyədə işimizi davam etdiririk.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir