Müsahibə

Nağı Səfərov: “İdmançılara şərt qoyduq, yerinə yetirmədilər və indi yığmada deyillər” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Azərbaycan xalqı döyüş ruhludur. Xarakterimizə, xalqımızın əsrlər boyu formalaşmış ənənələrinə taekvondo çox uyğun gəlir. Hətta koreyalıların özləri ilə görüşdükdə onlar da deyirlər ki, eyni türksoylu xalqlarıq, soyumuz eynidir”.

Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib. Mayın 29-dan iyunun 4-dək Bakıda taekvondo üzrə dünya çempionatı keçiriləcək. Dünya Taekvondo Federasiyasının yaranmasının 50 illiyinə təsadüf edən yarış Azərbaycanda ilk dəfə təşkil olunacaq. Federasiya rəsmisi Oxu.Az-ın dünya çempionatına hazırlıq, ölkə taekvondosunun mövcud vəziyyəti, gələcək planlar barədə suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

– Taekvondo üzrə dünya çempionatı Azərbaycanda ilk dəfə təşkil olunacaq. Bu həm də Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Bəs belə məqamda turnirə ev sahibliyinin Bakıya verilməsi təsadüfdür, yoxsa ölkəmizin daha əvvəl beynəlxalq yarışları yüksək səviyyədə qəbul etməsi ilə bağlıdır? Dünya çempionatının Azərbaycan üçün hansı əhəmiyyəti var?

– Lap əvvəldən başlayaq. 2021-ci il dekabrın 30-da Gənclər və İdman Nazirliyinin inzibati binasında federasiyaya növbəti seçkilər oldu. Orada prezident, vitse-prezidentlər və İdarə Heyəti seçildi. Həmin zaman da bildirmişdik ki, qarşımızda duran planlardan biri dünya çempionatının Bakıda təşkil olunmasıdır. Azərbaycan daha əvvəl taekvondo üzrə bir çox yarışlara ev sahibliyi edib. Bunlar Avropa, dünya lisenziya yarışları olub. Belə miqyasda yarış isə ilk dəfə ölkəmizdə təşkil olunacaq. Həmin zaman iki seçimimiz var idi: 2022-ci və 2023-cü illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyinə namizəd ola bilərdik. Düşündük ki, 2023-cü il daha məqbuldur. Dünya çempionatları çox keçirilir. Amma builkinin məhz Dünya Taekvondo Federasiyasının 50 illiyinə və ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi, doğrudan da, yarışı bizim üçün daha əhəmiyyətli edirdi. Keçən ilin iyununda Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahında Dünya Taekvondo Federasiyasının İdarə Heyətinin iclası oldu. Üç namizəd var idi. Bolqarıstan namizədliyini geri çəkdi və bizə uğurlar arzuladı. Belə demək mümkünsə, bizim xeyrimizə namizədliyi geri çəkdilər. Seçkidə Çinlə mübarizə aparırdıq. Yekunda qalib gəldik və dünya çempionatına ev sahibliyi Bakıya verildi.

– Məsul turnirə bir aydan da az vaxt qalıb. Hazırlıq işləri necə gedir?

– İşlər davam edir. Hazırda ölkəyə gələcək taekvondo milliləri müraciətlərini göndərirlər. Onun üzərində iş gedir. Eyni zamanda, nəqliyyat planı üzərində işləyirik. Qonaqların Azərbaycana səfər qrafikləri üzərində işləyir və hazırlayırıq. Bir də mayın 27-də Heydər Əliyev Mərkəzində Dünya Taekvondo Federasiyasının yaradılmasının 50 illiyi ilə bağlı yubiley ziyafət və mərkəzin parkında möhtəşəm tədbir keçiriləcək. Oraya da çoxlu sayda xarici idman funksionerləri dəvət olunacaq, fəxri qonaqlar iştirak edəcəklər. Taekvondo üzrə dünya çempionatı ən yüksək səviyyədə keçiriləcək.

– Bir müddət əvvəl Dünya Taekvondo Federasiyasının nümayəndəsi Bakıda idi. Onun hazırlıqla bağlı fikirləri necə oldu?

– Onlar buraya gəldikdə özləri də Azərbaycanın yarışı yüksək səviyyədə keçirməyə hazırlaşdığını bildiklərini etiraf etdilər. Çempionata hazırlıq səviyyəsindən razı qaldılar. Öncə onu qeyd etdilər ki, yarışın “Baku Crystal Hall”da keçirilməsi dünya çempionatının Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, Azərbaycanın möhtəşəm arenalarındandır. Orada dövlət tədbirləri, “Avroviziya” mahnı müsabiqəsi keçirilib, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının da yarışları təşkil olunub. Dünya çempionatının mayın sonu, iyunun əvvəlində olacağını nəzərə alsaq, məkanın gözəlliyi özünü daha çox göstərəcək. Qonaqlar Bakımızdan zövq alacaqlar.

– Məhz “Baku Crystal Hall”un seçilməsinin səbəbi nə idi?

– Biz bir neçə zal təklif etmişdik. Yarışın keçiriləcəyi arenanın böyüklüyü prioritet idi. Özləri oranı seçdilər. Arenanın uzunluğu 90 metrdən artıqdır. Əsas səbəb bu oldu.

– Dünya çempionatında neçə ölkədən nə qədər idmançının iştirak edəcəyi gözlənilir?

– Hazırda 90-a yaxın ölkə müraciət edib. Amma proses davam edir. Düşünürəm ki, mayın ilk həftəsinə qədər davam edəcək. Ölkə sayı təxminən 120-dən artıq olacaq. Çünki bu, Olimpiya Oyunlarına ən yüksək reytinq xalı verən yarışdır.

– Ermənistan taekvondoçuları Bakıya gələcəklər?

– Bu günədək belə bir müraciət yoxdur. Amma olarsa da, bizim üçün onların buraya gəlməsində heç bir problem görmürəm.

– Sualı verməyim səbəbsiz deyil. Bilirsiniz, bir müddət öncə İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində növbəti dəfə ölkəmizə qarşı təxribat törədildi, bayrağımız yandırıldı və idmançılarımız yarışmaqdan imtina edib geri qayıtdılar. Ancaq ermənilər dəfələrlə Azərbaycanda beynəlxalq yarışlarda iştirak ediblər və heç vaxt problemlə üzləşməyiblər. Federasiya rəsmisi, həm də Avropa Taekvondo Birliyinin üzvü kimi fikirlərinizi bilmək istərdik…

– Doğrudur, baxmayaraq ki, onlar buraya gələndə Azərbaycanda da təxribata əl atıblar, Azərbaycanın xüsusi xidmət orqanları, güc qurumları həmin təxribatların qarşısını alıblar. Konkret bu hadisəyə gəldikdə isə düşünürəm ki, hüquqi qiyməti verilməlidir. Bu, çox önəmlidir. Gənclər və İdman Nazirliyi təşəbbüs göstərdi, bütün beynəlxalq federasiyalara bu barədə məlumat verildi. Eyni zamanda, beynəlxalq idman saytları məsələni işıqlandırdı. Bunun hüquqi qiyməti nədən ibarətdir? Hər bir ölkə yarışa ev sahibliyi etdikdə beynəlxalq federasiya ilə müqavilə imzalayır. Orada bütün iştirakçıların təhlükəsizliyinin təminatına zəmanət verilir. Təəssüf ki, Ermənistan yenə öz ampluasında çıxış etdi və ölkəsinə gələn qonaqları belə qarşıladı. Bununla bağlı Avropa Ağırlıqqaldırma Federasiyasına hüquqi baxımdan müraciət olunmalıdır. Onlar bu hadisəni qiymətləndirməli, sonda Ermənistan yarışlar keçirmək üçün təhlükəli ölkə elan olunmalıdır. Heç kim zəmanət verə bilməz ki, gələcəkdə Ermənistanda belə hadisələr təkrarlanmayacaq.

– Avropa Taekvondo Birliyində bu məsələni qaldıracaqsınız? Ola bilər ki, gələcəkdə onlar Avropa çempionatına ev sahibliyi etmək istəsinlər…

– Təbii ki. Hüquqi müstəvidə onlarla müqavilə imzalanır. Tək federasiya deyil, yarışa ev sahibliyi edən şəhərin icra hakimiyyəti, rəsmi dövlət qurumları, Milli Olimpiya Komitəsi və İdman Nazirliyi müqaviləni imzalayırlar və hər kəsin təhlükəsizliyinə zəmanət verilir. Dünyanın bir çox ölkələrində belə münaqişələr var. Azərbaycan dəfələrlə erməni idmançıların buraya gəlməsinə yüksək səviyyədə təminat verib və onlar ölkəmizdə heç bir problemlə üzləşməyiblər.

– Uzun müddətdir, beynəlxalq yarışlara buraxılmayan Rusiya və Belarus idmançıları dünya çempionatında yarışacaqlar…

– Bir məqamı nəzərə almışıq ki, idman xalqların, dövlətlərin arasında sülhə xidmət edən vasitədir. Dəfələrlə deyilirdi ki, Olimpiya Oyunları keçirilən zamanlarda müharibələr dayandırılıb. Əvvəldən idmanın siyasiləşdirilməsini doğru saymırdım. Avropa Taekvondo Birliyinin İdarə Heyətində məsələni müzakirə etdik. Qeyri-rəsmi də olsa, müraciət edildi ki, idmançıların siyasətə qoşulmaları doğru deyil və onları bundan kənarda tutmaq lazımdır. Odur ki, bu qərarın doğru olduğunu düşünürəm. Hər bir idmançı dünya və Avropa çempionatında, olimpiadada iştirak etməyi arzulayır. Onları bundan məhrum etmək düzgün deyil.

– Dünya çempionatında Azərbaycan millisindən gözləntilər nələrdir? Yığmanın qarşısına hansı tələb qoyulub?

– Hələ milliyə seçim prosesi davam edir. Dünya çempionatı öncəsi sonuncu yarış olaraq idmançılarımız Bolqarıstanda klublararası Avropa birinciliyində iştirak etdilər. Bir neçə çəkidə kimlərin yarışacağı hələ dəqiqləşməyib. Onlar bəlli olduqdan sonra heyət tam müəyyənləşəcək. İdarə Heyəti olaraq baş məşqçinin qarşısında öz tələbimizi qoymuşuq. Gələn izləyicilər Azərbaycan taekvondoçularına azarkeşlik edəcəklər. Komandamız uğurları, döyüş ruhu ilə onları sevindirməlidir.

– Bir neçə ildir, milli komandada nəsildəyişmə prosesi gedirdi. Bu proses yekunlaşıb?

– Xeyr. Nəsildəyişmə davam edir. Əslində, çox gözəl bir mövzuya toxundunuz. Taekvondonun möhkəm bünövrəsinə nail olmuşuq. Təəssüf ki, pandemiya işlərimizi xeyli geri saldı. Zalların bağlı olması, idmançıların beynəlxalq yarışlarda iştirak edə bilməməsi planlarımıza mane oldu. Bununla belə, şükürlər olsun, tapşırığın öhdəsindən gəldik. Artıq taekvondomuz möhkəm bünövrə üzərində bərqərar olub. Son Avropa və dünya çempionatları, yeniyetmə və gənclər arasında yarışlar bunu sübut edir. Artıq davamlı olaraq yeni nəsil yetişir. Hazırda qarşımızda dayanan ən vacib məsələ yeniyetmə və gənc idmançıların böyüklərə asanlıqla transfer olmasıdır. Bunun üzərində layihə olaraq işləyirik. Xarici mütəxəssislərdən də rəylər almışıq. Bir çox ölkələrdə bununla məşğul olan akademiyalar var. Bu günə qədər ən yaralı yerimiz yeniyetmə və gənclərin böyüklərə transferidir. Gənclər və yeniyetmə dövrlərində Avropa və dünya miqyaslı yarışlarda yüksək nəticələr qazanırlar. Amma böyüklərə keçiddə çox çətinlik çəkirlər. Bu layihə üzərində iş gedir. Düşünürəm ki, dünya çempionatından sonra bunu İdarə Heyətində müzakirəyə çıxarıb tətbiqinə qərar verəcəyik.

– Keçidin belə “sancılı” olmasının səbəblərini, yəqin ki, təhlil etmisiniz. Nə üçün yeniyetmə və gənclər böyüklərə adaptasiya ola bilmirlər?

– Əsas səbəblərdən biri gənc və yeniyetmə idmançının yarışda özünün böyüdüyünü hiss etməməsidir. Gənclər arasında dünya və Avropa çempionu olubsa, düşünməlidir ki, gənclik artıq geridə qaldı, böyüklərə keçib, orada nəticə qazanmalıdır. Peşəkar idmanda gənc və böyüklər arasında böyük fərq var. Bu məsələni aşağı yaşlardan onlara aşılamalıyıq. Belə bir nümunə göstərim. Təsəvvür edin, bir gənc orta məktəbi bitirib, artıq universitet tələbəsidir. Ola bilsin, məktəbdə ən yaxşı şagird olub, amma universitetdə ondan tələblər daha ciddi olacaq. Eynilə, gənc və yeniyetmə idmançılarımız da düşünməlidirlər ki, gənclər arasında dünya çempionu, Avropa çempionu olmaq karyeranın zirvəsi deyil, növbəti səviyyənin başlanğıcıdır.

– Keçən il Meksikanın Qvadalaxara şəhərindəki dünya çempionatı və İngiltərənin Mançester şəhərindəki Avropa çempionatında ümumilikdə iki bürünc medal qazanmaq mümkün oldu. Qarşıdakı dünya çempionatı nəticələr baxımından geri dönüş ola bilərmi?

– Bunun üzərində işləyirik. Əvvəldən konkret nəsə demək çətindir. Bir çəkidə 70-80 idmançı mübarizə aparır. Onlar da öz ölkələrinin ən yaxşılarıdır. Deyilənə görə, Çində 30 milyondan çox taekvondoçu var. 8 çəki dərəcəsini nəzərə alsaq, təxminən 5 milyon insanın içindən kimsə seçilir. Bu baxımdan rəqabət çox ciddidir.

– Ancaq onu da nəzərə alaq ki, yarış Azərbaycanda keçirilir və öz evimizdə hədəf daha böyük müəyyənləşdirilməlidir…

– Təbii ki. Rəhbərlik məşqçi-müəllimlər heyəti ilə görüşüb, onlara tapşırıqlar vermişik. Onların qarşısında tələblər qoyulub.

– Uzun illərdir, federasiyada çalışırsınız. Azərbaycanda taekvondonun ümumi vəziyyətini necə təsvir edə bilərsiniz?

– Dünya, Avropa çempionlarımız var, Olimpiya Oyunlarında qızıl medal qazanmışıq. Eyni zamanda, möhkəm bünövrə qoymağa və kütləviliyə nail olmuşuq. Hər ayın ortası və sonunda liqa yarışları keçirilir. Orada bütün klublar yarışırlar. Bacardığımız qədər idmançıların yarışlardan kənar qalmamasını təmin etməyə çalışırıq.

– Olimpiya medalını qeyd etdiniz. Ümumiyyətlə, güləş və cüdodan sonra olimpiadalarda ən yaxşı nəticələri taekvondoda əldə etmişik. Taekvondonu artıq milli idman növlərindən hesab etmək olar?

– Azərbaycan xalqı döyüş ruhludur. Elə bunun da nəticəsində bizdə döyüş idman növləri daha çox inkişaf edib. Xarakterimizə, xalqımızın əsrlər boyu formalaşmış ənənələrinə taekvondo çox uyğun gəlir. Hətta koreyalıların özləri ilə görüşdükdə onlar da deyirlər ki, eyni türksoylu xalqlarıq, soyumuz eynidir. Nə dərəcədə belə olduğu tarixçilərin işidir. Amma onların dediyi sözlərdir.

– Bununla belə, əsas uğurlarımızı qazananlar Radik İsayev və Milad Beiqi Harçeqani milliləşdirilmiş idmançılardır. Biri dağıstanlı, digəri iranlıdır…

– Uğurlarımızı yalnız milliləşdirilmiş idmançıların qazandığını demək olmaz. 2001-ci ildə Niyaməddin Paşayev müstəqil Azərbaycanın ilk dünya çempionu oldu. O zaman taekvondoda Azərbaycanı heç kəs tanımırdı. Ondan sonra bizim böyük uğurlarımız oldu. Hər dünya və Avropa çempionatında medallar əldə etmişik. Ölkəmizdə taekvondonun bünövrəsini qoymaq çətin idi. Çünki yeni idman növü idi, SSRİ dövründə qadağan olunmuşdu. Məşqçi-müəllimlərin də təcrübəsinin artırılmasına ehtiyac var idi. Buna nail olduq. Adını çəkdiyiniz idmançılara gəlincə, məsələn, Miladın milliləşmiş idmançı olduğunu demək olmaz. O, İran azərbaycanlısıdır.

– Harçeqani və İsayevin yığmanın baş məşqçisi ilə narazılıq yaşadığına dair məlumat var. Buna aydınlıq gətirərdiniz…

– Onların arasında anlaşılmazlıq var idi. Sonda idmançılara şərt qoyduq ki, Respublika çempionatında iştirak etmək lazımdır. Bunu etmədikləri üçün yığmaya dəvət almadılar.

– Deməli, artıq milli üzvləri deyillər…

– Xeyr. Dekabrda keçirilən ölkə çempionatında iştirak etmədilər. Ad çəkməyəcəyəm, digər idmançılar da var idi ki, çempionata qatılmadılar və hazırda millidə deyillər.

– Yığmadan narazı gediblər?

– Yığmadan deməzdim. Amma məşqçi ilə, doğrudan da, müəyyən anlaşılmazlıq olmuşdu.

– Federasiya taekvondonun daha geniş təbliği istiqamətində hansı işləri görür?

– İdman dedikdə belə fikir formalaşıb ki, təkcə alınan mükafatlar, dövlət təltifləri əhəmiyyətlidir. Amma öncə nəzərə almalıyıq ki, idman sağlam cəmiyyətə, gənclərin sağlam yetişdirilməsinə xidmət edir. İnsanların fikrində, şüurunda ilk növbədə bu olmalıdır. Bunu həm idmançılara, həm valideynlərə aşılamağa çalışırıq. Düşünürəm, tam olmasa da, qismən buna nail olmuşuq. İdman pis vərdişlərdən uzaq olmağa, sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Bu idmana başlayan gənclərin ilk fikri olmalıdır. Seminarlarda məşqçi-müəllimlərə də bu barədə bildiririk. Onlar da öz növbələrində valideynlərə həmin yanaşmanı, idmanın sağlamlıq, həyat tərzi olduğunu aşılamalıdırlar. Mükafatların verilməsi, təltiflərlə bağlı da aydındır ki, Azərbaycan dünyada idmana ən çox investisiya edən, sərmayə qoyan ölkələrdəndir. İdman Azərbaycanın dövlət siyasətidir.

– Gənclərdə taekvondoya maraq kifayət qədərdir?

– Vətən müharibəsində ordumuzun rəşadəti, bütün dünyaya gücümüzü sübut etməyimiz gənclərdə böyük ruh yaradıb. Döyüşlərdə iştirak edənlər arasında taekvondoçularımız da var. Şəhidlərimiz oldu, qazilərimiz var. Onlarla mütəmadi görüşlər keçiririk. Belə məqamlar gənclərə həm vətənpərvərlik ruhunu, həm də idman növünün döyüşdə nə qədər əhəmiyyətli olduğunu aşılayır.

– Yaxın gələcək üçün hansı planlar var?

– Artıq qeyd etdiyim kimi, qarşımızda dayanan prioritet məsələ yeniyetmə və gənc taekvondoçuların böyüklərə asanlıqla transfer olunmasıdır. Bu prosesdə bir istiqaməti açıqlaya bilərəm. Azərbaycanda ənənəvi beynəlxalq yarışların keçirilməsini nəzərdə tuturuq. Gələn il gənclər, yeniyetmələr və böyüklər arasında açıq Azərbaycan birinciliyi keçirmək istəyirik. Dünyadan da bir çox idmançıların gəlməsini, iştirakını düşünürük. Artıq bunu növbəti ilin tədbirlər planına daxil etmişik. Düşünürəm ki, həllini tapacaq.

– 2024-cü ildə həm də Paris Yay Olimpiya Oyunları keçiriləcək. Taekvondodan medal gözləyək?

– İnşallah. Öncə lisenziyanı almalı, sonra medal barədə düşünməliyik. Hamımızın gözləntiləri böyükdür.

Daha çox foto burada: PhotoStock.az

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir