Müsahibə

ƏSF rəsmisi: “Bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Bu günədək bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib”. 

Bunu “Report”a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib.

Həmin müsahibəni təqdim edirik:

– Hazırda Azərbaycanda qorunan əmanətlərin məbləği nə qədərdir və onun hansı hissəsi sığortalıdır? Əmanətlərdə milli və xarici valyutanın payı nə qədərdir?

– Son illər qlobal maliyyə böhranları nəticəsində müxtəlif dünya ölkələrində bankların lisenziyalarını itirməsi tendensiyaları müşahidə olunur. ƏSF-nin əsas məqsədi ölkəmizdə banklarda sığorta hadisəsi baş verdikdə fiziki şəxslərin əmanətlərini itirməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini təmin etməkdir. Dünyada belə fondlar ilkin olaraq ABŞ-də yaradılıb. ƏSF 2006-cı ilin dekabrında qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” Qanun əsasında yaradılıb və 2007-ci ildə fəaliyyətə başlayıb. Biz fond olaraq əhalinin maliyyə savadlılığının artırılması istiqamətində yeni addımlar atmağa başlamışıq.

Qeyd etmək lazımdır ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunda təsbit edilmiş qorunan əmanət və sığortalanmış əmanət anlayışları fərqli anlayışlardır. Yerləşdirilmiş əmanətin qorunan əmanət hesab edilməsi üçün milli valyutada olan əmanət üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyuta olan əmanət üzrə isə 2,5% müəyyən edilib. Amma bu şərtə əməl edilməklə yerləşdirilmiş əmanətin ümumi məbləğinin nə qədər olmasından asılı olmayaraq 100 min manata qədər olan hissəsi sığortalı əmanət hesab edilir. Məsələn, əmanətçinin hər hansı bankda yuxarıda qeyd edilmiş illik faiz dərəcəsi hədləri nəzərə alınmaqla yerləşdirilmiş 150 min manat əmanəti varsa, əmanət bütövlükdə qorunan, 100 min manatı isə sığortalanmış əmanət hesab edilir. Yəni sığorta hadisəsi baş verəcəyi təqdirdə əmanətin kompensasiya edilən hissəsi 100 min manat təşkil edəcək.

Hazırda ölkəmizdə banklarda 10 milyard 100 milyon manata yaxın qorunan əmanət yerləşdirilib. Onun 64,5%-i manatla, qalan hissəsi isə xarici valyuta ilə yerləşdirilən əmanətlərdir. Qorunan əmanətçilərin 99,9%-nin əmanəti tam məbləğdə, qorunan əmanətlərin isə 47,8%-i tam olaraq sığortalanıb. Beynəlxalq təcrübədə fiziki şəxslərin ümumi əmanətlərinin 20%-nin tam sığortalı olması təhlükəsizlik baxımından ideal limit sayılır. Azərbaycanda bu rəqəm 41,2%-dir.

– Fərdi sahibkarların vəsaitlərinin sığortalanan hissəsinin artırılması və hüquqi şəxslərin də vəsaitlərinin sığortalanması gözlənilirmi?

– 2021-ci ilin aprel ayınadək Azərbaycanda sığortalı əmanətlərin əhatə dairəsi daha məhdud olub. Fərdi sahibkarlar olan fiziki şəxslərin əmanətləri sığortalanmır, onların da əmanətləri hüquqi şəxslərə məxsus əmanətlər kimi digər kateqoriyaya aid edilərək kreditor tələbi kimi qeydə alınır və növbəlilik qaydasında ödənilirdi. 2020-ci ildə fondun rəhbərliyinə yeni təyinatlar oldu. Həmin ilin dekabr ayında qəbul edilmiş qanuna əsasən, 2021-ci ilin aprel ayının 5-dən etibarən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla kompensasiya ödənilir. Araşdırmalar nəticəsində gördük ki, sığorta hadisəsi baş vermiş son 4 bankda (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lər) fərdi sahibkarlara məxsus pul vəsaitlərinin 90%-i 20 min manata qədər olub. Ona görə də bu limiti 20 min manat olaraq seçdik. Bu, xüsusən kiçik sahibkarlara aiddir. Biz onların dövriyyələrini, bank qalıqlarını və digər məsələləri nəzərə alaraq müəyyən etmişik ki, 20 min manat limiti qənaətbəxşdir və fərdi sahibkarların 80%-ni tam əhatə edir.

Əlavə olaraq, sözügedən 4 bankda sığorta hadisəsinin baş verdiyi tarixdə notarial qaydada əqd bağlamış fiziki şəxslər həm əmlaklarını itirmiş, həm də notariusun depozit hesabına yerləşdirilmiş pullarını ala bilməmişdi. 2021-ci ilin aprelindən bu cür şəxslərin də vəsaitlərinə limitsiz təminat verilib. Yəni əmlakını satmış fiziki şəxsə ödənilməli olan pul vəsaiti alıcı tərəfindən notariusun bankda olan depozit hesabına köçürülmüş və həmin vaxt sözügedən bank müflis olmuşdursa, həmin pul vəsaiti heç bir məhdudiyyət tətbiq edilmədən tam həcmdə kompensasiya şəklində ödənilir. Eyni zamanda qorunan əmanətlər üzrə sığortalanmış məbləğ limiti 100 min manata qədər artırıldı. Daha öncə isə bu məbləğ 30 min manat idi.

– Azərbaycanda mərkəzləşdirilmiş depozit reyestrinin yaradılması məsələsi gündəmdə idi. Bununla bağlı nə yenilik var?

– Mərkəzləşdirilmiş depozit reyestrinin yaradılması bizim üçün çox önəmli məsələdir. Bu sahədə araşdırmalar davam edir. Əsasən beynəlxalq təcrübəni öyrənirik. Bu ilin əvvəlində Türkiyədə oxşar yeniliyin tətbiq edilməsi ilə bağlı qanun qəbul olunub. Onlar artıq əmanətçi hesabları ilə bağlı mərkəzləşmiş reyestr yaradırlar. Oxşar proses Pakistanda da olub. Hazırda hər iki ölkənin bu məsələ ilə bağlı qanunvericiliyini araşdırırıq. Paralel olaraq Asiya İnkişaf Bankı və Dünya Bankı ilə də müzakirələr və ilkin məsləhətləşmələr aparılır. Araşdırmalar bitəndən sonra Azərbaycana uyğun, ideal model formalaşdırılıb müzakirəyə çıxarılacaq.

– Hazırda fond neçə bankın ləğv edilməsi ilə məşğuldur və həmin banklar hansılardır? Bu il hansısa bankın ləğv prosesi yekunlaşa bilərmi?

– Hazırda 21 bank ləğv prosesindədir. Bəzən ictimaiyyətdə bankların ləğvinin niyə 10 il və ya daha artıq müddət davam etməsi barədə sual yaranır. 2016-cı ilə qədər fond yalnız sığortaçı kimi çıxış edirdi. Hansısa bankda sığorta hadisəsi baş verdikdə fond onun əmanətçilərinə kompensasiya ödəyirdi, ləğvetməyə görə isə maliyyə bazarlarına nəzarət orqanının təqdimatı ilə məhkəmə tərəfindən təyin edilmiş ayrı-ayrı hüquqi şəxslər məsul idi. Fond bu prosesdə iştirak etmirdi.

2017-ci ildən fonda həm də ləğvedici funksiyası həvalə edilib. 2016-cı ilə qədər “Birlik Bank” ASC, “Borçalı” KB kimi banklar təqribən 6-7 il idi ki, ləğv prosesində idilər. Bəzi hallarda ləğvetmə qənaətbəxş keçirilmir, sənədlərin təhvil-təslimində problemlər yaşanırdı. Fond olaraq biz 5 ildən artıqdır ki, ləğv prosesini davam etdiririk. Əvvəlki dövrlərdən qalan xeyli natamam işlər bizə həvalə edilib.

Məlumdur ki, bank müflis olubsa, deməli orada işlər düzgün qurulmayıb. Belə ki, ləğv prosesində olan bir sıra bankların aktiv dövründə ipoteka, kredit əməliyyatlarının düzgün aparılmaması bu gün ləğvetmə prosesini böyük çətinliklərlə üzləşdirib. Hazırda bizim minlərlə məhkəmə işimiz var. Bu proses çox uzun çəkir. Qanunvericilikdə də ləğvetmə prosesinin hansı müddətə yekunlaşması ilə bağlı konkret müddəa yoxdur. Amma bu il iki bankın ləğvinin tamamlanması gözlənilir. Bunlar “Borçalı” KB və “Azərbaycan Kredit Bankı” ASC-dir. “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı artıq müvafiq məhkəməyə müraciət etmişik. “Azərbaycan Kredit Bankı” ASC ilə bağlı ləğv prosesinin yekunlaşdırılmasına dair ərizə isə qısa müddət ərzində məhkəməyə təqdim ediləcək. Bu banklarla bağlı bütün proseslər bitib, öhdəliklər tam icra olunub və bu il artıq ləğv prosesində olan bankların sayının 19-a düşəcəyini gözləyirik.

– Fond indiyə qədər bağlanmış bankların əmanətçilərinə nə qədər kompensasiya ödəyib, onun nə qədər kompensasiya öhdəliyi qalıb?

– Bu günə qədər bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib. Ümumilikdə 54 min əmanətçi kompensasiya alıb. Təkcə son bağlanmış 4 bank üzrə 664 milyon manat kompensasiya ödənişi olub. Fond öhdəliklərinin 99%-ini icra edib. Bağlanan banklar üzrə qorunan əmanətlərdən 1%-ə qədər kompensasiya ödənilməmiş əmanət qalıb ki, onların sahibləri xaricdə olan və ya digər üzrlü səbəblərdən bizə müraciət etməyən şəxslərdir.

– Fond bağlanmış bankların əmlaklarının satışına dair hərraclarla bağlı elan versə də, hərracların nəticələri açıqlanmır və bu ləğv prosesinin şəffaf olmaması fikri yaradır. Bu barədə nə deyə bilərsiniz?

– Həm qanunvericilikdə, həm də fondun ləğvedici kimi işlərini daha səmərəli və şəffaf həyata keçirməsi üçün Himayəçilik Şurası tərəfindən təsdiq edilmiş qaydalarında hərracın qalibi haqqında məlumatın ictimaiyyətə çatdırılması ilə bağlı xüsusi bir müddəa yoxdur. Həmin qaydalara və qanunvericiliyə əsasən, bizim bütün aktivlər hərrac vasitəsilə, daha dəqiq desək, hərrac mərkəzləri tərəfindən satılır. Yəni hərracı biz keçirmirik. Biz sadəcə elan edirik ki, hansısa bankın əmlakının hərrac vasitəsilə satışı təşkil olunur. Hərracın keçirilməsi və yekunları barədə məlumatları isə hərrac mərkəzləri verməlidir. Biz sadəcə həmin mərkəzlərdə sifarişçi kimi çıxış edirik.

Fond olaraq elektron hərrac sistemi yaratmışıq. Bu sistemə əsasən, 500 manata qədər əmlaklar elektron qaydada hərraca çıxarılır. Həmin elektron hərracın fəaliyyətinin 1 ili tamam olduqda, keçirilən hərraclar barədə hesabatın hazırlanıb ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

– Cəmiyyətdə fondun bağlanmış bankların kreditorlar komitələrinə açıq iclas keçirmək üçün şərait yaratmadığı, kreditorlara hesabat vermədiyi barədə iddialar var. Bu ittihamlara münasibətinizi bilmək istəyərdik.

– Kreditorların heç birinin ünvanladığı müraciəti fond cavabsız qoymur. Ləğv planlarının təqdim edilməsinə dair müraciət daxil olduğu təqdirdə, “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınaraq bank sirri təşkil edən məlumatlar istisna olmaqla digər ümumi xarakter daşıyan məlumatlar kreditorlara təqdim edilir. Kreditorlar komitələrinin iclaslarının istənilən tarixdə keçirilməsi üçün fond şərait yaradır. İclas keçirmək kreditorların hüququdur. Kreditorların müraciəti olduqda Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusi rəyi alınmaqla Kreditor Komitəsi yaradırıq. Bu komitələrin iclasları bizim inzibati binamızda keçirilir. İclas başqa məkanda keçirilsə, ləğvetmə prosesində olan bank tərəfindən xərc çəkilib icarəyə yer götürülməlidir.

Kreditorlar özləri də maraqlıdırlar ki, belə xərclər minimum olsun. Biz də xərclərin az olması üçün onlara iclasın bizim inzibati binamızda keçirilməsini təklif edirik. Bu iclaslarda media nümayəndələrinin iştirakı isə qanunvericiliyin tələbinə əsasən, mümkün hesab edilə bilməz.

Son dövrlərdə ləğv prosesində olan “AGBank” və “NBC Bank” ASC-lərin Kreditorlar Komitəsinin dəfələrlə iclasları keçirilib. Komitənin iclaslarında müzakirə edilən məsələlərin bəziləri bank sirri təşkil edən məlumatlar ola biləcəyi üçün həmin məlumatlar ümumi ictimaiyyət üçün açıq olmayan məlumatlardır. Bu səbəbdən medianın sözügedən iclaslarda iştirakı məqsədəuyğun hesab edilmir.

– Fond 2020-ci ildə lisenziyaları ləğv olunmuş AGBank, Amrah Bank, AtabankNBC Bankın əmanətçilərinə kompensasiya ödəmək üçün AMB-dən borc alırdı. Həmin borc qaytarılıbmı və yaxud nə qədər borc qalıb? Əgər borc qalıbsa, nə vaxta qədər bağlana bilər? Əlavə olaraq, fondun kapital ehtiyatlarının nə qədər olduğunu bilmək istəyərdik.

– Fondun əsas ehtiyatları yığılan sığorta haqlarından ibarətdir. Fəaliyyətdə olan banklar qorunan əmanətlərin məbləğindən asılı olaraq bizə sığorta haqları ödəyir, bu da bizim sığorta ehtiyatlarımızı formalaşdırır. Son 4 bankda sığorta hadisəsi baş verdikdə fonda AMB-dən güzəştli kredit cəlb edilib. Həmin kreditin ödənişi bu il başlayacaq və 2027-ci ilə qədər davam edəcək. Bu kreditin bir qismi vaxtından əvvəl ödənilib. Bu ilin sentyabr ayından isə AMB-yə olan kredit borcunun qrafik üzrə ödənişləri davam etdiriləcək.

– Fondun Himayəçilik Şurası uzun müddətdir ki, əmanətlərin sığortalanması faizini dəyişmir. Milli valyuta ilə bu faiz həddi 12%, xarici valyuta ilə 2,5%-dir. Bu il fevralın 1-dən əmanətlərin vergiyə cəlb olunması nəzərə alınaraq faizlərdə dəyişiklik edilə bilərmi? Eyni zamanda əmanətlərin sığortalanan hissəsi üzrə limitin artırılması gözlənilirmi?

– Qanunvericiliyə əsasən, qorunan əmanətlər üzrə faiz dərəcələri maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən edilir. Banklarda əmanətlərin illik faiz dərəcələri mütəmadi olaraq öyrənilir. Görünən odur ki, bankların əksəriyyətində istər milli valyuta, istərsə də xarici valyutada cəlb olunan əmanətlərin illik faiz dərəcələri qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi limitlərindən çox aşağıdır. Hətta bu il fevral ayının 1-dən əmanətlərin vergiyə cəlb olunması belə illik faiz dərəcələrinin artırılmasına əhəmiyyətli təsir etməyib.

Bu baxımdan həm milli, həm də xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin qüvvədə olan yuxarı həddi hələ ki, aktual olaraq qalır. Buna baxmayaraq, sözügedən məsələ daim diqqət mərkəzindədir, bank sistemində və əmanət bazarında baş verən istənilən dəyişkənlik təhlil və müzakirə olunur. Gələcəkdə maliyyə bazarındakı baş verə biləcək dəyişikliklər nəzərə alınmaqla fondun Himayəçilik Şurasında həmin həddin dəyişdirilməsi ilə bağlı məsələyə baxıla bilər.

Kompensasiya məbləğinin maksimum həddinə gəlincə, onun müəyyən edilməsində Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyası (IADI) tərəfindən qəbul edilmiş Əsas Prinsiplərə istinad edilir. Dünya təcrübəsinə uyğun olaraq maksimum kompensasiya məbləği əmanətçilərin minimum 80%-ni, əmanətlərin isə məbləğ olaraq minimum 20%-ni tam təmin etməlidir. Hazırda ölkəmizdə kompensasiya məbləği üzrə qüvvədə olan maksimum hədd əmanətçilərin 99,8%-ni, fiziki şəxslərin ümumi əmanətlərinin isə məbləğ olaraq 41,2%-ni tam əhatə edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir